Sosial (13-02-2014, 18:29)
Rüşvətə görə həbs olunan direktorla bağlı- Rəsmi məlumat
Onun barəsində həbs qətimkan tədbiri seçilib
Baş Prokurorluq həbs olunan kollec direktoru ilə bağlı məlumat yayıb.
Prokurorluğun mətbuat xidmətindən “Mediatv.az”-a daxil olan xəbərə görə, Ucar rayon sakininin Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynovun qanunsuz hərkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Kollecin direktor əvəzi Sahib Hüseynovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün ona müraciət etmiş 4-cü kurs tələbəsindən 11 fevral 2013-cü il tarixdə 450 manat məbləğində rüşvəti təhsil müəssisəsinin inzibati binasında vasitəçidən istifadə etməklə özü üçün alarkən cinayət başında yaxalanmasında və qeyd edilən əməli törətməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri yazılmış jurnal, 59 ədəd plastik ödəmə kartı və həmin kartlara aid açılmamış vəziyyətdə pin-kod vərəqləri, şəxsiyyət vəsiqələri, “Ədalət və Qanun” qəzetinin redaktoru işləməsi barədə özünə aid vəsiqə və digər sənədlər, eyni zamanda yaşadığı evdən istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb.
S.Hüseynov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda tələbələrin adlarının qarşısında pul mələğləri qeyd olunmuş jurnal, təqaüd kartları və əldə edilmiş digər sənədlər əsasında kollecdə sistemli rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.