Gündəm (7-02-2014, 18:07)
“NİDA”çılarla vəhhabilərin həbsi ilə bağlı hesabat
Ötən il qeydə alınmış 206 qəsdən adam öldürmə cinayətinin (2012-ci ildə 198 hadisə) 194-nün açılması təmin olunub. Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə fevralın 7-də Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2013-cü ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.
Kollegiyada hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib ki, prokurorluq orqanları tərəfindən hesabat dövrü ərzində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı aparılan mübarizə nəticəsində respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır cinayətlərin sayı, ilk növbədə, adam oğurluğu, adamları girov götürmə, banditizm, cinayətkar birlik yaratma cinayətləri əhəmiyyətli dərəcədə azalıb.
2013-cü ildə prokurorluq orqanlarında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən məqsədyönülü tədbirlər, bu sahədə müsbət iş göstəricilərinin əldə edilməsi işin təşkilinə cavabdeh olan əməkdaşların məsuliyyətinin artırılması ilə nəticələnib.
Qeyd edilib ki, Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqaladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 14.090 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları və ya qərarlar təsdiq olunan 9.950 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Prokurorluq orqanlarının icraatında olmuş cinayət işləri üzrə ümumi göstəricinin 40,7 faizini təşkil edən 26.0 milyon manatdan artıq miqdarda maddi ziyan ödətdirilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 98,6 faizi və ya 7.2 milyon manatın, Daxili işlər orqanları üzrə 42.3 milyon manatın və ya 73,4 fazinin, Milli Təhlükəsizlik Nazirliyi üzrə isə 85,9 faizinin ödətdirilməsi təmin edilib.
İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi olaraq, hesabat ilində 340 cinayət işi üzrə icraata xitam verilməsi və 881 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib, bu fəaliyyət sahəsi üzrə yol verilmiş qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədi ilə 707 təqdimat verilib.
2013-cü ildə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyətin səmərəliliyinin artırılması üçün zəruri tədbirlər həyat keçirilib, qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərlə əlaqədar Baş Prokurorluğun müvafiq idarələrinin əməkdaşları yerlərə ezam olunmaqla, lazımi istintaq hərəkətlərinin aparılmasına əməli köməklik göstərilib, bu sahədə digər hüquq mühafizə orqanlarının köməyindən istifadə olunub.
Həmin tədbirlərin, habelə Prokurorluğun Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat qurumları ilə həyata keçirdikləri əlaqəli işinin nəticəsidir ki, 2013-cü ildə qeydə alınmış 206 qəsdən adam öldürmə cinayətinin (2012-ci ildə 198 hadisə) 194-nün, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş iki və daha çox şəxsin ölümü ilə nəticələnən qəsdən adam öldürmə cinayətindən 69-nun isti izlərlə, qeydə alınmış 56 qəsdən adam öldürməyə cəhd cinayətindən (2012-ci ildə 53 hadisə) isə 55-nin açılması təmin olunub.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, 2013-cü ildə baş vermiş 12 (2012-ci ildə 8) qəsdən adam öldürmə və 1 (2012-ci ildə 2) qəsdən adam öldürməyə cəhd cinayətləri açılmamış qalıb.
Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən cəmiyyətdə böyük rezonansa səbəb olan bir neçə ağır və xüsusilə ağır cinayətlərə dair işlərin istintaqı aparılıb.
Belə ki, 23-24 yanvar 2013-cü il tarixlərdə İsmayıllı şəhərində baş vermiş kütləvi iğtişaş, özgə əmlakının qəsdən məhv edilib zədələnməsi, hakimiyyət nümayəndəsinə zor tətbiq edilməsi və sair faktlarla, həmçinin 7 mart 2013-cü il tarixdə "Nida" adlı qurumun bir qrup üzvlərinin yaşadıqları ünvanlarda Bakı şəhərində kütləvi iğtişaşlar törətmək məqsədilə kütləvi aksiyada insanların həlak olmasına yönələn partlayışların törədilməsində istifadə üçün əldə olunmuş "Molotov kokteyli" adlanan partlayıcı qurğuların aşkar edilməsi faktları ilə bağlı başlanmış cinayət işləri üzrə ümumilikdə 28 nəfər təqsirləndirilən şəxs barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlər Məhkəmələrinə göndərilib və hazırda həmin cinayət işləri məhkəmə baxışında olmaqla yekunlaşmaq üzrədir.
İdarədə, həmçinin böyük ictimai rezonansa səbəb olan digər cinayət işlərinin, o cümlədən Qusar rayonunda vəhhabilik təriqətinə mənsub bir qrup şəxsin banditizm, polis əməkdaşlarının qəsdən öldürülməsi, Zaqatala rayonunda cinayətkar qruplaşmalar arasında cinayət aləmində üstünlük əldə etmək məqsədilə aralarında baş vermiş münaqişə, Sumqayıt şəhərində çay evində odlu və soyuq silahlar, partlayıcı qurğular tətbiq edilməklə törədilmiş hadisələrlə əlaqədar istintaqı davam etdirilir.
Bildirilib ki, Baş Prokurorluğun rəhbərliyinin daim diqqət mərkəzində olmaqla və ciddi narahatlıq doğuran məsələlərdən biri kimi qaz sızması və partlayışı, habelə dəm qazından zəhərlənmə ilə əlaqədar insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara əhəmiyyətli ziyan dəyməsi ilə nəticələnən hadisələrlə bağlı digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məqsədyönlü tədbirlər həyata keçirilib.
Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı mübarizə məsələləri də daim diqqət mərkəzində saxlanılmaqla, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilib.