Gündəm / Slayd (2-07-2015, 11:59)
Səlim Müslümov Hacı İbrahim Nehrəmlini niyə qoruyur?-YENİLƏNİB
“25 min avroluq saat dil açıb, dillənə bilər”
Dövlət Əmək Müffətişliyi Xidmətinin rəisi Fuad Əlizadə nəyi gizləməyə çalışır?
Azərbaycan Beynəlxalq Bankına külli miqdarda (təxminən 600 milyon manat) borcu olduğuna və bu borcların faizini belə ödəməkdən yayındığına görə may ayının 12-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan “Avesta Konserni” MMC-nin prezidenti Hacı İbrahim Nehrəmli həm də işçilərinin hüquqlarını pozur. Bununla bağlı mətbuatda çoxsaylı məlumatlar yayılıb və Hacı İbrahim Nehrəmli də bu faktı etiraf edib. Burada maraqlı olan bir məqam da ondan ibarətdir ki, Hacı İbrahim Nehrəmli tərəfindən hüquqları pozulan işçilər öz hüquqlarını qorumaq üçün nədənsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffətişliyi Xidmətinə müracət etməkdə maraqlı deyillər, bunun əvəzinə başqa dövlət qurumlarına müraciət etməyə üstünlük verirlər. Bu isə səbəbsiz deyilmiş: “Avesta Konserni”MMC-dəki mənbədən aldığımız məlumata görə, bunun səbəbi bu günə kimi Hacı İbrahim Nehrəmli tərəfindən hüquqları pozulan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffətişliyi Xidmətinə müraciət edənlərin heç birininin hüquqlarının müdafiə olunmamasıdır. Buna görə də hüquqları pozulan şəxslərdə belə bir rəy yaranıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffətişliyi Xidməti Hacı İbrahim Nehrəmlinin müdüfiəçisi rolunda çıxış edir.
Bu istiqamətdə “xeberinfo.com”a maraqlı məlumatlar daxil olub. Belə ki, məlumata görə Hacı İbrahim Nehrəmli ilə həm əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, həm də dövlət əmək müffətişliyi xidmətinin rəisi Fuad Əlizadə arasında çox yaxın münasibət və “iş birliyi” mövcuddur. Məlumata görə, Hacı İbrahim Nehrəmli ilə həm əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov arasında münasibətlərin kökü iş adamının qardaşının nazirlə bərabər hökumətin üzvü olmasına gedib çıxır. Yəni nazir Səlim Müslümov onunla bərabər eyni hökumətdə təmsil olunan bir şəxsin qardaşını həmkarına görə müdafiə edir. Dövlət əmək müffətişliyi xidmətinin rəisi Fuad Əlizadə ilə Hacı İbrahim Nehrəmli arasındakı münasibətlərin kökü isə bu iki şəxsin həmyerli-əslən Naxçıvandan olması ilə bağlıdır. Təsdiqlənməmiş məlumata görə, onlar arasında qohumluq münsibətləri də mövcuddur.
Amma, Hacı İbrahim Hehrəmlinin həm nazir Səlim Müslümov, həm də xidmət rəisi Fuad Əlizadə tərəfindən müdafiə olunması yalnız yuxarıda qeyd etdiyimiz amillə bağlı deyilmiş. Belə məlumatlar var ki, Hacı İbrahim Nehrəmli bu şəxslər qarşısında borclu qalmayıb, xidmət rəisi Fuad Əlizadəyə və nazir Səlim Müslümova dəyəri 25 min avro olan saat bağışlayıb. Məlumata görə, iş adamı həm də Xidmətin əməkdaşlarından birinə hər ay 300 manat “paket” verib ki, bu müffətiş də əsasən Hacı İbrahim Nehrəmlidən olunan şikayətləri araşdırmağa məsul olub. Bütün bu məsələlərə dövlət əmək müffətişliyi xidmətinin rəisi Fuad Əlizadəyə Sorğu ilə müraciət edərək, aydınlıq gətirməsini istədik. Məşhur filmdə deyildiyi kimi: “25 min avroluq saat dil açıb, dillənə bilər”.
