Sosial / Karusel (14-03-2014, 15:33)
MTN-dən əməliyyat- 9 nəfər həbs olundu
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınmış, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs qismində tutulub.
"Qafqazinfo"ya MTN-dən daxil olan məlumatda bildirilir ki, keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 10 kiloqramdan artıq heroin, 11 kiloqram 881 qram tiryək, 1 kiloqram 446 qram həşiş və təxminən 20 qram sintetik narkotik vasitə olan metanfetamin aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Şahüseyn Sərxan oğlu, Qənbərov İlkin Bəyəli oğlu, Haqverdiyev Vasif Abbas oğlu, Dadaşov İlqar Xanhüseyn oğlu, Həsənov Həsən Turab oğlu, Əliyev Elşən İslam oğlu, İbadov Rahid İbad oğlu, Amanov Vüqar Balaş oğlu və Əliyev Ehtiram Dədəkişi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.