Dünya (Dünən, 12:09)
“QORXU İQTİSADİYYATINA KEÇİRİK” - “Qarşıda defisit, işsizlik və talon sistemi var”
Dekabrın 20-də Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 21% səviyyəsində saxlamaq barədə qərar verdi. Baxmayaraq ki, əksər analitiklər və tanınmış iqtisadçılar onun illik 23%-ə qədər artacağını gözləyirdilər. Bəzi ekspertlər hətta inflyasiyaya meylli risklərin artması və rublun məzənnəsinin zəifləməsi fonunda daha sərt pul siyasəti yürütmək üçün məzənnənin 25%-ə qədər artırılmasını istisna etmirdilər. Lakin sonda(hələlik) iqtisadi qanunlar, maliyyə sistemi və idarəçiliyinin tələbləri deyil, siyasi situasiyanın tələb etdiyi “məntiq“ qalib gəldi və faiz dərəcəsi artırılmadı.Bu dəfə faiz dərəcəsinin artmayacağını proqnozlaşdıran çox azsaylı tanınmış iqtisadçılardan biri, Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru, hazırda mühacirət həyatı yaşamağa məcbur olan İqor Lipsitsin proqnozu özünü doğrultdu. Lipsits Mərkəzi Bankın iclasından öncə demişdi ki, Vladimir Putin iqtisadi qanunauyğunluğun əleyhinə olaraq, onun yeni il müraciətindən əvvəl əhalinin əhval-ruhiyyəsini “zədələməmək” üçün Mərkəzi Bank sədri Elvira Nabiullinanı faiz dərəcəsini artırmağa qoymayacaq və bunu fevralın14-nə, yəni, Mərkəzi Bankın növbəti qərar vermə tarixinə qədər təxirə salacaq. Belə də oldu…
Rusiya iqtisadiyyatında baş verənləri dünənki efirində şərh edən İqor Lipsitsin fikrincə, Rusiya iqtisadiyyatı hazırda elə bir vəziyyətdədir ki, onun düzəldilməsi üçün nə Mərkəzi Bankın, nə də hökumətin yaxşı həll yolu yoxdur: “Onlar ağlını itirmiş “müharibə öküzü”nə miniblər və bu öküzün onları hara aparacağını bilmirlər. Onlar bir-birilərindən bərk yapışıblar ki, yıxılıb bu öküzün ayaqları altında qalmasınlar. Hansı qərar qəbul olunmasından – faiz dərəcəsinin artırılmasından, yaxud olduğu kiimi saxlanmasından asılı olmayaraq, vəziyyət yaxşı olmayacaq. Ona görə də Nabiullina bir məmur kimi öz maraqlarından çıxış edərək, məsuliyyəti hökumətin üzərinə atır və eyni zamanda da, inflyasiyanın daha da çoxalmasına imkan verir. İkinci gedişdə isə (yəni 2025-ci ilin fevralında) bundan çıxış edərək faiz dərəcəsini artıra və deyə bilər ki, bağışlayın, inflyasiyanı nəzərə alaraq, başqa addım ata bilməzdik. Həmin vaxt faiz dərəcəsini 23-ə, hətta 25-ə də qaldıra bilərlər. Lakin bu da heç nəyi dəyişməyəcək. İnflyasiya yenə də artacaq. Çünki gələn il hərbi xərclər daha da çoxalacaq. Mənim əvvəlki proqnozuma gəlincə, bu, hansısa makroiqtisadi proseslərlə deyil, hakimiyyətdaxili güclərin qarşıdurmasındakı nisbətə əsaslanırdı. Ona görə də hesabladım ki, Nabiullina bu cür çoxgedişli oyuna əl atacaq.
