Sosial / Slayd (30-06-2014, 21:48)
Səlim Müslümov TSEK rəislərini hədələdi: "Bərbərxanada olarkən..."
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işçilərinə bir daha xəbərdarlıq edib.
"Söz vermişəm ki, bu nazirliyin qapısından beş quruş da içəri rüşvət girməyəcək. İşçilərimə də bu barədə qəti tapşırıq vermişəm. Bildirmişəm ki, kim vətəndaşlardan rüşvət alsa, işdən çıxarılacaq. Bəzən əlilliyin təyin olunması ilə bağlı şikayətlər gəlir. Ötən şənbə günü mən bu zalda Tibbi Sosial Ekspert Komissiyalarının (TSEK) rəhbərləri ilə görüşdə təkrar onlara bu barədə xəbərdarlıq etdim”.
Nazir bildirib ki, bərbərxanada olarkən ona bildiriblər ki, bir nəfər əlilliyin təyin olunması ilə bağlı get-gələ salınır. Düzdür, məmur birbaşa rüşvət istəməsə də dolayı yolla, vətəndaşı get-gələ salmaqla, süründürməçilik yolu ilə rüşvət istəyib.
S.Müslümov TSEK rəhbərlərinə nazirliyə dəvət olmadan gəlməyin də qadağan edildiyini söyləyib:
"Mən zaldan hamını çıxarıb onlarla təkbətək söhbət etdim. Soruşdum ki, bəlkə kimsə bu nazirlikdən sizdən rüşvət istəyir? Cavabları belə oldu ki, əvvəllər istəyirdilər, amma siz bura nazir təyin olunduqdan sonra belə bir hal olmayıb”.