Cəmiyyət / Redaktor seçimi (7-02-2018, 12:00)
Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin səlahiyyətləri artırılır
“Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, adıçəkilən qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilir.
Təklif olunan bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur.
Bbu Qanunda, həmçinin digər normativ hüquqi aktlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.
Layihədə bildirilib ki, təklif olunan dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusuna bərabər tutulması və onların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadə edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.
Dəyişiklik layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.