Gündəm / Slayd (20-11-2015, 10:32)
Əməli qaranlıq olan, ağ xalatlı general haqqında...
Eldar Mahmudov hərbdən uzaq stomatoloqu hansı məqsədlə və necə general rütbəsinə yüksəldib?
General-mayor Məzahir Yaqubov MTN-nin tibb müəssisələrini şəxsi maraqlarının girovuna çevirib
Xeberinfo.com-un elektron poçtuna Milli Təhlükəsizlik Nazirliyi (MTN) Hərbi-tibb Baş İdarəsinin rəisi general-mayor Məzahir Yaqubovun fəaliyyəti ilə bağlı məktub daxil olub. Bu məktub yaxın günlərdə xeberinfo.com-da general-mayor Məzahir Yaqubovla bağlı dərc olunmuş yazıdan doğub. Anonimliyinin qorunmasını xahiş edən oxucumuz cənab Yaqubovla bağlı yazımızın həqiqət olmasını qeyd etməklə yanaşı, həm də az olduğunu bildirir. Bəlli oxucu auditoriyası üçün maraqlı olacağını nəzərə alıb, məktubu müəyyən ixtisarla dərc edirik:
"Öncədən bu məktubun anonimliyinə görə üzr istəyirəm. Ümüdvaram ki, bu addımım düzgün qiymətləndiriləcək. Mənim yeganə məqsədim – müvafiq strukturların diqqətini keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova yaxın olan bəzi şəxslər tərəfindən hal-hazırda da törədilən, Azərbaycan xalqına və dövlətinə qarşı bir sıra cinayətlərə yönəldim. Çalışacam ki, faktları olduqca qısa və konkret yazım. Qeyd edəcəyim faktları isə məsələ ilə bağlı yaradılmış komissiya üçün araşdırmaq, zənnimcə, çox da çətin olmaz.
Beləki, söhbət MTN-in Baş Hərbi-Tibb İdarəsi və İdarənin rəhbəri Məzahir Yaqubovdan gedəcək (2013-cü ildə cənab Mahmudovun təqdimatı ilə M.Yaqubova yüksək hərbi rütbə - MTN-in Tibb Xidmətinin general-mayoru rütbəsi verilmişdir və hazırda da bu şəxs öz vəzifəsində qalmaqdadır).
Eldar Mahmudovun növbəti “generalı” onun nazir vəzifəsinə təyin olunduqdan dərhal sonra peyda olundu. Bu sistemdə, ümumiyyətlə hərbi sistemdə tamamilə kənar Yaqubov dərhal yüksək zabit rütbəsi aldı və İdarənin rəhbəri təyin olundu. Onu da qeyd etmək lazımdır ki, əvvəlki nazirlərin dövründə MTN Poliklinikası savadlı və təcrübəli, öz işini bilən həkimlərlə tanınırdı. Lakin Yaqubovun gəlişi ilə hər şey tədricən dəyişməyə başladı. Bəziləri sadəcə yeni “generalın” istehzalarına dözməyib, sistemdən çıxdı, bəzilərini isə Yaqubov “öz adamlarını” gətirmək üçün yer boşaltmaq məqsədi ilə özü kənarlaşdırdı. Amma yeni gətirilən kadrları, köhnə kadrlardan fərqli olaraq, heç də savadlı adlandırmaq olmaz idi. Yaqubovun rəhbərlik etdiyi dövrdə bu tibb müəssisəsinin həkimlərinə hansısa İxtisasartırma kurslarında, tibb sahəsində təşkil olunan konfrans, seminar və simpoziumlarda iştirak etmək qadağan olundu. Həkimlər dünyada tibb sahəsində baş verən inkişaf və yeniliklərdən tam təcrid olundu. Beləliklə, İdarə üçün bu uzun illər durğunluq və tənəzzül dövrü olub. Maraqlısı odur ki, Mahmudovun yaxını olan general-mayor Yaqubov Poliklinikaya həkimləri öz sahələri üzrə qəbul etmirdi. Belə ki, nevropatoloq vəzifəsinə həkim-oftalmoloq, Nevroloji şöbənin müdiri vəzifəsinə isə nevroloji sahədən