Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (17-06-2015, 15:50)
“Azərbaycan” qəzeti ABŞ-ı və Avropanı yenə sərt tənqid etdi

 

Rəsmi dövlət qəzeti “Azərbaycan” bugünkü – 17 iyun 2015-ci il tarixli sayında “Nulandın dirijor çubuğu ilə idarə olunan Avropa” adlı məqalə dərc edib.
Mediatv.az  həmin məqaləni təqdim edir:

"Nulandın dirijor çubuğu ilə idarə olunan Avropa

Avropada “mütilik stereotipləri”nin dağıdılması
Son il yarım ərzində bəlli xarici dairələr tərəfindən sistemli şəkildə həyata keçirilən antiazərbaycan kampaniyası iflasa uğradı. İyunun 12-də Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə baş tutdu. Azərbaycan Oyunların keçirilməsi üçün öz üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirdi: qısa müddətdə ölkənin idman infrastrukturu qitə miqyaslı proqramın tələblərinə uyğun təkmilləşdirildi, 21 idman obyekti tikildi və ya yenidən quruldu. Təhlükəsizlik, nəqliyyat, qonaqların yerləşdirilməsi, idmançıların təlim-məşq ehtiyaclarının ödənilməsi, jurnalistlər üçün Media Kəndinin yaradılması və s. məsələlərin həlli ağır zəhmət və səriştə tələb etsə də, peşəkar komandanın formalaşdırılması ilə I Avropa Oyunlarının texniki baxımdan hazırlanması Azərbaycan üçün problemə çevrilmədi. Əsl qələbə isə I Avropa Oyunları üzərindən Azərbaycana qarşı aparılan “geosiyasi oyunlar”ın ifşası və iflası oldu. Yəqin, elə buna görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Olimpiya məşəlinin alovlandırılması mərasimində bildirdi ki, “belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda da təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Avropa Oyunlarını geosiyasi çəkişmə müstəvisinə keçirməyə, siyasiləşdirməyə çalışan məlum xarici güc mərkəzinin iradəsinin ziddinə olaraq, heç bir ölkənin idman komandası Azərbaycana gəlməkdən imtina etmədi. Heç bir ölkəninMilli Olimpiya Komitəsi siyasi bəyanat vermədi, yarışlara qatılmaqdan yayınmadı, siyasi oyunların iştirakçısına çevrilmədi. Bu isə o deməkdir ki, həmin mərkəzin bütün resurslarının cəlb edildiyi antiazərbaycan kampaniyası dəhşətli çat verdi, bütün planlar alt-üst oldu. Hətta onun Azərbaycandakı “5-ci kolon” üzvlərini - milli xəyanətkar ünsürləri hüquqi məsuliyyətdən yayındırmaq cəhdləri baş tutmadı. 
