Gündəm (24-04-2014, 10:55)
Ziya Məmmədovun qohumlarının hərəkətlərinə təpki
YAP-dan Məmmədovlara təpki gəldi; “Məmur övladları nizam-intizama, davranış və etik qaydalara əməl etməlidir”; “avtoş”luq edən 10-AZ-458 dövlət nömrə nişanlı avtomobil Elton Məmmədovun şirkətinə məxsusdur
Bir neçə gündür nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun aeroport yolunda sürət yarışına çıxması ilə bağlı yayılan xəbərlər müzakirə olunur. E.Məmmədovun bu xəbərləri “böhtan”, “şantaj” adlandırmasından sonra ittihamlar daha da çoxalmağa başlayıb.
Həmin məlumat və videonu yayan virtualaz.org xəbər saytının rəhbəri Eynulla Fətullayev mediaya açıqlamasında deputata ismarış göndərib və bildirib ki, DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik, 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib.
Ardınca E.Məmmədov isə bildirib ki, oğlu nəinki sürət yarışına çıxıb, hətta yayılan xəbərdə göstərilən 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilə də sahib deyil. Bu avtomobilin sahibi isə Bağırov Zaur Mətləb oğludur.
Bu məsələ bitməmiş daha bir “avtoş” videosu yayıldı. Həmin kadrlarda görünən maşının sahibinin də Elton Məmmədovun kiçik oğlu olduğu iddia edildi. Oxuculardan birinin musavat.com-a göndərdiyi videoçarxda avtomobillərin çox sürətlə hərəkət etdiyi görünür. Hətta bəzi vaxtlarda sürət saatda 300 kilometrə qədər çatır.
Videonu göndərən oxucu iddia edir ki, kadrlarda görünən dövlət nömrə nişanı (10-AZ-458) aydın şəkildə görünən avtomobil Z.Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Elnura məxsusdur.
Bu gün bu iddialar haqda bir daha açıqlama verən Elton Məmmədov deyib: “Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Bu, mənə və övladlarıma qarşı təşkil edilmiş məqsədyönlü kampaniyadır”.
E.Məmmədovun belə qəti təkziblərinə baxmayaraq, araşdırmalar nəticəsində ortaya atılan iddialar demək olar ki, öz təsdiqini tapır. Belə ki, yayılan videokadrlarda “avtoşluq” etdiyi görünən avtomobillərin Məmmədovlar ailəsinə, onların yaxınlarına məxsus olduğu sübut olunur. Azpolitika.info-nun araşdırmaları da ortaya müəyyən yeni sübutlar çıxarıb. Sayt yazır: “Virtualaz.orq-un yaydığı birinci videoda görünən “10 LZ 100" dövlət nömrə nişanlı avtomobil həqiqətən də Bağırov Zaur Mətləb oğlunun adınadır. Lakin bəllidir ki, bu şəxsin Məmmədovlarla bağlılığı elə başqa bir videokadrla sübut olunub - Anar Məmmədovun toy karvanında bu maşın açıq-aydın görünür.
Bizim araşdırmalarımıza görə, Eynulla Fətullayevin barəsində danışdığı 10-LR-100 dövlət nömrə nişanlı avtomobil isə DYP-nin kartotekasında həqiqətən də Məmmədov Aynar Elton oğlunun adınadır. Ancaq ədalət naminə qeyd etmək lazımdır ki, Aynar Məmmədovun adına olan bu avtomobillə “avtoşluq” edildiyini sübut edən videokadrlar mövcud deyil. Lakin Azpolitika.info-nun araşdırmaları zamanı Məmmədovların “avtoşluq” videolarına aidiyyətini sübut edən daha mötəbər faktlar tapılıb. Bu faktlar dünən yayılan ikinci videoda görünən avtomobillə bağlıdır. Söhbət 10-AZ-458 dövlət nömrə nişanlı avtomobildən gedir. Əməkdaşımız dəqiqləşdirib ki, DYP-nin məlumat bazasında ”Porşe" markalı bu avtomobilin sahibi kimi “Bakı XXI əsr” MMC göstərilir. Üstəlik, hazırda bu avtomobil axtarışdadır. İnternetdəki məlumat bazalarında isə “Bakı XXI əsr” MMC-nin sahibi kimi bir başqasının yox, elə Elton Məmmədovun adı keçir. Fikrimizcə, bu fakt “avtoşluq” videokadrlarına Məmmədov qardaşlarının aidiyyətini təsdiqləyən ən mötəbər sübutdur".
Bu arada YAP-dan da Məmmədovlara təpki gəlib. Deputat, YAP icra katibinin müavini Siyavuş Novruzov publika.az-a açıqlamasında deyib ki, kimliyindən asılı olmayaraq, xüsusilə də məmur övladları ilk növbədə qanunun tələblərinə riayət etməlidir: “Çünki vətəndaşların hamısı qanun qarşısında bərabərdir. Burada məmur övladları ikiqat məsuliyyət daşıyır. Ona görə də məmur övladları nizam-intizama, davranış və etik qaydalara əməl etməlidir. Mənim də övladım var, ancaq heç kəs onu tanımır. Düşünürəm ki, belə də olmalıdır”.
S.Novruzov qeyd edib ki, dəbdəbəli həyat tərzinə və bahalı avtomobilə sahib olmaq insan üçün əsas göstərici deyil: “İnsan üçün əsas göstərici onun ağılı, təhsili, vətəninə, dövlətinə olan yaxşı xidməti və sədaqətidir. Cəmiyyətin də hər kəsdən gözlədiyi müsbət göstərici bunlardır. Yoxsa kimsə hər hansı bahalı markalı avtomobil sürməklə və dəbdəbəli həyat tərzi keçirməklə özünü kiməsə göstərə bilirsə, bu, onların özləri kimi 1-2 nəfərin diqqətini cəlb edəcək. Ancaq digərlərinin buna münasibəti isə kəskin pis olacaq. Hakim partiya olaraq biz bütün fəaliyyətimizdə ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi sadə həyat tərzini və cəmiyyətdə hər zaman sadəliyi təbliğ edirik. Bundan sonra da biz bunu təbliğ edəcəyik”.
“Harınlıq edən məmur övladlarını həvəsləndirmək lazımdır ki, daha çox yarışa çıxsınlar, maşınlarını, evlərini daha çox nümayiş etdirsinlər və öz atalarını ifşa etsinlər”. Bunu isə millət vəkili Fazil Mustafa publika.az-a açıqlamasında deyib: “Bir məmur uzun illər eyni vəzifədə qalır, nə qədər harınlıq etsə də işdən çıxmır. Amma son dövrlər bir neçə məmurun cəzalandırılmasına səbəb övladlarının harınlığı oldu. Onları ifşa edən öz övladlarıdır. Məhz övladlarının bu hərəkətləri onların valideynlərinin cəzalanmasına səbəb oldu. Buna görə də bu məmur övladlarına şərait yaradılmalıdır ki, bilmədiyimiz məsələləri də gündəmə gətirsinlər. Nəticədə dövlətin əmlakını talayan məmurlar heç olmasa vəzifələrini itirsinlər ki, cəmiyyətə təsəlli olsun”