İqtisadiyyat / Slayd (6-04-2015, 15:43)
Əmlak Məsələləri Dövlət Komitəsi işini günün tələbləri səviyyəsində qurub
Əmlak Məsələləri Dövlət Komitəsi işini günün tələbləri səviyyəsində qurub
Bu gün ƏMDK dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahələrində dövlət idarəetməsinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması respublika rəhbərliyinin xüsusi əhəmiyyət verdiyi və diqqət mərkəzində saxladığı məsələlərdəndir. Bu sahədə əvvəllər mövcud olmuş nöqsanları aradan qaldırmaq, inkişafı təmin etmək məqsədilə 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
Komitənin tabeliyində olan qurumlar - Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, habelə Komitənin ərazi şöbələri, sonradan təsis edilmiş hüquqi şəxs statuslu Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi bu gün insanların sıx təmasda olduğu və nümunəvi xidmət gördükləri qurumlardır. Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutan ƏMDK öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə olur.
Bu gün ƏMDK dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakını idarə edir və onun barəsində sərəncam verir, dövlət əmlakının səmərəliliyini artırmaq məqsədilə zəruri tədbirlər görür; qanunvericiliyə müvafiq olaraq dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqlarının özəlləşdirilməsini həyata keçirir; dövlət əmlakının və onun barəsində bağlanmış əqdlərin qeydiyyatını aparır, dövlət əmlakının inventarlaşdırılmasını təşkil edir; özəlləşdiriləcək dövlət müəssisələrinin dövlətsizləşdirməyə hazırlanması və sağlamlaşdırılması sahəsində tədbirlər görür; qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilmiş müəssisələrin inkişafına dəstək verir və onların fəaliyyətinin stimullaşdırılması sahəsində müvafiq tədbirlərin həyata kçirilməsini təmin edir, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarəti təmin edir; daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirir və s.
Əlbəttə, Komitənin fəaliyyətinin təqdirəlayiq hesab olunmasında yarandığı gündən bu quruma sədrlik edən cənab Kərəm Həsənovun xidmətləri böyükdür.
Komitənin sədri, 1-ci dərəcəli dövlət müşaviri, çox hörmətli Kərəm Həsənov öz işinin bilicisidir. İxtisasca iqtisadçı olan Kərəm müəllim karyera pillələri ilə ucalması mərtəbə-mərtəbə baş vermiş, heç bir şübhəyə əsas verəcək sıçrayışlar, qəfləti yüksəlişlər olmamışdır. K.Həsənov 1992-2000-ci illərdə Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi işləmişdir. 2000-2001ci illərdə Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru, nazir müavini vəzifələrində çalışmışdır. 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarəolunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsində işləmişdir. 2005-2009-cu illərdə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır. 19 may 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəifəsinə təyin olunmuşdur.
Kərəm müəllimi digər nazir və ona bərabər tutulan yüksək vəzifəli şəxslərdən yaxşı mənada fərqləndirən əsas xüsusiyyəti rəhbərlik etdiyi qurumun fəaliyyətində ictimai hesabatlılığı, şəffaflığı təmin etməsi, şəxsən özünün ictimaiyyətlə təmasa, o cümlədən KİV-lə ünsiyyətə üstünlük verməsidir. Komitə sədri vaxtaşırı olaraq rayonlarda olur, vətəndaşlarla bölgə qəbulları keçirir. Qəbullarda dövlət əmlakının səmərəli istifadə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması istiqamətlərində vətəndaşların müraciətlərinə baxılır. Vətəndaşların komitənin fəaliyyət sahələrinə dair müraciətləri dinlənilir, bu müraciətlərdə qaldırılan məsələlər komitənin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılır. Müraciətlərdə qaldırılan məsələlərin dərhal həlli barədə komitə sədri tərəfindən müvafiq göstərişlər verilir, digər qurumlarla, bələdiyyələrlə, yerli icra hakimiyyəti orqanları ilə bağlı qeydiyyat üçün zəruri olan əlaqəli sənədlərin əldə edilməsinin vacibliyinə dair tövsiyələr verilir.
Komitənin struktur vahidlərində, ərazi şöbələrində işləyən dövlət qulluqçularının xidməti davranışlarının «Dövlət qulluqçularının xidməti davranışlarının «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarətin təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması daim diqqət mərkəzində saxlanılır. Habelə «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası ilə bağlı dövlət qulluqçularının etik davranış məsələləri üzrə ardıcıl tədbirlər həyata keçirilir. Pozuntu hallarına yol vermiş dövlət qulluqçuları barəsində intizam tənbehi tədbirləri görülür və bu barədə məlumatlar Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilir. Maarifləndirmə işlərinin aparılması və nəzarətin təmin edilməsi məqsədilə komitənin aidiyyəti şöbələrinin əməkdaşları respublikanın şəhər və rayonlarına ezam edilir, həmçinin komitədə çalışan dövlət qulluqçuları üçün seminarlar keçirilir.
Əmlak Məsələləri Dövlət Komitəsində Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda mülkiyyət islahatlarının aparılmasında, azad sahibkarlar təbəqəsinin formalaşmasında əvəzedilməz xidmətləri qədirşünaslıqla xatırlanır, ulu öndərimizin bu sahədə müəyyənləşdirdiyi prinsiplərə dönmədən riayət olunur. ƏMDK tərəfindən keçirilən tədbirlərdə də vurğulanmışdır ki, məhz Heydər Əliyevin qəbul etdiyi qərarlarla mülkiyyət münasibətlərinin təşəkkülü strategiyası müəyyən edilmiş və həmin strategiyaya uyğun olaraq bazar islahatlarının ardıcıl və sahmanlı şəkildə aparılması iqtisadi siyasətin əsası kimi qəbul olunub.
İnanmağa dəyər ki, çox hörmətli sədr Kərəm Həsənovun rəhbərliyi altında Əmlak Məsələləri Dövlət Komitəsi bundan sonra da öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. Ümid etməyə dəyər ki, ƏMDK-nə işğaldan azad edəcəyimiz ərazilərimizə də yeni ünvanlar vermək qismət olacaq.
Əfqan QULİYEV