İqtisadiyyat (26-05-2015, 16:56)
“Borc alanlar banklardan hüquqlarını tələb etsinlər”
“Borclu vətəndaşlar banklardan əhəmiyyətli güzəştlər tələb edə bilərlər. Konstitusiya Məhkəməsinin məlum qərarı buna imkan verib”.
Mediatv.az-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov belə deyib.
O, bildirib ki, Konstitusiya Məhkəməsinin qərarındakı “məqsədəmüvafiq hesab edilsin” ifadəsi borclular üçün olduqca vacib məsələdir.
Ekspert bununla bağlı qərarın 6-cı bəndini şərh edib:“Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq, həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin”. Çoxları kimi, mən də əvvəlcə bu cümləni tövsiyə kimi başa düşdüm. Lakin sonradan diqqət etdim ki, bu bənd borclulara banklardan əhəmiyyətli güzəştlər tələb etmək hüququ verir. Banklar da mütləq güzəştə getməlidir. Güzəşt həddi isə bankların maliyyə imkanlarından asılıdır. Deməli, banklar hər bir konkret halda maliyyə imkanları həddini sübut etməlidir. Lazım gələrsə, məhkəmə qaydasında...”
Hüquqşünas həmin bəndin hansı səbəbdən tövsiyə kimi deyil, məcburi qayda, hüquq norması kimi qəbul edilməli olduğunu da əsaslandırıb: “Qanunvericilikdə Konstitusiya Məhkəməsinin tövsiyə vermək səlahiyyəti nəzərdə tutulmayıb, onun bu kimi hər bir qərarı hüquq normasıdır. 6-cı bəndə “tövsiyə” sözü və onun ünvanlandığı şəxs, orqan təsbit edilməyib. Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarında “məqsədəmüvafiq hesab edilsin” ifadəsi əməl edilməsi məcburi olan mənasında kimi təsbit edilib”.
Ə.Həsənov qeyd edib ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə əsasən, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir: “Konstitusiya Məhkəməsi haqqında Qanunun 63.4-cü və 66.1-ci maddələrinə əsasən, onun qərarı qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Çünki qətidir. Heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Yəni Konstitusiya Məhkəməsinin qərarı məcburi göstərişdir. “Normativ xarakterli aktlar haqqında” Konstitusiya Qanununun 4.1.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarı normativ xarakterli aktdır. Həmin Qanunun 1.0.3-cü maddəsinə görə, normativ xarakterli akt - məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Deməli, Konstitusiya Məhkəməsinin qərarı sadəcə, şərh deyil, hüquq norması müəyyən edən rəsmi sənəddir”.
Hüquqşünas vurğulayıb ki, qanunvericilikdə Konstitusiya Məhkəməsinin qərarında kiməsə tövsiyə verə bilməsi nəzərdə tutulmayıb: “Buna görə də onun qərarının nəticə hissəsində olan hər müddəanı ən azı məcburi göstəriş, əslində isə həmçinin hüquq norması kimi qəbul etməkdə tam haqlı olarıq. Başqa sözlə, mən elə buradaca nöqtəni qoyub, deyə bilərəm ki, 6-cı bənd məcburi göstərişdir, hüquq normasıdır və ona riayət etmək lazımdır. Konstitusiya Məhkəməsi qanunvericilikdə nəzərdə tutulmasa belə, qərarında “tövsiyə” sözünü işlədirsə, müvafiq müddəanı məcburi göstəriş, hüquq norması kimi deyil, tövsiyə kimi qəbul edək. Konstitusiya Məhkəməsinin indiyə qədər olan qərarlarında tövsiyə, bir qayda olaraq, Milli Məclisə və müvafiq icra hakimiyyəti orqanlarına verilib və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı olub. Yəni Konstitusiya Məhkəməsi etiraf edib ki, qanunvericilikdə problem var. Aidiyyəti üzrə müraciət edib ki, lazımi düzəlişlər edilsin. Hazırda müzakirə etdiyimiz 6-cı bənddə nəinki Milli Məclisə və ya müvafiq icra hakimiyyətinə müraciət edilmir. Həmçinin, ümumiyyətlə, “tövsiyə” sözündən istifadə edilmir. Başqa sözlə, 6-cı bənd konkret şəxsə və ya dövlət orqanına müraciət deyil. Onu hətta bütün xalqa müraciət kimi də qəbul etsək, bənddə “tövsiyə” sözü yoxdur. Deməli, sözügedən bənd dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş məcburi davranış qaydası, yəni hüquq normasıdır. Bu bənd tövsiyə olsaydı, “Əhalinin maraqlarını nəzərə alaraq” və ”bankların maliyyə imkanlarından asılı olaraq” kimi şərtlərə ehtiyac olmazdı. Hüquq elminin dili ilə desək, burada nəinki dispozisiya, həmçinin hipoteza da təsbit olunub. Yəni əməlli-başlı hüquq normasıdır”.
Ə.Həsənovun sözlərinə görə, digər arqument isə ondan ibarətdir ki, bu bənd Konstitusiya Məhkəməsinin əhaliyə xoş arzusu olsaydı, yalnız xarici valyutada olan kreditlər vurğulanmazdı: “Məgər manatla götürülən kreditlər üzrə əhalinin problemləri yoxdur? Konstitusiya Məhkəməsi hüquq norması müəyyən etmirsə, niyə ayrı-seçkilik edir və manat kreditləri üzrə də xoş arzularını millətə elan etmir? Deməli, söhbət məhz hüquq normasından gedir. 6-cı bənd hüquq normasıdır, ona əməl etmək lazımdır. Amma primitiv tərzdə hüquqi arqument irəli sürənlərə bir daha göstərmək istəyirəm ki, hüquqi təhlil zamanı məsələyə hərtərəfli baxmaq lazımdır, yalnız cılız maraqlar nöqteyi-nəzərindən yox...”
Ə.Həsənov bildirib ki, Konstitusiya Məhkəməsinin qərarının 6-cı bəndi xarici valyutada kredit götürənlərə banklardan əhəmiyyətli güzəşt tələb etmək hüququ verir: “Həmin bənd ən azı məcburi göstəriş, ən çoxu isə hüquq normasıdır. Buna görə də borc alanlar banklardan hüquqlarını tələb etsinlər. Banklar Konstitusiya Məhkəməsinin qərarına riayət etməsə, məhkəmələr həmin qərarla vətəndaşlara verilən hüquqları təmin etməlidir”.
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024