Dünya / Slayd (28-08-2014, 21:30)
Telman İsmayılov Yanukoviçin bazarını alır
Son günlər iflasa uğraması və Moskvadakı məşhur obyektlərini satışa çıxarmağa məcbur olması barədə xəbərlər yayılan qalmaqallı milyarder Telman İsmayılovun səsi indi də od-alovlu Ukraynadan gəlir. Onun Odessadakı məşhur bazarlardan birini almaq fikrində olduğu iddia edilir. Qlavkom.ua saytının yazdığına görə, söhbət eks-prezident V.Yanukoviçin patronajlığı ilə bir qrup biznesmen, məmur və deputat tərəfindən qurulmuş “Semya” cinayətkar qruplaşmasının 2010- cu ildə zorakılıqla ələ keçirdiyi məşhur “7-ci km” bazarından gedir. Hazırda həmin bazarın qeyri-qanuni özgəninkiləşdirilməsi barədə cinayət işi Ukrayna Ali Məhkəməsində araşdırılır və sentyabrın 2-də son qərar veriləcəyi gözlənilir.
“7-ci km”-in tələm-tələsik T.İsmayılova satılmasının da məhkəmənin ədalətli qərar verəcəyi təqdirdə bazarın əsl sahibinə qaytarılmasını əngəlləmək üçün planlaşdırıldığı söylənilir.
Xatırladaq ki, T.İsmayılov hələ 2010-cu ildə Odessadakı “7-ci km” bazarını almağa cəhd etmişdi. Lakin əvəzində yaxınlıqdakı onunla rəqabət aparan Kiyev yolunda yerləşən digər geyim və əşya bazarını ala bilmişdi. Bu ilin yanvarında isə Ukraynada hakimiyyətin dəyişəcəyindən ehtiyat edən milyarderin həmin bazarı satışa çıxarması barədə xəbərlər yayılmışdı.