Cəmiyyət / Slayd (23-04-2014, 20:31)
“Məmurları ifşa edən öz övladlarıdır” - Fazil Mustafa
“Harınlıq edən məmur övladlarını həvəsləndirmək lazımdır ki, daha çox yarışa çıxsınlar, maşınlarının, evlərini daha çox nümayiş etdirsinlər və öz atalarını ifşa etsinlər”.
“Mediatv.az” xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa Publika.Az-a açıqlamasında son günlər bir sıra məmur və deputat övladlarının Bakı küçələrində göstərdikləri “maşın şousu”na münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanda məmurların rotasiyası baş vermir:
“Bir məmur uzun illər eyni vəzifədə qalır, nə qədər harınlıq etsə də işdən çıxmır. Amma son dövrlər bir neçə məmurun cəzalandırılmasına səbəb övladlarının harınlığı oldu. Onları ifşa edən öz övladlarıdır. Məhz övladlarının bu hərəkətləri onların valideynlərinin cəzalanmasına səbəb oldu. Buna görə də, bu məmur övladlarına şərait yaradılmalıdır ki, bilmədiyimiz məsələləri də gündəmə gətirsinlər. Nəticədə dövlətin əmlakını talayan məmurlar heç olmasa vəzifələrini itirsinlər ki, cəmiyyətə təsəlli olsun”.