Hadisə (22-05-2015, 10:56)
“Qarabağda qızmar və təhlükəli yay gözlənilir” – Britaniyalı ekspert
Azərbaycanın müharibəyə hazırlaşması barədə Yerevanda səslənən bəyanatı şərh edən britaniyalı ekspert Dağlıq Qarabağ uğrunda növbəti münaqişənin düşünülmüş plan yox, təsadüfi insident nəticəsində alovlanma ehtimalının daha yüksək olduğunu deyib.
“Tərəflərin cəbhə xəttində biri-birlərinə təzyiq göstərmək cəhdi, insidentə qarşılıqlı intiqam cavabı, asanlıqla daha təhlükəli vəziyyət yarada bilər. Bu əsas təhlükədir”, – Münaqişə və dovlət quruluculuğu üzrə LİNKS təhlil mərkəzinin direktoru doktor Dennis Sammut bildirib.
Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan bu həftənin əvvəlində, Azərbaycanın Avropa Oyunlarından sonra hərbi əməliyyatlara hazırlaşdığını bəyan edib.
Tert.am saytına müsahibəsində Ermənistan rəsmisi deyib ki, Azərbaycan danışıqlar prosesindəki zəif mövqeyini gücləndirmək məqsədilə təmas xəttində “gərginliyə nail olmağa çalışır”.
Ermənistanda bəzi yerli media tərəfindən “sensasiyalı müsahibə” kimi qiymətləndirilən söhbətində Tonoyan deyib ki, Azərbaycanın Dağlıq Qarabağdakı təmas xəttində “snayperləri hücum komandosu ilə əvəz etməsi və ərazidə kəşfiyyat işini gücləndirməsi” onun hərbi əməliyyatlara hazırlaşmasından xəbər verir.
BBC Azərbaycancaya danışan ekspert Dennis Sammut müharibə təhlükəsini artıran amilləri sadalayaraq sülh prosesinin mövcud olmadığını qeyd edib.
O eyni zamanda ən azı bir tərəfin – Bakının tənzimləmədə irəliləyişin olmamasından məyus qaldığını və son iki ildə təmas xəttində “ciddi insidentlərin” baş verdiyini qeyd edib.
Bu amillərə əsaslanaraq cənab Sammut Dağlıq Qarabağdakı təmas xəttində “qızmar, uzun və təhlükəli yayın” gözlənildiyini güman edib.
Ekspertin sözlərinə görə, ən müasir silahlara malik çoxsyalı qoşunların üz-üzə gəldiyi bir şəraitdə müharibə təhlükəsi həmişə mövcuddur və belə bir halda münaqişə hərbi imkanların məhdud olduğu 90-cı illərdəki qarşıdurmadan tam fərqlənərək ölkələr və bölgə üçün fəlakətə çevrilə bilər.
Dennis Sammut vəziyyətin hazırkı formatda uzun sürəcəyinə inanmadığını düşünür.“Gələcəkdə insidentlərin daha da böyüməsi və ciddiləşməsi təhlükəsi nəinki mövcuddur, hətta çox real və müəyyən mənada mümkündür”.
Azərbaycan Müdafiə Nazirliyindən bu barədə şərh almaq mümkün olmayıb, lakin hərbi eskpert Üzeyir Cəfərov snayperlərin komandoslarla əvəzlənməsi barədə məlumatın müharibəyə hazırlıq kimi dəyərləndirilməsilə razılaşmayıb.
BBC Azərbaycancaya danışan ekspertin sözlərinə görə, kommandoslar xüsusi əməliyyatlar üçün istifadə olunur və bu addımın müharibəyə başlamaq niyyətinə aiddiyatı yoxdur.
Azərbaycan Müdafiə Nazirliyindən bu barədə şərh almaq mümkün olmayıb.