çox uzaq olan pediatr qəbul olunmuşdur (hazırda da işləyir). Yaqubovun bəzi yeni kadrları ümumiyyətlə işə gəlmirdilər. Lakin, buna baxmayaraq, onlar hamısı yüksək zabit rütbələri, əsasən də vaxtından qabaq verilmiş rütbələr, müvafiq yüksək əmək maaşları və böyük məbləğdə mükafatlar alırdılar. Nazirlikdə leytenant rütbəsindən başlayan köhnə kadrlar isə illərlə növbəti rütbə pilləsini gözləyirdi və ala bilmirdi. Cənab Yaqubovun kadrları dövlətin hesabına növbədən kənar yeni mənzillər alırdılar, halbuki bir neçə mənzil sahibi olduqları halda heç evə ehtiyacları da yox idi, bununla yanaşı onillərlə nazirlikdə mənzil növbəsində duran köhnə kadrların bəziləri pis şəraitdə yaşadıqlarına baxmayaraq, dövlətin hesabına ev alacaqlarına ümüdlərini itirib ailələri ilə kirayə ev tutub və ya özlərini iyirmi və daha çox il ərzində böyük məbləğdə borca salıb, ipoteka krediti ilə ev götürüblər. Bəzilərinə isə Yaqubov hətta ipoteka götürmək də icazə vermir. Hippokrat andı nə olduğunu yaxşı bilən və pasiyentlərə öz xidmətlərini pulsuz göstərən bəzi həkimlərə isə Tibb İdarəsinin rəhbəri tərəfindən pullu xidmətə keçmək tələbi irəli sürülür, əks halda cənab Yaqubov onları işdən çıxaracağı ilə hədələyir. Qeyd etmək lazımdır ki, Poliklinikanın remont işləri qurtarmaq bilmir. Cənab “general” MTN Poliklinikasının nəzdində ayrıca stomotoloji klinika da açıb. Tibb müəssisəsindən 12 kabineti ayıran Yaqubov uzun illər ərzində poliklinikanın bu hissəsini dövlət hesabına təmir edirdi, müvafiq sənədlərdə isə təmirə sərf olunan məbləğin göstəricisinə amansızcasına sıfırlar əlavə edirdi. Hazırda MTN-in Poliklinikasının nəzdindəki “Yaqubovun stomotoloji klinikası” heç bir vergi ödəmədən dövlətin hesabına fəaliyyət göstərir. Hətta bu klinika üçün dərman və lazımi materialları da dövlət bücəsi hesabına alınır. Yaqubov Tibbi İdarə üçün çox bahalı avadanlıq əldə edir, bu da dövlət bücəsinə real qiymətindən çox baha başa gəlir. Əldə olunan tibbi avadanlıq elə qablaşmadan açılmamış şəkildə illərlə Poliklinikanın dəhlizində saxlanılır, sonra isə hesabdan silinir və yenidən satılır. Çox maraqlı faktdır ki, MTN-in nəzdində iki tamamilə müstəqil və bir-biri ilə əlaqəsi olmayan Baş Tibbi İdarə fəaliyyət göstərir. İkinci Baş Tibbi İdarə isə MTN-in hospitalıdır.
Ümüd edirəm ki, mənim uşaqlıqdan getdiyim və müalicə aldığım, hazırda yalnız bir sıra təcrübəli və savadlı həkimlərin boş entuziazmı hesabına fəaliyyət göstərən Poliklinika tezliklə bu haqsızlıqdan yaxa qurtaracaq.
Sözsüz ki, bu işin istintaqı ilə məşğul olan müvafiq komissiya üçün yuxarıda sadaladığım faktları araşdırmaq elə də çətin olmayacaq. Azərbaycanın bir vətəndaşı kimi, öz ölkəsini sevən insan kimi inanıram ki, ölkə başçısının rəhbərliyi altında bu strukturda da qanunsuzluq və ədalətsizlik kökündən aradan qaldırılacaq. Doğma Azərbaycanıma uğurlu inkişaf, rüşvətxorluq və qanunsuzluqla mübarizədə uğurlar diləyiəm".