Bütün vasitələrdən istifadə olunmasına baxmayaraq, nə Azərbaycanı öz iradəsinin əksinə olan siyasi proseslərə qoşmaq, nə də “çərçivədən çıxan” bu ölkəni cəzalandırmaq üçün onu Ukraynanın halına salmaq planları baş tutdu. Halbuki Azərbaycandan ərazi baxımından 8, əhali resursları baxımından isə 6 dəfə böyük olan Ukrayna bir o qədər də əziyyət çəkilmədən qısa müddətdə qarışdırıldı. Artıq bu ölkə il yarımdır vətəndaş qarşıdurmasından göz aça bilmir, onun təkcə ərazi bütövlüyü deyil, milli suverenliyi də ciddi təhdid altındadır. Qeyd edək ki, 2011-ci ilin 25 fevral tarixində Misir inqilabı ilə bağlı eyforiya bütün Yaxın Şərqi bürüsə də, çox qısa müddətdən sonra ölkədə inqilab deyil, kütləvi iğtişaş fonunda dövlət çevrilişinin baş verdiyi aydın oldu. Bu prosesin həyata keçirilməsində “inqilab infrastrukturu” adlandırılan və bilavasitə Vaşinqtondan maliyyələşdirilən qeyri-hökumət təşkilatları və ABŞ-ın müvafiq qurumları ilə əlaqəli olan “Müsəlman qardaşları” əsas rol oynadılar. Şok terapiyasından ayılan Misirin təhlükəsizlik qüvvələri ABŞ vətəndaşlarının iştirakı ilə fəaliyyət göstərən QHT-lərin ofislərində axtarış apardıqdan sonra 21 nəfər Amerika vətəndaşını həbs etməli oldular. Bu ofislərdən hərbi əməliyyatlara xas formada inqilabın hazırlanması planları, əmək və vəzifə bölgüsü və hətta Misirin gələcəyinə dair maraqlı sənədlər çıxdı. Bunların sırasında Sudan kimi, Misirin də bir neçə hissəyə bölünməsi, ölkənin cənubunda Nubiya, şərqində Kopt xristian dövlətlərinin yaradılmasını əks etdirən xəritələr aşkar olundu. ABŞ-ın təzyiqi ilə bu QHT nümayəndələri və onların yerli əlaltıları azad edilsələr də, Vaşinqtonun Yaxın Şərq üzrə növbəti eksperimentinin qurbanı olan Misir hələ də özünə gələ bilmir. 
Xatırlatmaq yerinə düşər ki, həm Ukraynada, həm də Azərbaycanda çevriliş planının həyata keçirilməsinə eyni vaxtda başlanılmışdı. İcra olunan proqram, prosesləri idarə edən mərkəz və ona rəhbərlik edən şəxs də eyni idi - ABŞ Dövlət Departamenti və dövlət katibinin müavini Viktoriya Nuland. 
2014-cü ilin yanvarında xanım Nulandın ABŞ-ın Ukraynadakı səfiri Cefferi Payettlə məlum söhbəti ictimailəşdirildi. Bəlli oldu ki, Ukraynadakı gərgin durumu müzakirə edən Dövlət Departamentinin rəsmisi səfirdən bu ölkədə ABŞ-ın maraqlarının təmsilçisi olan Arseni Yasenyukun yeni hakimiyyət quruculuğu prosesinə cəlb olunmasını tələb edib. ABŞ-ın planlarına əsasən, Yasenyuk yeni hakimiyyətin formalaşmasına rəhbərlik etməli və bütün imkanlar bu iş üçün səfərbər olunmalıydı. Nuland səfirin “Maydan hərəkatı”nın rəhbərlərindən olan boksçu Vitali Kliçkonun kütləyə təsir imkanları və Avropanın maraqları barədə əks arqumentinə məşhur “...EU” ifadəsi ilə reaksiya verməklə ABŞ-ın Avropa məkanı və bu qitənin ayrı-ayrı ölkələri barədə gerçək düşüncələrini nümayiş etdirdi. Aydınlaşdı ki, ABŞ öz maraqlarının təmin edilməsi üçün nəinki rəqib ölkələri, hətta müttəfiqlərini və bütövlükdə Avropanı xarabalığa çevirməkdən çəkinmir. 
Ukraynanın hazırkı durumu bu mülahizənin tam həqiqət olduğunu təsdiq edir. Amma problemin bənzərliyi baxımından Ukrayna ilə paralellik aparılsa da, nəticələr baxımından Azərbaycanda situasiya tamamilə fərqli oldu. Eyni proseslərin Azərbaycanda icrası üçün vaxtilə “Böyük xalq günü”, “Xalq üsyanları” adlı kampaniyaların icrasına başlanılmışdı. 2012-ci ilin mart ayında Qubada, 2013-cü ilin yanvarında İsmayıllıda təşkil olunan hadisələrin alovlanaraq bütün ölkəni əhatə etməsi, hakimiyyət çevrilişi ilə nəticələnməsi istiqamətində ciddi planların reallaşdırılmasına cəhd edilmişdi. 2013-cü ilin yanvar ayında isə “Əsgər ölümlərinə son” kampaniyası başladı. Bu ssenari üzərində daha ciddi işlənildiyini təsdiq edən fakt odur ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevs öz səxavət kisəsindən layihəyə 2 milyon dollar pul ayırmışdı. Azərbaycan dövlətinin çevik tədbirləri bu şəxslərin əməllərinin və əsl niyyətlərinin tez bir zamanda ifşa edilməsinə, Viktoriya Nulandın koordinatoru olduğu layihənin iflasa uğramasına gətirib çıxardı. Bu, əslində, Azərbaycanın Avropada hakim kəsilən “ABŞ-ın qarşısında müti davranış” stereotipinin dağıdılması demək idi.

