Gündəm (14-03-2014, 10:59)
“Ümid var”ın layihə rəhbəri- “Bizim də ana-bacımız var”
"Həmin press-reliz "Azad Azərbaycan Telekanalında" yayımlanan "Ümid var" verilişi ilə bağlı kanalın Bədii Şurasının qərarıdır. Yəni "Ümid Var" verilişinin bağlanması ilə bağlı yayılan informasiya həqiqətəuyğundur. Bu kanalın Bədii Şurasının qəbul etdiyi qərar olduğundan, biz də həmin qərara hörmətlə yanaşaraq bu gün "Ümid var" verilişinin son buraxılışı ilə tamaşaçıların görüşünə gələrək onlarla sağollaşacağıq".
Bu sözləri Movqe.az-a ATV kanalında yayımlanan "Ümid var" verilişinin bağlanılması xəbərini şərh edən verilişin layihə rəhbəri Nəmənd Rüstəmov söyləyib. N. Rüstəmov verilişin bağlanılması ilə bağlı xəbəri şərh edərkən bildirib ki, Bədii Şura ümumiyyətlə bu mövzu ətrafında verilişdə müzakirənin aparılmasının doğru saymayıb: "Biz jurnalistik fakta əsaslanırıq. Bizim də ana-bacımız var. Söhbət təkcə həmin video görüntünün efirə verilməsindən yox, bu mövzu ətrafında verilişdə müzakirə aparılmasının doğru olmaması barədə Bədii Şuranın qərarından gedir. Biz kanalın sıravi işçiləriyik. Və kanalın Bədii Şurasının verdiyi qərara uyğun da hərəkət edəcəyik. Bu gün "Ümid var" son buraxılışı ilə efirə çıxacaq".
N. Rüstəmov verilişin aparıcısı Zaur Baxşəliyevin kanaldan kənarlaşdırılması ilə bağlı yayılan söz-söhbətə də aydınlıq gətirib: "Belə bir məlumat yoxdur. Z. Baxşəliyevlə yeni layihələrin olub-olmayacağı barədə indidən bir söz deyə bilmərəm".
Qeyd edək ki,"Azad Azərbaycan” MTRK-nın Bədii Şurasının qərarı ilə ATV telekanalının "Ümid var” verilişi 15 mart 2014-cü il tarixdən etibarən öz fəaliyyətini dayandıracaq. ATV-dən APA-ya verilən məlumatda bildirilir ki, bu barədə telekanlın Bədii Şurasının 13 mart 2014-cü il tarixdə keçirilən növbəti iclasında qərar qəbul edilib. Məlumatda o da bildirilir ki, 17 sentyabr 2012-ci il tarixdən ATV telekanalının efirində fəaliyyət göstərən "Ümid var” verilişi qısa müddət ərzində tamaşaçıların rəğbətini qazanıb, müasir televiziya tariximizdə yadda qalan uğurlara imza atıb. "Bu müddət ərzində layihənin reytinq göstəriciləri hər zaman ön sırada olub. Layihənin yaradıcı heyətinə ölkədə aparılan uğurlu sosial siyasətin, bu istiqamətdə qanunvericilik fəaliyyətində əldə edilən nailiyyətlərin təbliğ edilməsi, sürətlə dəyişən dünyanın tərkib hissəsi olan cəməyyətimizdə baş verən gerçəklərin müzakirə olunaraq özünütənqid prinsipləri əsasında maarifləndirilməsi tapşırılıb. Yaradıcı heyət bu işin öhdəsindən bacarıqla gəlib, daxil olan müvafiq sənəd və məktublara istinadən fəaliyyət istiqamətlərini qurub və iki saatlıq canlı efir müddətində bu məsələlərin ixtisaslaşmış ekspertlər, ziyalılar, nüfuzlu ictimaiyyət nümayəndələri ilə müzakirələrini təşkil edərək müraciət edən şəxslərin problemlərinin hüquq müstəvisində həllinə dövlət və hökumət strukturları ilə birgə fəaliyyət göstərərək dəstək verib. Lakin bu da bir həqiqətdir ki, digər telekanallarda da efirə gedən bu tip layihələrin efir fəaliyyətində baş qaldıran "reytinq rəqabəti” tendensiyası "Ümid var”da da mövzuların düzgün seçilməməsi, milli mənəvi dəyərlərin qorunmasında nöqsanların ortaya çıxması, fərdlərin hüquq və azadlıqlarının qanunvericilik çərçivəsində tənzimlənməsi işində qüsurların üzə çıxmasına səbəb olub.
Bunları nəzərə alaraq "Azad Azərbaycan” MTRK-nın Bədii Şurası 15 mart 2014-cü il tarixdən etibarən ATV telekanalında efirə gedən "Ümid var” layihəsinin dayandırılması barədə qərar çıxarıb”, - deyə məlumatda bildirilir.