Gündəm (28-03-2015, 14:38)
ABŞ Ukraynanı ruslardan müdafiə edir...
...Azərbaycanı isə ermənilərin ayağına verir
ABŞ dediyini etdi - Ukraynaya ilk hərbi silah-sursatı göndərdi. Ola bilsin, birinci silah partiyası təqdim edilən səviyyədə, jurnalistlərin təsəvvüründəki qədər deyil. Amma bu, başlanğıcdır...
Bizim üçün burada diqqət çəkən nədir? O baxış ki, Ukrayna-Rusiya müharibəsinə yönəldi, Dağlıq Qarabağa ta əzəldən tətbiq olunmadı. Mən indi dörd qətnamənin mətnini xatırlamağa çalışıram. Orada nə Ermənistan, nə də Rusiya ilə bağlı işarə var...
Ukrayna ilə bağlı da belə edə bilərdilər. Yazardılar ki, “Ukraynada hakimiyyətlə şərq bölgəsinin əhalisi arasındakı münaqişə”də filan məsələ filan cür olsun. Amma belə etmədilər. Əvvəldən vurğunu düz qoydular...
Amma Azərbaycana gələndə belə məlum olur ki, bizim ərazilərimizi Dağlıq Qarabağın etnik erməni əhalisi işğal edib...
Başqa bir fərq münaqişənin həlli yollarıdır. İndi məlum olur ki, sülhlə həll edilməli münaqişələr var və bir də müharibə yolu ilə çözülməli münaqişələr var.
ABŞ Ukraynaya silah göndərirsə bu, o deməkdir ki, ölkənin şərqindəki münaqişə bütün vasitələrin, o cümlədən də hərbi vasitələrin köməyi ilə həll edilməlidir...
Amma ABŞ Azərbaycana nəinki silah vermir, hətta silah satmır da. Üstəlik, Azərbaycanın silahlanmasından ehtiyat edir. Hələ onu demirik ki, Ukrayna münaqişəsindən fərqli olaraq BMT-dəki səsvermə zamanı Minsk Qrupunun üç həmsədri, o cümlədən də ABŞ Azərbaycanın ərazi bütövlüyünə səs də verməmişdi...
Yox, bunları Ukraynaya qarşı qısqanclıq və yaxud da ölkədə onsuz da baş alıb gedən anti-Qərb ritorikasına bir “töhfə” kimi qəbul etmək lazım deyil...
Ola bilsin, müəyyən inciklik notları var, amma bütövlükdə məqsədimiz nə Ukraynaya, nə də ABŞ-a qarşı acıq hissi oyatmaq deyil. Sadəcə, dünyanın da bir məntiqi olmalıdır...
İnsan bu məntiqi görməyəndə istər-istəməz dilxor olur. Ona görə dilxor olursan ki, faktiki olaraq iki eyni münaqişədir. Amma birində təcavüzkar adı ilə çəkilir, o birisində isə bunu etmirlər...
Birinə döyüşməyi məsləhət görür, hətta silah da verirlər. O birisinə isə nəinki silah verir, heç vuruşmağı da məsləhət görmürlər, üstəlik işğalçı rejimə yardım da edirlər...
Birinin ərazi bütövlüyünü tanıyır, ona dəstək verirlər, o birisinin isə hətta ərazi bütövlüyünü belə müdafiə etmirlər...
Bəli, adi söhbətlərdə deyirlər ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma bunun zərrə qədər belə əhəmiyyəti yoxdur, çünki BMT-dəki səsvermədə həmin ölkə bizim ərazi bütövlüyümüzə dəstək vermədi. Elə ona görə də bu dünyada baş verən proseslərdən baş açmaq olduqca çətindir...
Məsələ heç xristian-müsəlman söhbəti də deyil. Xristian Gürcüstanı da ABŞ-dan istədiyi dəstəyi almır. Balkanlarda ABŞ hətta xristianları deyil, müsəlmanları müdafiə etdi...
Qərəz, nə məsələdirsə, Azərbaycan məsələsində ABŞ axsayır. Amma səbəbi görmək də çətin deyil - Ermənistan ABŞ siyasətçiləri üçün erməni əsilli seçicilər deməkdir. Bütün məsələlər buna bağlanıb. Həm də bu, indinin və ya dünənin söhbəti də deyil, çoxdanın söhbətidir...
Bir dəfə oxumuşduq ki, ABŞ prezidentlərindən biri - cənab Q.Trumen hətta kabinetində “böyük Ermənistan”ın xəritəsini də asıbmış. Səbəb? İndi, bir az bundan əvvəl dediyim məsələdir - erməni seçicisi onlar üçün mühüm amildir...
Həmin prezidentin vaxtında bəlkə də ABŞ-da heç iki-üç azərbaycanlı da yox idi, di gəl, böyük erməni diasporası vardı. Həmin diaspora onda da işləyirdi...
Amma yenə də eyni bir hadisəyə, heç olmasa, başqa yerdə düzgün münasibət bəsləyirlərsə bu, istər-istəməz presedent və ən başlıcası, ümid yaradır. Elə ona görə də, necə deyərlər, Ukraynaya paxıllıq etmirik... Hətta onun da tərəfindəyik ki, çalışıb bu ölkəyə dəstək vermək lazımdır, çünki dərdimiz elə birdir...
O ki qaldı Qərbə və ABŞ-a, biz, ruslar demişkən, “izqoy” rejimlərə çevrilə və işimizi-peşəmizi atıb səhərdən axşamacan Qərbin və ABŞ-ın əleyhinə danışa bilmərik. Onları inandırmağa çalışmalıyıq...
Azərbaycana qarşı Rusiya təhlükəsi ABŞ strateqləri tərəfindən də etiraf olunur. Ona görə də “şimal ayısı”nın hətta başqa, bir qədər uzaq yerdə belə pəncəsinin vurulması bizim maraqlarımıza da cavab verir - çətini onun zəifləməsidir, ABŞ-ı gec-tez razı salmaq da olar... (musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024