Vaşinqtondan idarə olunan çevriliş planları və qarayaxma kampaniyası

Xatırlatmaq yerinə düşər ki, Ukraynada proseslərin gərginləşdiyi, hərbi əməliyyatların intensivləşdiyi bir dövrdə Azərbaycanda okeanın o tayından alovlandırılan “inqilabi” meyillərin qarşısının alınması, ABŞ-ın “5-ci kolon”unun tam neytrallaşdırılması 2015-ci il fevralın 18-də Viktoriya Nulandı Azərbaycana gəlməyə məcbur etdi. Prezidentİlham Əliyevlə görüşdən sonra mətbuata açıqlama verən Nuland Azərbaycan Prezidenti ilə ölkədə insan haqlarının vəziyyəti barədə müzakirələr apardığını bildirmişdi. Əslində, xanım Nuland Azərbaycana səfəri ilə konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuşdu və “siyasi məhbus” kimi təqdim edilən bəzi “5-ci kolon” nümayəndələrinin azadlığa buraxılmasına nail olmaq istəyirdi. Bu baş vermədikdə isə, antiazərbaycan kampaniyası yenidən alovlandırıldı, həm ABŞ, həm də Avropa QHT-ləri, mediası Azərbaycana qarşı total hücuma keçdilər.
Hələ Avropa Olimpiya Komitəsi I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar verdikdən dərhal sonra ABŞ hüquq müdafiə təşkilatları ardıcıl şəkildə bəyan etdilər ki, bu, Azərbaycanda “siyasi məhbuslar”ın azad edilməsinə nail olmaq üçün yaxşı fürsətdir. 2015-ci ilin əvvəlindən ABŞ Dövlət Departamentinin sözçüləri Mari Harf, Ceyn Psaki və Cef Ratke ardıcıl şəkildə, hər mətbuat konfransında Azərbaycanı “insan haqlarına hörmət etməyə”, “həbsdə olan jurnalistləri və hüquq müdafiəçilərini azadlığa buraxmağa” çağırdılar. “Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Ceyn Byukkenen Avropa liderlərini öz nümayəndələrini və komandalarını Azərbaycana göndərməməyə səslədi. Elə həmin gün “Amnesty International” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Proqramlar direktoru Con Dausen analoji bəyanat verdi. Bütün bəyanatların başlıca ideyasını “Avropa Oyunları Azərbaycana təzyiq üçün yaxşı fürsətdir” tezisi təşkil edirdi ki, bu fikir də “Sport for Rights” təşkilatının yaradılması ilə bağlı açıqlama verən məlum Rebekka Vinsentin dilindən səsləndirildi. 
Əslində, ABŞ texnoloqları beynəlxalq diqqəti hansısa ölkə üzərinə çəkmək üçün orada keçirilən tədbirlərin siyasiləşdirilməsi metodundan uzun müddətdir yararlanırlar. Bu tendensiya 2008-ci il Pekin yay və 2014-cü il Soçi qış olimpiadaları vaxtı açıq müşahidə olundu. 2014-cü ildə Belarusda keçirilmiş hokkey və Braziliyada təşkil olunmuş futbol üzrə dünya çempionatları zamanı isə bu ölkələr ciddi təzyiqlərə məruz qaldılar. Braziliyada küçələrə axışan etirazçıların əsas arqumentlərindən biri də bu idi ki, Latın Amerikasının ən inkişaf etmiş bu ölkəsi sosial problemlərin “aşıb-daşması” fonunda böyük vəsaitləri beynəlxalq turnirin təşkilinə sərf etməməlidir. 
