Gündəm / Slayd (20-09-2014, 22:34)
“Nazir də dəyişdi, rüşvətə son qoyulmadı”
Sosial müdafiəyə olan ehtiyacları ödənilməyən cəlilabadlılar Mehdi Abbasovun “alternativ işçi heyət”indən şikayətlənirlər
Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ünvanlı sosial yardım və sosial müavinətlər sektoruna baş məsləhətçi vəzifəsində işləmək üçün mütəxəssis axtarır. Bu vəzifənin qulluq funksiyalarına vətəndaşlara müavinətlərin sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin həyata keçirilməsi; vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılmasına nəzarətin həyata keçirilməsi; müavinət, sosial yardım və digər ödəniş işlərinin təyinatına dair hesabat və məlumatların tərtib edilərək sektor müdirinə təqdim olunması; zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların “YERİNDƏ” qarşılıqlı YOXLANILMASINDA iştirak və s. daxildir.
Qeyd etdiyimiz sonuncu funksiya vacib vəzifələrdəndir və Cəlilabad rayon ƏSMM-nin direktoru Mehdi Abbasov bu işi heç 7-ci təsnifat dövlət qulluqçusu olan (vəzifənin tələbi) ali təhsilli hüquqşünaslara da etibar eləmir. Onun yanında saxladığı 5-6 nəfər makleri var ki, qanunu tələb edən vətəndaşların ev təsərrüfatlarına baxış keçirilməsində onun göstərişiylə qeyri-qanuni iştirak edirlər. Razılaşaq ki, bu, korrupsiya naminə tətbiq olunan çox kreativ metoddur.
ƏSMM-nin direktoru Mehdi Abbasovun öz vəzifəsindən sui-istifadə etməsi barədə şikayətlər artmaqdadır. Bildirilir ki, Abbasov ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan rüşvət kimi müvafiq məbləğin 3 aylıq kəmiyyəti qədər pulu qabaqcadan alır. Bu şərtə razı olmayanlar isə süründürməçiliklə üzləşir, get-gələ salınır. Məlumat var ki, komissiyanın bürokratik maneəsi ilə üzləşən vətəndaşlardan birinin sənədləri fevraldan avqust ayınadək saxlanılmışdır.Qanunda 10-20 gün müddətinə vətəndaşın müraciətinə baxılmalı olduğu halda altı aylarla uzadılması onun şəxsi maraqlarından xəbər verır. Direktor söz buraxıb ki, aldığı rüşvətin heç də hamısı ona çatmır, nazirliyə də ötürür. Əgər ciddi araşdırmalar aparılsa, aşkarlanar ki, təsdiqlənmiş ünvanlı sosial yardım təyinatları üzrə 10 faktdan 7-sində Mehdinin maraqları təmin olunur.Bizdə olan məlumata görə M.Abasovun qanunsuz əməllərindən nazir Səlim Müslimova coxlu miqdarda şikayət məktubları yazılir,yəqin ki yaxın vaxtlarda onun bu əməlləri barədə lazimi ölçi götrüləcək.
Mehdi Abbasov tənqidi başqa istiqamətə yönəltmək, ümumi narazılıqlar hədəfinə çevirmək üçün bütün günahları avqustun 26-da işdən çıxarılmış Novruz adlı şəxsin üstünə yıxmağa çalışır, onun qarasına danışır. Belə olan halda haqlı sual meydana çıxır: Niyə M.Abbasovun öz işçisinin qanunsuz əməllərindən xəbəri olmayıb, o, nəyə nəzarət edib? Yox, əgər xəbəri var idisə, indiyədək niyə tədbir görmürdü?
Əlbəttə, M.Abbasov və onun maraqlarına xidmət edən işbazların qanunsuz əməlləri nazir Səlim Müslümovun bu sistemdə həyata keçirdiyi şəffaflıq siyasətinə kölgə salmağa yönəlib və vətəndaşların məyusluğuna səbəb olur. İncik düşən sosial müdafiəyə olan ehtiyacları ödənilməyən vətəndaşlar istər-istəməz bədbin düşüncələrə qapılırlar: “Nazir də dəyişdi, rüşvətxorluğa son qoyulmadı”. P.S Mehdi Abasovun M.Abasovun maraqları çərçivəsində qeyri-qanuni ünvanlı yardım alanların siyahisi, kəndləri qapı-qapı nə üçün gəzməsi və aidiyyatı təşkilatların bu məsələyə rəsmi mövqeyini öyrənib dərc edəcəyik.