Cəmiyyət (7-06-2018, 15:30)
"Sahil" stansiyasında təhlükəsizlik artıq yüksək səviyyədə təmin olunacaq
"Metronun "Sahil" stansiyasının təmirə bağlanmasının əsas səbəbi eskalatorların dəyişdirilməsi zərurəti idi".
Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" ASC-nin sədrinin müavini Hidayət Məmmədov "Sahil" stansiyasının əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə deyib.
Sədr müavini bildirib ki, 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin istifadəyə verilən ilk sahəsinin 5 stansiyasından biri olan "Sahil" stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu: "Bunun üçün bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi. Təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib. Eyni zamanda, bir problem yaranarsa, sərnişinlərin təxliyəsində də eskalatorların çoxluğu köməklik göstərəcək".