Bu ideya l Avropa Oyunları ərəfəsində Böyük Britaniya mediası tərəfindən Azərbaycana qarşı da xüsusi canfəşanlıqla qabardıldı. Ancaq bütün bu qarayaxma kampaniyalarına rəhbərlik edən məlum mərkəz və xüsusilə onun rəhbəri xanım Nuland unudurdu ki, Azərbaycan artıq əvvəlki tədbirlərdə baş verən hadisələrdən ciddi nəticə çıxarıb və bütün mümkün ssenarilərə qarşı əsaslı şəkildə hazırlaşıb. 
Bəlkə elə bu səbəbdəndir ki, bir müddət bundan əvvəl ABŞ-ın məlum ssenariləri hələ layihələndirmə mərhələsində ifşa olundu. 2015-ci ilin martında Azərbaycanın aparıcı kütləvi informasiya vasitələri ABŞ Dövlət Departamentinin I Avropa Oyunları ərəfəsində ölkəmizlə bağlı həyata keçirmək istədiyi layihələr haqqında təkzibolunmaz faktları ictimailəşdirdi. Sənədlərdə açıq şəkildə bildirilirdi ki, cari ildə və qarşıdan gələn dövrdə Azərbaycanda I Avropa Oyunları, parlament seçkiləri, “Formula-1” yarışması, İslam Həmrəylik Oyunları və digər mühüm beynəlxalq və yerli tədbirlər keçiriləcəyinə görə dünya ictimaiyyətinin diqqəti bu ölkəyə yönələcək. Fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir. İnsan hüquqları, media azadlığı, korrupsiya və digər bu kimi neqativ tezislər üzərində qurulmuş təbliğat kampaniyası ilə paralel olaraq, idman təşkilatları üçün də “təkliflər paketi” hazırlanmışdı: l Avropa Oyunlarını boykota çağırış. Kampaniyanı icra edəcək subyektlər - hüquq müdafiə təşkilatları və KİV “I Avropa Oyunlarının Avropa üçün əhəmiyyətsizliyindən” başlamış möhtəşəm “idman yarışları insan haqları pozulan ölkədə keçirilə bilməz” tezislərinə qədər ən müxtəlif şüarları gündəmə gətirməklə 
I Avropa Oyunları proqramının pozulmasına nail olmalı, nəticədə Azərbaycan fakt qarşısında qalmaqla ABŞ-ın təzyiqlərinə boyun əyməli idi. Medianın əlinə düşmüş sənədin preambula hissəsində açıq şəkildə bildirilmişdi ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı çatıb”.
ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə edilən kampaniyanın əlaqələndiricisi qismində “National Endowment for Democracy” (NED - Demokratiyaya Dəstək Milli Fondu) təşkilatı seçilmişdi. Əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması ilə məşğuldur və hakimiyyət çevrilişi planının fəal təşkilatçılarından biri kimi çıxış edir. 
“İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci layihənin isə Avropadan həyata keçirilməsi, bu prosesə hüquq müdafiə təşkilatlarının, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatların cəlb olunması nəzərdə tutulurdu. Maraqlıdır ki, Danimarkanın “International Media Support” (IMS) təşkilatı bu kampaniyanın koordinatoru təyin edilsə də, ona ABŞ vətəndaşı Rebekka Vinsent rəhbərlik edir, maliyyə mənbələri qismində isə Amerikanın NED təşkilatı və Soros Fondu çıxış edirdi. Proqramın icrasına onlarla müxtəlif Avropa təşkilatlarının cəlb edilməsinə baxmayaraq, prosesdə təkanverici qüvvənin ABŞ donor təşkilatları olması açıq göstərir ki, bütün sifarişlər bir mərkəzdən gəlir və idarə olunur.

