Hadisə (29-04-2015, 12:55)
Gömrükdə narkotik əməliyyatı
Gömrük orqanları narkotacirlərin respublika ərazisinə 2 kiloqram 480 qram narkotik maddə keçirmək cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən”Mediatv.az”-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Ukrayna vətəndaşı Əsədov Niyazi Cavanşir oğlunun idarə etdiyi “Volksvagen Transporter” markalı, AK 1046 AP dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan yüklərə keçirilmiş gömrük baxışı zamanı narkotik vasitə aşkar edilib.
Belə ki, gömrük baxışı zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsindəki 1 ədəd yağ qutusunda olan yağın içərisində gizlədilən ağ rəngli polietilen bağlamaya bükülmüş vəziyyətdə, xalis çəkisi 2 kiloqram 480 qram bitki mənşəli kütlə, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
İstintaqla müəyyən edilib ki, Qarayev Dəyanət adlı şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmək üçün Ukraynada şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub. Bundan sonra istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 2 kiloqram 480 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə edib. Aparılmış əməliyyat tədbirləri zamanı Qarayev Dəyanət Babaxan oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Mineralnıye Vodı aviareysi ilə ölkə ərazisini tərk etmək istəyərkən saxlanılıb.
Beləliklə, Qarayev Dəyanət Babaxan oğlunun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulub, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib