Gündəm (3-02-2014, 10:05)
Laçının Təhsil Şöbəsi bazara çevrilib
Əfətli kənd məktəbinin direktor müavininin saxta diplomlu olduğu deyilir, şöbə müdiri Malik Vəliyevin isə direktorlardan aylıq aldığı iddia edilir
Son dövrlər Laçın rayonundan xeyli sayda şikayətlər gəlir. İcra başçısı Akif Səlimovdan tutmuş, yerli təhsil şöbəsinə qədər bütün istiqamətləri əhatə edən bu şikayətlərin kökündə isə qanunsuzluqdan əziyyət çəkmələrin dayandığı müşahidə edilir.
Dünən bu qəbildən olan da bir şikayət məktubu gəlib. JAM.AZ-ın elektron ünvanına daxil olan həmin məktubun müəllifi isə Laçın rayon, Hacıxanlı kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Həsənov Rəşid Nuralı oğludur.
Rəşid Həsənov yazır ki, yeni təhsil naziri Mikayıl Cabbarovun saxta diplomlu müəllimlərlə bağlı araşdırmalara başladığı bir vaxtda, Laçın rayon Təhsil Şöbəsinin müdiri onları irəli çəkməklə məşğuldur. «Laçın Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Əfətli ümumi orta məktəbinin direktor müavini Məhəmmədov Xalid Möhübbət oğlu Azərbaycan Müəllimlər İnstitunun Qazax filialından saxta diplom alıb».
Şikayətçi bildirir ki, Təhsil Nazirliyi onun iddiasını araşdıraraq, tədbir görməlidir.
Qeyd edək ki, AMİ-nin Qazax filialında saxta diploma məsələsi ilə bağlı araşdırma aparıldığı məlumdur. İsa Veyisovun direktor olduğu vaxtda baş vermiş bu olayların fonunda külli miqdarda yeyinti hallarının da mövcudluğu təsdiqlənməkdədir. Hətta bu məsələdə təhsil nazirinin müşaviri İlham Pirməmmədovun da adı hallanırdı.
Bu əsnada daha bir məlumat isə Müşfiq Rüstəmov tərəfindən yayılıb. Onun yazdığına görə, Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev rəhbərlik etdiyi qurumu öz şəxsi şitkəti kimi idarə edir. “Hər tədris ilinin başlanğıcında sinif alverinə başlayır. Aylıq qoyduğu məbləği düzgün verməyən məktəbdən sinifləri kəsərək, özünə yaxın direktorlara küllü miqdarda satır. Məlumdur ki, işə düzəlmək istəyən müəllimlər test imtahanından keçməlidir. Amma Malik Vəliyevin “bığının altlndan” 2000-3000 manatla keçmək mümkündür. Çünki onlar bu imtahanı vermədən də müəllim işləyə bilir. Bundan başqa, müəllimlərin yerdəyişməsində də bu adamın “əvəzi” yoxdur. Belə ki, 1000-1500 manat verən istədiyi məktəbdə dərs deyə bilər. Əksər məktəblər aylıq ödəməklə qapısı bağlı fəaliyyət göstərir”.