İnsan hüquqları ABŞ-ın monopoliyasında

Faktlar sübut edir ki, ABŞ İkinci Dünya müharibəsindən ötən 70 il ərzində ümumilikdə Avropa məkanını sadə mexanizmlərlə idarə edib: ABŞ-ın bu məkanda maraqları təhlükəyə düşəndə peyk QHT-lərin “prinsipiallıq duyğusu” da baş qaldırır. Onlar milli hökumətləri fakt qarşısında qoymaq, güzəştlərə sövq etmək üçün səfərbər olunurlar. 
Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. Avropada yüzlərlə “milli QHT” var ki, onlar öz fəaliyyətlərini istisna olaraq Vaşinqtonla koordinasiya edir, okeanın o tayından gələn tapşırıqları yerinə yetirirlər. Məkanı Avropa, ürəyi isə Amerika olan bu peyk təşkilatları ayaqda saxlamaq və lazımi anda hərəkətə gətirmək üçün ciddi xərc də tələb olunmur. Daha doğrusu, bu QHT-lərə Vaşinqtonun sərf etdiyi hər bir sent mahiyyət etibarilə milyonlara dönüb ABŞ-ın özünə qayıdır. Diqqət yetirək: Böyük Britaniyanın dünyaya beynəlxalq statuslu təşkilat kimi təqdim etdiyi QHT-lər arasında “Artikl XlX” ilk cərgədə dayanır. Bu təşkilat Böyük Britaniya QHT-si olaraq digər ölkələrdə, o cümlədən Azərbaycanda da layihələr həyata keçirib, vətəndaş cəmiyyəti institutlarına nüfuz edib. Bəs “Artikl XlX”un üzdə olan simaları kimlərdir? Rebekka Vinsent. Amma Rebekka Vinsent ABŞ vətəndaşıdır. O, Azərbaycanda ABŞ səfirliyində çalışıb. Sonradan “Artikl XlX”un nümayəndəsi kimi ən böyük antiazərbaycan kampaniyalardan birinin, 2012-ci ildə fəallıq göstərən Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun koordinatoru olub. 
l Avropa Oyunları ərəfəsində Avropa KİV-ində aparılan kampaniya da bu qəbildəndir. Əgər 01-05 iyunda xarici mediada Azərbaycanda insan hüquqlarının vəziyyəti ümumi qaydada və qərəzli şəkildə şərh edilirdisə, 06-10 iyun arası konkret presedentlərin yaradılması və bu halların məlum dairələrə sərfəli şəkildə işıqlandırılması həyata keçirildi. Məsələn, ATƏT-in Bakı layihə əlaqələndiricisinin öz fəaliyyətini dayandırması, “Platform London” təşkilatının əməkdaşı Emma Hyuzun hava limanında saxlanması, guya “Amnesty International” təşkilatının əməkdaşlarının Azərbaycana buraxılmaması I Avropa Oyunları ərəfəsində reallaşdırılan təxribatların bir hissəsidir. İyunun 10-dan isə xaricdə məskunlaşmış “5-ci kolon”un nümayəndələrinin məqalələri Avropanın aparıcı nəşrlərinin səhifələrini bəzədi. Burada maraq doğuran məqam təkcə doğma dillərində cümləni cümləyə qoşa bilməyən adamların dünyanın ən nüfuzlu nəşrlərinə - “The Guardian”, “The Independent”, “The Teleqraph”, “Deutsche Welle” və digər bu kimi nüfuzlu media orqanlarına gedib çatmaları deyil, bu qədər nəşrin eyni zamanda eyni tezislər əsasında materiallar yaymasıdır. Deməli, bu qədər redaksiyanı lazımi anda bir cərgədə düzmək iqtidarında olan güc mərkəzi var.
