Gündəm / Slayd (26-05-2015, 16:46)
ABUTALIBOVDAN SÖKÜLƏN VİLLALARLA BAĞLI ŞOK AÇIQLAMA
Bakı meri etiraf etdi: “Tikinti işləri aparılan zaman mane ola bilməmişik”
Mediatv.az xəbər verir ki, I Avropa Oyunları zamanı paytaxtda velosiped yarışlarının keçiriləcəyi məkanın ətrafında, “Dostluq” parkı ərazisində tikilən qanunsuz villaların prezident İlham Əliyevin göstərişindən sonra söküntüsünə start verilsə də, onların sahiblərinin kimliyi barədə məlumat verilmir. Modern.az saytı aidiyyəti qurumlara məsələyə aydınlıq gətirilməsi üçün müraciət edib.
Səbail rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov bildirib ki, villaların söküntüsü barədə məlumatlı olsalar da, məsələ sırf Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir:
“Səbail ərazisində yerləşən villaların sökülməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb. Biz İcra Hakimiyyəti olaraq öz araşdırmamızı aparmışıq. Ancaq bütün məsələlərlə əlaqədar rəhbər quruma müraciət edə bilərsiniz”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məsələ ilə bağlı Modern.az-a açıqlama verib:
“Prezidentin göstərişi ilə villaların söküntüsünə qərar verilib, indi də proses davam edir. Sənədlərdə villaların sahibi olaraq ayrı-ayrı adamların adları qeyd olunub. Amma bu günə qədər nə sənəd sahibləri, nə də onların arxasında duran şəxslər üzə çıxır. Ona görə də biz söküb yerə qoyuruq ki, hamısına dərs olsun. Sənədlərdə adı olan şəxsləri çağırtdırmışıq, amma onlar gəlmək istəmirlər, bildirirlər ki, “nə edirsiz edin””.
Mer bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini də açıqlayıb:
“Biz müraciət etmişik, araşdırmalar aparılır, lazımi ölçü götürüləcək”.
Bakı şəhərinin icra başçısı onu da bildirib ki, villalar bir neçə şəxsin adına sənədləşib, onlar azərbaycanlıdır, adlar içərisində yüksək çinli məmurlar yoxdur:
“Heç olmasa, bir neçəsinin adını çəkin” deyə təkid edəndə mer bildirib ki, onlar elə adamlardır ki, özləri üzə çıxmaq istəmir: “İkincisi də Bakı Şəhər İcra Hakimiyyəti həmin ərazinin layihəsini təsdiq etməyib, nə razılaşdırma olub, nə də sərəncam var. Müəmmalısı da odur ki, adi adamların bu qədər vəsaiti ola bilməz. Deməli, onların arxasında müəyyən güclər dayanıb”.
Hacıbala Abutalıbov “Tikinti işləri aparılan zaman hansı səbəbdən onlara mane olmayıblar” sualına cavabda etiraf edib ki, həmin şəxslərə mane ola bilməyiblər:
“Çünki onların arxasında elə-belə adamlar durmayıb. Sözsüz ki, məsələ dəqiq surətdə araşdırılacaq və onlar layiqli cəzalarını alacaqlar. Biz sökürük, qabağa çıxıb “dayanın!” demirlərsə, deməli, həddindən artıq imkanlı olan şəxslərdir”.