Cəmiyyət / Slayd (17-08-2015, 13:15)
Ziya Məmmədovu mətbuatın hədəfinə gətirən kimdir?
Nəqliyyat Nazirliyi və nazir Ziya Məmmədov ölkədə birmənalı qaydada, ən çox yazılan, şikayət olunan, korrupsiya və özbaşınalıqda ittiham olunan qurum və şəxsdir. Bunda təbii ki, nazirliyin və nazirin gördüyü işlərin də təsiri az deyil. “Od olmayan yerdən tüstü çıxmaz” deyiblər. Bu baxımdan, bütün hallarda Nəqliyyat Nazirliyi ilə bağlı yayılan xəbərlərin böyük əksəriyyəti özündə həqiqət payı əks etdirir.
Bəs, nazirlik bütün bu məlumatların mətbuatda yayılmasının qarşısını almaqda niyə acizlik göstərir? Qurum mətbuat və onun nümayəndələri ilə niyə normal münasibətlər qura bilmir? Bunda nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun yarıtmaz fəaliyyətinin, özü keçmiş jurnalist olsa da, mətbuatla işləməyi bacarmamağının günahı varmı?
Namiq Həsənov adını televiziya tamaşaçıları “AZTV” kanalından yaxşı xatırlayırlar. Sonradan taleyin xoş təsadüfü nəticəsində Nəqliyyat Nazirliyi kimi strateji qurumun mətbuat xidmətinə gətirilən keçmiş jurnalistə bu posta gətirilməsində televiziyada qazandığı tanışlıqlar mühüm kömək olmuşdu. Ancaq gəlin, bir baxaq görək, Namiq Həsənov Nəqliyyat Nazirliyinin mətbuat xidməti vəzifəsini yerinə yetirə bilirmi?
Nazirliklə bağlı mətbuatda yazılan yazıların sayına və intensivliyinə nəzər yetirsək, bu suala birmənalı qaydada “yox” deyə bilərik. N.Həsənov keçmiş jurnalist olsa da, jurnalistlərlə qurduğu münasibət də yararsız haldadır, deyə bilərik. Əksər hallarda jurnalistlərin zənglərinə cavab verməyən, telefon nömrələrinə zəng çatmayan Həsənov bunun bədəlini isə nazir Ziya Məmmədova ödətdirir.
Nəticədə nazirin adı hər gün mətbuat səhifələrində baş yerlərdə görünür.
Adi bir müqayisə aparmaqla, N.Həsənovun fəaliyyətini qiymətləndirmək olar. Ölkənin ən güclü nazirliklərindən və nazirlərindən birincisi olan Fövqəladə Hallar naziriliyi və uyğun olaraq, onun rəhbəri Kəmaləddin Heydərov da mətbuatda tənqid olunan adamlardan biridir. Ancaq gəlin görək, Fövqəladə Hallar Nazirliyindən onun rəhbəri Heydərov qədər şikayətlər, yazılar yazılırmı?! Birmənalı qaydada xeyr! Nəqliyyat Nazirliyinin əksinə olaraq, FHN barədə mətbuatda demək olar ki, istisna hallarda şikayət yazılır, problemə diqqət çəkilir. Səbəb?! FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov da keçmiş televiziya işçisidir.
Ancaq o, nazirlikdə işini elə sistemli qurub və elə fəaliyyət göstərir ki, FHN-lə bağlı şikayətlər çox azdır. Birmənalı qaydada, FHN-nin rəsmi saytı hər gün yenilənir, daimi online rejimdə fəaliyyət göstərir. Ancaq Nəqliyyat Nazirliyinin saytının olduğu belə bilinmir. Nazirliyin saytında qurumun hər gün gördüyü bütün işlər barədə məlumat verilir. Mətbuat və ictimaiyyət məlumatlandırılır.
Baxın, təkcə bu sıradan müqayisə Namiq Həsənovun Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətinin keyfiyyətini açıq-aşkar ortaya sərir. Ümid edirik ki, nəqliyyat naziri Ziya Məmmədov da bizim gördüklərimizi görür. Çünki N.Həsənovun bu cür yarıtmaz fəaliyyəti hər şeydən və hər kəsdən öncə nazir Z.Məmmədovu çətin vəziyyətdə qoyur.