l Avropa Oyunlarında bu mərkəz Azərbaycana qarşı qarayaxma kampaniyasını olduqca hiyləgər şəkildə həyata keçirməyə çalışsa da, sonda ifşa olundu. Beləliklə, əsas mərkəz rolunda Böyük Britaniya QHT-si və KİV-i çıxış etməklə Almaniya, Fransa, İsveç, Danimarka və bəzi digər Avropa ölkələrinin hüquq müdafiə təşkilatları və mediası total antiazərbaycan kampaniyasına cəlb olunur. Bu zaman ABŞ-ın 3-4 uğursuz siyasətçisi istisna olmaqla, bu ölkənin mediası və vətəndaş cəmiyyəti institutları müşahidəçi kimi məsələləri kənardan seyr etmiş kimi görünürlər. Yəni ABŞ bu prosesə birbaşa deyil, Avropadakı resursları vasitəsilə rəhbərlik edir. Məhz Nulandın başçılıq etdiyi mərkəzin sifarişinin nəticəsi idi ki, “International Freedom of Expression eXchange” (IFEX) təşkilatı bütün milli bölmələrini sosial şəbəkələrdə Avropa Oyunlarının rəsmi səhifələrinə qarşı hücum təşkil etməyə çağırdı. 
Antiazərbaycan kampaniyasına qoşulmuş vətəndaş cəmiyyəti institutlarının maliyyə mənbələri araşdırılarkən nəticələr ABŞ donorlarına bağlanır. Belə ki, onların da büdcəsi USAID vasitəsilə ABŞ Dövlət Departamentindən asılıdır. Sadəcə, kələfin ucu elə dolaşdırılıb ki, sona çıxmaq hər kəsə nəsib olmasın. Azərbaycan üzərində oynanılan oyunlar isə bu sxemin aydın dərk edilməsinə yardım göstərdi. 
ABŞ-ın Avropanın təkcə QHT sektorundan deyil, bu məkanda yerləşən beynəlxalq təşkilatlardan və hakimiyyət strukturlarından da istifadə etdiyi faktdır. ATƏT-in təsisçiləri sırasında olan və onun büdcəsinin əhəmiyyətli hissəsini ödəyən ABŞ bu təşkilatda öz maraqlarını kifayət qədər keçirə bilir. Təsadüfi deyil ki, ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri təşkilatın rəhbərindən daha güclü şəxs hesab olunur. Xüsusilə qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Media Ofisi tam ABŞ-ın nəzarətindədir və onların rəhbərləri ya Vaşinqtondan təyin olunur, ya da bu təyinat onunla razılaşdırılır. ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Daniyel Boyenin qurumun Azərbaycandakı layihə əlaqələndiricisi olan Aleks Şahtaxtinski ilə davranışı bu mülahizəni təsdiq edən tutarlı faktlardan biridir. Diqqət edin: AŞ PA-nın insan haqları üzrə komissarı Nils Mujneks milliyyətcə latış olsa da, Los-Ancelesdə, latviyalı emiqrant ailəsində doğulub. Bütün şüurlu həyatını Amerikada yaşayıb, orada təhsil alıb. 1992-ci ildən başlayaraq öz tarixi vətəni ilə əlaqə qurub və 1992-1995-ci illərdə Soros Fondunun Latviya bölməsinin direktoru olub. Hazırda bu şəxs Azərbaycana qarşı kəskin çıxışlar etmək üçün bütün imkanlardan yararlanır. Vaxtilə Avropa Şurasında irqçilik və dözümsüzlüyə qarşı komissiyanın sədri olsa da, öz elmi işini bu mövzuya həsr etsə də, Rusiyaya və ruslara qarşı kəskin şovinist mövqe tutur. 