Əslində, yaranmış vəziyyətin rusiyalılar üçün bəlası ondan ibarətdir ki, faiz dərəcəsinin iqtisadi məntiqin əleyhinə olaraq artırılmaması problemlərin həddindən artıq böyüməsindən və iqtisadiyyatın idarəolunmaz vəziyyətə gəlməsindən xəbər verir. Prezidentin nə deməsindən asılı olmayaraq, hökumət və Mərkəzi Bank çaşqınlıq içərisindədir. Onlar faiz dərəcəsini artırmaq, bazar iqtisadiyyatı qanunlarına uyğun hərəkət etmək istəsələr də, bunu edə bilmirlər. Çünki dövlət tamamilə bazar iqtisadiyyatı qanunlarının ziddinə olaraq, müharibəyə, hərbi büdcəyə ağlasığmaz dərəcədə böyük pullar axıdır və bunu daha da artırmaq fikrindədir. Bu da iqtisadiyyatı silkələyir. Ona görə də vəziyyət mürəkkəbdir. Bu o deməkdir ki, Rusiyada bazar iqtisadiyyatının məhv edilməsi mərhələsinə keçid edilir. Mərkəzi Bankın təyin etdiyi faiz dərəcəsi artıq işləmir, çünki bu, sürətlə artan inflyasiyanın qarşısını ala bilmir. Nəticədə iqtisadiyyat bazar iqtisadiyyatı statusundan çıxır və inzibati iqtisadiyyata keçir. Bu o deməkdir ki, Rusiyada bazar iqtisadiyyatı ölür. Necə ki, vaxtilə NEP(1921-1928-ci illərdə SSRİ-də tətbiq oluanan Yeni İqtisadi Siyasət-red.) ölmüşdü. Bunun ardınca isə defisit, işsizlik və kartoçka-talon sistemi gələcək (SSRİ-nin son illərində olduğu kimi-red.). Bu, rusiyalılar üçün dəhşətli proqnozdur. Ancaq inanın ki, bu mənzərə açıq görünür”.
Lipsits qeyd edib ki, Kreml iqtisadi çətinliklərə görə məsuliyyəti Nabiullina da daxil olmaqla, özündən başqa hər kəsin üzərinə ata bilər: “Günahkar tapacaqlar. Nümayişkaranə məhkəmələr qurula bilər. Bunlar topdan və pərakəndə satışla məşğul olan şirkətləri, yaxud məsələn, böyük metallurgiya şirkətlərini günahlandıra bilərlər ki, onlar qiymətləri artırıblar, ona görə də bütün sahələrdə inflyasiya baş verib. Sonra da həmin müəssisələri onların əlindən ala bilərlər. Burda proqnoz vermək çətindir. Rusiya inzibati, repressiv, qorxu iqtisadiyyatına doğru gedir. Bu, iqtisadi fəlakətə aparan yoldur. Ona görə də bankirlərdən metallurqlara qədər hər kəsi günahlandırıb həbsə ata bilərlər. Bir sözlə, ölkəni elə vəziyyətə salıblar ki, ondan sadə və effektli çıxış yolu yoxdur”.
Professor qeyd edib ki, Rusiyanın likvid valyuta ehtiyatları tükənir, neft pullarının yığıldığı Milli Rifah Fondunun likvidliyi 5 dəfə azalıb. Neft bazarında isə ABŞ daha ciddi rol oynamağı, qiymətləri endirməyi düşünür.
Lipsits hesab edir ki, Kreml müharibəni qidalandırmaq və büdcəni doldurmaq üçün bütün mənbələri itirəndən sonra əhalinin banklardakı əmanətlərinə əl qoya bilər. İqtisadçı xatırladıb ki, Rusiya banklarında vətəndaşların və şirkətlərin 100 trilyon rubl əmanəti var: “Onları əhalinin əlindən ala bilərlər. 1990-cı ildə bunu SSRİ baş naziri Nikolay Rıjkov edib. Həmin vaxt əhalinin bütün əmanətlərini “Sberbank”dan götürərək, büdcə defisitini bağlamağa yönəltdi və hətta bunları nə vaxt, hansı faizlə qaytaracağını belə demədi. Götürdü, vəssalam! Bu mənada eyni mənzərəni yaşaya bilərik. Bu gün Matvienko iri tikinti şirkətlərinin müflisləşməsinə qadağa qoymağı tələb edir. Onlar isə binaları bank kreditləri ilə tikiblər. Deməli, bank tikinti şirkətlərini müflis elan edə bilmirsə, özünü müflis elan etməlidir. Bank isə bunu edə bilməz. Çünki bu zaman əmanətçilərin pulu məhv olur. Yəni, iqtisadiyyatı elə küncə sıxışdırıblar ki, yaxşı, rahat həll yolları qalmayıb”.
“AzPolitika.info”