Gündəm (19-09-2015, 22:30)
Bakı körpülərinin böyük təhlükəsi
Paytaxtın bəzi parkinqləri əhalinin və şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün ləğv ediləcək.
Mediatv.az-ın xəbərinə görə, bununla bağlı artıq “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nazirlər Kabinetinə müraciət edib.
Qurumun mətbuat katibliyinin rəisi Anar Nəcəflinin verdiyi xəbərə görə, bir sıra avtomobil tunellərinin üzərində qanuni və ya qanunsuz parkinqlər yaradılıb ki, onlar çox böyük təhlükə mənbəyinə çevrilib.
""Azəryolservis" ASC mətbuat katibi Anar Nəcəfli bildirib ki, bu tunellər tikilərkən belə yükləri götürəcəyi hesablanmayıb. Bunun üçün də bu yerlərdən parkinq kimi istifadə etmək çox təhlükəlidir.
Paytaxda körpüləri müşahidə edərkən də qanuni və qanunsuz parkomatların şahidi olduq. Həmin ərazilərdə eyni anda 100-200 avtomobil dayanır. Düzdür, üzərində onlarla avtomobilin dayandığı bu tunellər yeni olduğu üçün nisbətən dözümlüdür. Lakin tunelin üzərində saxlanılan həmin avtomobillərin ağırlığından getdikcə həmin tunellərin üzərindəki yollar elastikliyini itirir. Bu isə o deməkdir ki, bir müddət sonra tunellər yükün ağırlığına tab gətirməyib çökə bilər. Bu həm yol infrastrukturuna ziyan vurmaqla yanaşı həmin vaxtda yolda olacaq insanları bədbəxt hadisə ilə üz-üzə qoya bilər. Odur ki, həmin hadisələrin qarşısını bu gündən almaq çox vacibdir.
Ümid edirik ki, bununla bağlı “Azəryolservis”in Nazirlər Kabinetinə etdiyi müraciət müsbət cavabını alar və gələcəkdə yarana biləcək təhlükələrin qarşısı alınar (ANS TV).