Sosial / Karusel (14-03-2014, 10:27)
Zaurun verilişi bağlandı- ATV-dən qərar
“Azad Azərbaycan” MTRK-nın Bədii Şurasının qərarı ilə ATV telekanalının “Ümid var” verilişi 15 mart 2014-cü il tarixdən etibarən öz fəaliyyətini dayandıracaq.
"Mediatv.az" xəbər verir ki, ATV-dən APA-ya verilən məlumatda bildirilir ki, bu barədə telekanlın Bədii Şurasının 13 mart 2014-cü il tarixdə keçirilən növbəti iclasında qərar qəbul edilib.
Məlumatda o da bildirilir ki, 17 sentyabr 2012-ci il tarixdən ATV telekanalının efirində fəaliyyət göstərən “Ümid var” verilişi qısa müddət ərzində tamaşaçıların rəğbətini qazanıb, müasir televiziya tariximizdə yadda qalan uğurlara imza atıb.
“Bu müddət ərzində layihənin reytinq göstəriciləri hər zaman ön sırada olub. Layihənin yaradıcı heyətinə ölkədə aparılan uğurlu sosial siyasətin, bu istiqamətdə qanunvericilik fəaliyyətində əldə edilən nailiyyətlərin təbliğ edilməsi, sürətlə dəyişən dünyanın tərkib hissəsi olan cəməyyətimizdə baş verən gerçəklərin müzakirə olunaraq özünütənqid prinsipləri əsasında maarifləndirilməsi tapşırılıb. Yaradıcı heyət bu işin öhdəsindən bacarıqla gəlib, daxil olan müvafiq sənəd və məktublara istinadən fəaliyyət istiqamətlərini qurub və iki saatlıq canlı efir müddətində bu məsələlərin ixtisaslaşmış ekspertlər, ziyalılar, nüfuzlu ictimaiyyət nümayəndələri ilə müzakirələrini təşkil edərək müraciət edən şəxslərin problemlərinin hüquq müstəvisində həllinə dövlət və hökumət strukturları ilə birgə fəaliyyət göstərərək dəstək verib.
Lakin bu da bir həqiqətdir ki, digər telekanallarda da efirə gedən bu tip layihələrin efir fəaliyyətində baş qaldıran “reytinq rəqabəti” tendensiyası “Ümid var”da da mövzuların düzgün seçilməməsi, milli mənəvi dəyərlərin qorunmasında nöqsanların ortaya çıxması, fərdlərin hüquq və azadlıqlarının qanunvericilik çərçivəsində tənzimlənməsi işində qüsurların üzə çıxmasına səbəb olub.
Bunları nəzərə alaraq “Azad Azərbaycan” MTRK-nın Bədii Şurası 15 mart 2014-cü il tarixdən etibarən ATV telekanalında efirə gedən “Ümid var” layihəsinin dayandırılması barədə qərar çıxarıb”, - deyə məlumatda bildirilir.