Cənab Fuad Əlizadənin Sorğumuza verdiyi 07/1-3-946 saylı, 22 iyun 2015-ci il tarixli cavabında qeyd edilir ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffətişliyi Xidməti tərəfindən sahibkarlıq subyektlərində əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”yə uyğun olaraq müəssisə barədə müvafiq məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Yoxlamaların Vahid Məlumat Reyestrinə daxil edildkdən və bu barədə rəsmi çıxarış alındıqdan sonra həyata keçirilir. Son iki il ərzində “Avesta Konserni”MMC-də Xidmət tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilməmişdir”.
Çox maraqlıdır ki, hörmətli Fuad müəllim sorğumuza cavabında qanunvericiliyin tələblərini xatırladır və son iki il ərzində Xidmət tərəfindən “Avesta Konserni”MMC-də yoxlama aparılmadığını qeyd edir. Ölkənin ən böyük şirkətlərindən biri olan, Xəzər dənizində şəhər salmağa iddialı olan “Avesta Konserni”MMC-də son iki il ərzində Xidmətin nədən yoxlama aparmadığına aydınlıq gətirmir...
Sorğumuza cavabının ikinci hissəində Xidmət rəisi qeyd edir ki, “əmək qaninvericiliyinin pozulması ilə əlaqədar Xidmətə daxil olan bütün müraciətlər ərizəçilərin iştirakı ilə yerində araşdırılır və qanunvericiliyin tələblərinə uyğun cavablandırılır. Bu zaman heç bir müəssisə barədə istisnalığa yol verilmir. Araşdırmalar zamanı Xidmətin əməkdaşları tərəfindən hüquqlarının pozulduğunu iddia edən “Avesta Konserni”MMC əməkdaşı vardırsa, onun müraciətinə nəzarət qaydasında xüsusi komissiya tərəfindən yenidən baxıla bilər”. Və sonda Xidmət rəisi qısa bir cümlə ilə qeyd edir ki, “Sorğuda qeyd edilən digər məsələlər həqiqəti əks etdirmir” və bunun nəzərə alınmasını xahiş edir.
Çox maraqlıdır ki, xidmət rəisi iş adamı ilə həmyerli olması və aralarında hansısa münasibətlərin olmasına aydınlıq gətirməkdən yayınaraq, ümumi sözlərlə Sorğumuzu cavablandırmağa üstünlük verir. Hörmətli Fuad müəllim “Avesta Konserni”MMC-nin əməkdaşları tərəfindən şikayətlər olduğu zaman iş adamının ona və nazirə zəng etməsini də, bu zənglər zamanı nə xahiş etməsini də “unudur”. Halbuki Xidmət əməkdaşları məhz bu zənglərdən sonra apardıqları araşdırmalar zamanı birmənalı olaraq Hacı İbrahim Nehrəmlinin müdafiəçisinə çevrilmək məcburiyyətində qalırlar.
Bu da əlahəzrət faktlar!
Hacı İbrahim Nehrəmlinin prezidenti olduğu “Avesta Konserni” MMC-də işçilərin hüquqlarının pozulması və buna Dövlət Əmək Müffətişliyi Xidmətinin biganə münasibətinə dair bir faktı oxucuların diqqətinə çatdırmaq istərdik. Belə ki, 2012-2014-cü illərdə “Avesta Konserni” MMC-də işləyən Təhminə Rəsulova analıq məzuniyyətində olduğu zaman qanunsuz olaraq Hacı İbrahim Nehrəmli tərəfindən işdən çıxarılıb. Təhminə xanım Dövlət Əmək Müffəttişliyi Xidmətinin onun hüquqlarını bərpa edəcəyinə inanaraq şikayət ərizəsi ilə bu quruma müracət edib. Lakin “Avesta Konserni” MMC-i Dövlət Əmək Müffəttişliyi Xidmətinə saxta məlumat verərək bu xanımın öz ərizəsi ilə işdən çıxdığını iddia edib. Çox maraqlıdır ki, Təhminə xanım ərizə yazmadığını iddia etsə də, Dövlət Əmək Müffəttişliyi Xidməti Hacı İbrahim Nehrəmlinin saxta arayışını əsas götürərək sosial məzuniyyətdə olan bir xanımın işdən qanunsuz azad olunmasını qanuni sayıb.
