"Mediatv.az" xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin bu sözlərini israilli jurnalist Din Şmuel Elmas İsrailin aparıcı ivritdilli “Israel HaYom” qəzetində dərc olunmuş “İsrail Azərbaycanla strateji əməkdaşlığı genişləndirir” sərlövhəli məqaləsində sitat gətirib.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim Türkiyənin “Anadolu” xəbər agentliyinə deyib: “İsrail şirkətləri erməni işğalından azad edilən Dağlıq Qarabağda mürəkkəb bərpa işlərinin aparılmasında, həmçinin İkinci Qarabağ müharibəsi zamanı zərər çəkən ərazilərin bərpasında Azərbaycan hökumətinə real yardımlarını və dəstəklərini təklif ediblər”.

“Israel HaYom” qəzeti qeyd edir ki, işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazır olan ölkələr arasında Türkiyə, İran, Böyük Britaniya, İtaliya, Macarıstan və Yaponiyadan olan şirkətlərə rast gəlmək mümkündür.

Azərbaycanın Türkiyədəki səfiri deyib: “İşğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işləri yerin irsinin tarixiliyi və əslinə tam uyğunluğunun qorunması şərtilə aparılacaq”.

İsrailli jurnalist Din Şmuel Elmasın yazdığı kimi, müharibə Azərbaycana ciddi ziyan vurub. Xəzər İbrahim bəyan edib ki, erməni hücumları və hərbi əməliyyatlar nəticəsində Azərbaycana vurulan maddi zərərin həcmi 50 milyard dollardan çoxdur. O qeyd edib ki, işğaldan azad olunduqdan sonra bizim tarixi torpaqların real mənzərəsi dəhşətli idi.

“Israel HaYom” qəzeti vurğulayır ki, Azərbaycanın hesablamalarına görə, Dağlıq Qarabağda Birinci müharibə başa çatdığı andan 28 ildən çox müddətdə Ermənistan tərəfindən işğal altında olan bütün ərazilərdə ermənilər 700 tarixi və mədəniyyət obyektini, 927 kitabxananı, 808 mədəniyyət mərkəzini, 85 musiqi və rəssamlıq müəssisəsini, minlərlə eksponatın saxlandığı 22 muzeyi, 4 rəsm qalereyasını, 4 teatrı dağıdıblar.

X.İbrahim Ermənistanı həm də hərbi cinayətlər törədilməsində ittiham edib. Azərbaycanın Ankaradakı səfiri deyib: “Bizim ordumuz qarşısında aciz qalan erməni ordusu ümumiyyətlə döyüş əməliyyatları zonasında yerləşməyən şəhərlərimizin dinc sakinlərini tərəddüd etmədən atəşə tutub. Nəticədə bizim 100 dinc sakinimiz həlak olub, 416 nəfər yaralanıb, mülki infrastruktura isə ciddi ziyan dəyib”.

İsrail-Azərbaycan əməkdaşlığı üzrə tanınmış ekspert və “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut deyib: “İsrail-Azərbaycan strateji tərəfdaşlığı iki ölkənin müxtəlif səviyyələrdə sıx əməkdaşlığı və tərəfdaşlığı sayəsində inkişaf edib. İsrail-Azərbaycan münasibətləri strateji və hərbi-texniki xarakter daşıyır, ən yüksək hökumətlərarası və dövlətlərarası səviyyədə etimadla və daimi qarşılıqlı dialoqla dəstəklənir.

Qeyd etmək yerinə düşər ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Avrasiyanın heç bir ölkəsi İsraillə Azərbaycan qədər sıx dostluq əlaqələrinə malik deyil. Bu, danılmaz faktdır”.

Əməkdaşlığın səviyyəsindən danışan Arye Qut qeyd edir ki, İsrail və Azərbaycan arasında bu strateji tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki tərəfdaşlıq sahələrində həyata keçirilir.

Arye Qut vurğulayır: “İsrail Azərbaycan neftinin strateji alıcılarından biridir. Azərbaycanın işğal altında olan əraziləri onun müzəffər ordusu sayəsində azad ediləndən sonra İsrail hökumətinin yüzlərlə azərbaycanlı əsgər və zabitə göstərdiyi tibbi yardımla yanaşı, rəsmi şəxslər və İsrail şirkətləri bu ərazilərə investisiya yatırılmasında çox maraqlıdırlar. Bu, Azərbaycana İsrail Dövləti tərəfindən ən böyük insani dəstəkdir”.

Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun beynəlxalq münasibətlər üzrə eksperti Mikki Aaronson belə izah edir: “İsrail üçün Azərbaycan ilə münasibətləri dəstəkləməyi zəruri edən strateji maraqların prioriteti dəyişməyib”.

“Azərbaycan İranla sərhəddə olan müsəlman ölkəsidir. İsrail uzun illər ərzində Azərbaycanla o cümlədən iqtisadi planda yaxşı münasibətlər saxlayıb”, - deyə israilli jurnalist Din Şmuel Elmas İsrailin aparıcı ivritdilli “Israel HaYom” qəzetində yazır.