Gündəm (18-02-2014, 12:16)
Bakı Ali Neft Məktəbində “açıq qapı” günü keçirilib
Bakı Ali Neft Məktəbində “açıq qapı” günü keçirilib.
Ali məktəbin tələbələrinin valideynləri ilə görüşən BANM-in rektoru Elmar Qasımov valdiyenlərə ali məktəbin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. E.Qasımov bildirib ki, əldə etdiyi yüksək nailiyyətlərə görə BANM Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013- cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və ali məktəblər arasında mütləq lider olub. ARDNŞ rəhbərliyinin diqqət və qayğısı sayəsində ali məktəbdə tələbələr üçün hər cür şərait yaradıldığını vurğulayan rektor, qeyd edib ki, zəngin maddi-texniki bazaya malik olan Bakı Ali Neft Məktəbi dünyanın bir sıra nüfuzlu təhsil ocaqları ilə sıx əməkdaşlıq etməkdədir.
E.Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin əsas məqsədlərindən biri də tələbələrin nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə yiyələnmələridir. Bu məqsədlə BANM-in tələbələri ARDNŞ-in müxtəlif müəssisələrində təcrübə keçirlər. Təbii ki, bu amil də nəzəri biliklərin təcrübə prosesində daha da möhkəmlənməsinə gətirib çıxarır. Rektor valideynlərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini də vurğulayıb.
Sonra 2013-2014 akademik ilinin ilk semesterinin yekunları barədə məlumat verən Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva bəzi statistik məlumatları diqqətə çatdırmışdır. O bildirmişdir ki, ötən semestr imtahanları Böyük Britaniyanın Heriot-Vatt Universitetindən gəlmiş professor heyəti tərəfindən qiymətləndirilib. Beləliklə “Kimya mühəndisliyi” ixtisası üzrə 56 tələbə “Emal sənayeləri A”, “Mühəndisliyin əsasları A”, “Kimyanın əsasları”, “Mühəndislər və alimlər üçün riyaziyyat 1” fənləri üzrə keçirilən semestr imtahanlarında iştirak etmişdir. S.Musayeva qeyd etmişdir ki, imtahanlar hər iki ali məktəbdə eyni vaxtda keçirilmiş və imtahan nəticələri müsbət olmuşdur. Belə ki, BANM üzrə ümumi orta bal “Emal sənayeləri A” fənni üzrə 62.50, “Mühəndisliyin əsasları A” fənni üzrə 76.75, “Kimyanın əsasları” fənni üzrə 58.16, “Mühəndislər və alimlər üçün riyaziyyat 1” fənni üzrə 82.98 bal təşkil edib.
O bildirmişdir ki, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə də 56 tələbə semestr imtahanlarında iştirak etmişdir. Bu ixtisas üzrə BANM-in ümumi orta balı “Emal sənayeləri A” fənni üzrə 62.59, “Mühəndisliyin əsasları A” fənni üzrə 78.05, “Kimyanın əsasları” fənni üzrə 58.93, “Mühəndislər və alimlər üçün riyaziyyat 1” fənni üzrə 82.18 bal təşkil etmişdir. O qeyd edibki, keçirilən bütün imtahanlarda Bakı Ali Neft Məktəbi Heriot-Vatt Universitetindən daha yüksək nəticə əldə edib.
Görüş çərçivəsində BANM-in rektoru Elmar Qasımov, ali məktəbin rəhbərliyi və valideynlər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.