Gündəm (31-01-2014, 19:33)
“Ermənilər döyüşə hazır deyil”
Son günlər cəbhədə yaşanan gərginlik səngimək bilmir. Ümumiyyətlə bu proseslərin siyasi baxımdan hansı hadisələrin siyasi axarını sürətləndirə bilər?!
Millət vəkilləri Azərbaycan və Ermənistan arasında yaşanan son hadisələrə öz münasibətlərini bildiriblər.
“Azərbaycanla Ermənistan arasında müharibə olsa biz daha tez qələbə əldə edə bilərik. Nəzərə alsaq ki, bizim bu qədər güclü ordumuz və iqtisadi gücümüz var, təbii ki, müharibə olsa biz qələbə çalarıq. Bu sözləri Simsar.az- açıqlamasında millət vəkili İlyas İsmayılov bildirib.
O, həmçinin əlavə edib ki, “Mən ümumiyyətlə Qarabağ torpaqlarının sülh deyil, müharibə yolu ilə qaytarılmasının tərəfdarıyam. Ermənistanın təxribatçılıq məvqeyi nəticəsində nəsə əldə edəcəyimizə inanmıram. Digər bir qüvvə isə Rusiya amilidir. Hər birimizin müəyyən qədər narahatlığımız var ki, biz müharibə etsək Rusiya əleyhimizə hərəkət edəcək. Amma bu baş verməyəcək. Çünki Rusiya Azərbaycana qarşı heç bir təxribata əl atmayacaq. Bu dəqiqə Rusiyanın başı öz terroristlərinə qarışıb.
Hər kəsə bəllidir ki, müharibəni aparmaq üçün pul lazımdır. Baxın, ermənilər 3-4 milyardlıq büdcəyə malikdirlər. Bu büdcə ilə onlar neçə gün müharibə apara bilərlər?! Rusiyanın Gümrüdəki hərbi bazasına söykənməklə müharibə aparılmır . Şimal qonşumuz bircə həftə hərbi arenadan çəkilsə Azərbaycan sözün həqiqi mənasında Ermənistana gücünü göstərər”.
Millət vəkili Yevda Abramov isə bildirib ki, “Ermənilər istəyirlər ki, Azərbaycan gözdən düşsün və onun nüfuzuna kölgə salınsın. Danışıqlar məqamında əldə olunmuş kiçik uğurlar da beləliklə itirilmiş olsun. Ancaq Azərbaycan heç vaxt buna rəvac verməz. Çünki bizim hesablanmış xarici siyasətimiz sayəsində sülh istiqamətində çox mühüm irəliləyişlər əldə olunub. Bu səbəbdən cəbhədə vəziyyət gərgin olaraq qalır”.