BMT İnsan Hüquqları Ali Komissarlığının düşüncə və ifadə azadlığının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi Devid Kaye də ABŞ vətəndaşıdır. Təsadüfi deyil ki, Devid Kaye Nils Mujneks və ATƏT-in Media Ofisinin rəhbəri Dunya Miyatoviçlə birlikdə l Avropa Oyunları ərəfəsində məqalə ilə çıxış edərək Azərbaycanı tənqid hədəfinə çevirmişlər. 
Beləliklə, aydın görünür ki, müasir dövrdə ABŞ medianı, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumları, aparıcı beynəlxalq təşkilatların üzv ölkələrdə insan hüquqlarının icrası ilə məşğul olan struktur bölmələrini tam nəzarətdə saxlayır. Bu güc Vaşinqtona imkan verir ki, qısa zamanda istənilən dövləti, onun hakimiyyətini hədəfə götürsün. Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kannın, FİFA-nın sabiq prezidenti Yozef Blatterin və digərlərinin başına gətirilən oyunlar isə ABŞ-ın Avropada təkcə insan hüquqları, ifadə azadlığı təsisatlarının deyil, həm də iqtisadi sferanı tənzimləyən strukturlara, hüquq-məhkəmə sisteminə ciddi nüfuz etdiyini göstərir. Ən maraqlısı da budur ki, heç bir Avropa ölkəsi vəziyyətin bu qədər acınacaqlı duruma düşməsinə qarşı mübarizə apara bilmir. 
Görünən odur ki, Avropa Birliyi və ya xanım Nulandın dili ilə desək “...EU” müstəqil güc mərkəzi deyil, daha böyük qüvvənin - ABŞ-ın planlarını reallaşdırmaq üçün bir vasitə, silah, iradəsi öz əlində olmayan kölədir. ABŞ “EU” çərçivəsində hətta ən yaxın müttəfiqlərini belə dinləyir, onların haqqında kompromat toplayır və itaətsizliyə görə ciddi cəzalandırmaq iqtidarındadır. Əks təqdirdə Edvard Snoudenin məlum açıqlamalarından sonra aşağılanmış Avropa liderləri bu biabırçılığa sərt reaksiya verər, hər hansı tədbir görərdilər. Ən azından Almaniya hakimiyyəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Bavariyadakı mərkəzini qapadardı, kansler Angela Merkel isə Bundestaqda utanc gətirən hesabat vermək məcburiyyətində qalmazdı. Belə nəticə çıxır ki, ayrı-ayrı rəsmi şəxsləri dinləyib haqqında kompromat toplamaqla ABŞ kəşfiyyatı sonda onları da öz maraqlarının icraçısına çevirməyi bacarır. 
Məhz bu səbəbdən də Avropa liderləri özlərində qətiyyət tapıb l Avropa Oyunlarının açılışına gəlmədilər. Böyük əminliklə demək olar ki, Oyunlardan əvvəl Nulandın “qvardiyası” azadlığa çıxsaydı, ABŞ Dövlət Departamenti Azərbaycanı təqdir edən bəyanat versəydi və Avropa liderlərinə göz ağartmasaydı, onlar ard-arda Bakı Olimpiya Stadionunun ən rahat kürsülərində bu mühüm Ümumavropa bayramının açılış mərasimini izləyəcəkdilər. Ancaq onların heç birində İlham Əliyev qədər cəsarət və prinsipiallıq yoxdur! Onların heç biri öz xalqlarının gələcəyi naminə Vaşinqtona, Nulandlara dirəniş göstərmək iqtidarında deyil! Avropa zahirən azad görünsə də, dərin köləliyin məngənəsindədir!
O ki qaldı Avropa Oyunlarına qarşı təxribat planının icrasına, bu mafioz işbirliyinə ən yaxşı cavabı Belarus Prezidenti Aleksandr Lukaşenko verdi: “Azərbaycan bu tədbiri təşkil etməklə öz səviyyəsini nümayiş etdirdi və ona hücum edənlərin hamısının burnunu ovdu”.
"Azərbaycan" qəzeti"
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024