“Avesta Konserni” MMC-nin işçilərinin qanunsuz işdən azad olunmalarının kütləvi olmasına baxmayaraq onlardan Dövlət Əmək Müffəttişliyi Xidmətinə müraciət edənlərin heç birinin hüquqları təmin edilməyib. Çünki, əksər halda bu işçilərin işə qəbulu rəsmiləşdirilməyib və onlar öz hüquqlarını qorumaq istədikdə “Avesta Konserni” MMC-i şikayətçilərin bu şirkətdə işlədiyini sübut edən heç bir hüquqi sənəd olmadığını iddia edib və çox mraqlıdır ki, hər dəfə də Dövlət Əmək Müffəttişliyi Xidməti şirkətin arayışlarını əsas götürüb. Fuad Əlizadənin rəhbərlik etdiyi Xidmət şikayətçilərlə müvafiq rəsmiləşdirmə aparılmamasını araşdırmaq belə istəməyib. Bu isə Fuad Əlizadə ilə Hacı İbrahim Nehrəmli arasında “centlimen sazişi” deyil, bəs nədir? Bunun nəticəsində milyonlarla manat vergidən və Dövlət Sosial Müdfiə Fondundan yayındırılıb.
Əmək müqaviləsi bağlanmadığı üçün “Avesta Konserni” MMC-in layihələrində çalışmış Anar Əlisafa oğlu Əmirov, Kazım Əzim oğlu Məmmədov, Elnur Xıdır oğlu Abbasov, Müslüm Kamran oğlu Şahmuradov və Elgün İraqif oğlu Nurəhmədov kimi neçə-neçə insanın dövlətə, onun qanunlarına inamını Fuad Əlizadənin rəis olduğu Dövlət Əmək Müffəttişliyi Xidməti sarsıdıb. Redaksiyamıza daxil olan məlumatda bu gün də “Avesta Konserni” MMC-də onlarla insanın əmək müqaviləsi olmadan və müfaviq rəsmiləşdirmələr aparılmadan işləməsindən bəhs olunur. Həmin məlumatları araşdırdıqdan sonra müfaviq orqanlara təqdim edəcəyik. Bütün bu məlumatlardan sonra Dövlət Əmək Müffəttişliyi Xidmətinin və bu qurumun tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmilərinin deməyə sözləri varsa, onları da dinləməyə hazırıq.
Sonda isə onu qeyd etmək istərdik ki, mətbuata müsahibəsində 3500 işçisi olduğunu iddia edən Hacı İbrahim Nehrəmlinin rəhbərlik etdiyi “Avesta Konserni”MMC-də baş verən hüquqpozmalarla bağlı araşdırmamız davam edir. Hacı İbrahim Nehrəmlinin qeyd etdiyi 3500 işçidən neçə faizi ilə əmək müqaviləsi bağlandığını, əmək müqaviləsi bağlanmadan qeyri-rəsmi şəkildə qanunsuz işlədilənlərin hüquqlarının niyə qorunmaması və digər məqamlarla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mövqeyini öyrənməyə cəhd edəcəyik. Ancaq inanrıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffətişliyi Xidmətinin 2 saylı Regional İdarəsinin rəisi və əməkdaşları da həqiqətin üzə çıxmasına yardım edəcək. Axı onlar sadəcə çox zaman xidmət rəisinin və nazirlərinin göstərişlərini yerinə yetirmək məcburiyyətində qalıblar.
Mövzunun davamı olacaq.
“Xeberinfo.com”