Gündəm (1-03-2014, 17:05)
Yeni sədr külli miqdarda yeyinti halları aşkarladı
Metropolitenin yeni sədri metrostansiyaların tikintisi və köhnələrinin təmiri zamanı külli miqdarda yeyinti hallarının olduğu aşkarlayıb
Bakı metrolarındakı ticarət obyektləri yığışdırılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa. info-ya “Bakmetropoliten"dəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, artıq yeni rəhbərlik Bakı metropoliteni ilə bağlı müəyyən planlarını açıqlayıb. Bu yeni planlar içərisində metrodakı ticarət obyektlərinin yığışdırılması və bir çoxunda isə bunun minimuma endirilməsi daxildir. Yeni rəhbərlik metroda fəaliyyət göstərən ticarət obyektlərinin sərnişinlərin hərəkətinə ciddi mane yaratdığını, antisanitariya hallarının olması, kriminal hadisələrin baş verdiyini səbəb olaraq göstərir. Bununla bağlı yaxın vaxtlarda xüsusi qərarın olacağı bildirilir. Bu qərara əsasən metrolarda ticarətin tənzimlənmə qaydaları öz əksini tapacaq və metrolarda çoxsaylı dükanların açılmasına imkan verilməyəcək.
Mənbə onu da bildirib ki, metrolarda ticarət obyektlərinin yığışdırılmasına ilk olaraq “Koroğlu” stansiyasından başlanacaq. Burada da əsas səbəb kimi 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan Birinci Avropa Oyunlarının həmən əraziyə yaxın yerdə keçirilməsi səbəb göstəriləcək. Mənbə əlavə edib ki, əslində yeni rəhbərlik bu addımı keçmiş rəis Tağı Əhmədovun metrodakı ticarət obyektlərini ələ keçirmək məqsədi ilə atacaq.
Əvvəllər həmən obyektlərdən gələn gəlirlər və orada yeni obyektlərin açılması və yaxid mövcudlarının yeniləşdirilməsini ancaq Tağı Əhmədova məxsus şirkətlər həyata keçirirdi.
Əldə etdiyimiz digər məlumata görə isə, Tağı Əhmədovun dönəmində metropolitendə baş vermiş maxinasiyalarla bağlı yaxın günlərdə ciddi araşdırmalara da başlanacaq. Bu yoxlamalar Tağı Əhmədovun rəhbərliyi zamanında motropolitendəki yeyinti hallarının ortaya çıxarılması niyyəti daşıyır. Verilən məlumata görə, yeni metrostansiyaların tikintisi və köhnələrinin təmiri zamanı külli miqdarda yeyinti hallarının olduğu aşkarlanıb. Bu yeyinti faktları ilə bağlı hətta ölkə rəhbərliyinə də məruzə edilib.