Gündəm (17-02-2014, 12:39)
Fəaliyyəti dayanan telekanala sərt ittihamlar
Milli Televiziya və Radio Şurası Zaqatalanın «Aygün TV» kanalının MTRŞ-ya qarşı səsləndirdiyi iddialara cavab verib.
"Mediatv.az" xəbər verir ki, bu barədə Movqe.az-a danışan MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, bağlanana kanal televiziya kimi fəaliyyət göstərmirdi: "Aygün TV-nin fəaliyyətində dönüş yaratması ilə bağlı biz kanal rəhbərliyinə bir neçə dəfə xəbərdarlıq etmişdik. Amma heç bir dəyişiklik olmadı. Bu telekanal kanaldan daha çox kinokluba oxşayırdı. MTRŞ hətta bu kanala dəfələrlə güzəştə də gedib. Maddi durumları ağır olduğundan kanala cərimələr tətbiq etməyib. İş orasındadır ki, kanalın rəhbəri kanalın lisenziya müddətinin bitməsində də xəbəri yox idi. Bu barədə biz ona zəng edib xəbər verimişik. Qaydaya görə, telekanal lisenziya üçün təkrar müraciəti MTRŞ-ya 6 ay qalmış təqdim etməlidir. Biz ona zəng edib xəbər vermişik ki, kanalın lisensiya müddətini uzatmaq istəmirsən? Niyə sənəd verməmisən? Deyib ki, lisenziya müddətinin başa çatmasından xəbəri yoxdur. Müraciəti isə lisenziya müddətinin başa çatmasına bir gün qalmış təqdim edib" .
T. Məmmədov kanal rəhbərinin telekanalı satmaqla bağlı səsləndirdiyi fikrin isə səhf başa düşüldüyünü söyləyib. Bildirib ki, kanal rəhbərinə kimsə yəqin ki, belə bir müraciət edib. O da lisensiya uzadılmadıqda kanalı həmin adama satmadığına görə təəssüflənib.
Qeyd edək ki, MTRŞ "Aygün TV"-nin lisensiya müddətini uzatmayıb.Şura "Aygün TV"nin fəaliyyətini araşdırdıqda «çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edib".
"Aygün TV"nin direktoru Nəzirxan Nuriyev Azadlıq Radiosuna bildirib ki, o, bu xəbəri çoxdan gözləyirmiş: «Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım. Nəticəsi də belə oldu. İndi rayona qayıdıram. Bundan sonra nə etmək lazım olduğu barədə düşünəcəyəm».
Xatırladaq ki, «Aygün TV»yə verilən xüsusi razılığın müddəti ötən il dekabrın 11-də bitib.