Cəmiyyət (8-12-2017, 14:10)
Əlyazmalar İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Özbəkistan Respublikasının Əlşir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur. Bu məqsədlə Əlyazmalar İnstitutunda təşkil olunmuş görüşdə tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli çıxış edərək, universitet ilə əməkdaşlığının elm və təhsilin inteqrasiyasına təkan vermək, bu sahədə qarşılıqlı, faydalı münasibətləri qurmaq baxımından əhəmiyyətli olduğunu və tərəflər arasında memorandum imzalanacağını diqqətə çatdırıb.
Sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov səmimi qəbula görə məmnunluğunu bildirib. Qeyd edib ki, institut ilə universitet arasında əməkdaşlıq sənədinin imzalanması əlaqələrimizin möhkəmlənməsi ilə yanaşı, təhsil və elmin inkişafına da mühüm töhfələr verəcək.
Görüşdə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov tərəflər arasında əməkdaşlığın akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra çıxış edən institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov memorandumda elmi fəaliyyət sahəsində beynəlxalq layihə və inkişaf proqramlarının həyata keçiriləcəyini, o cümlədən tərəflər arasında doktorant mübadiləsinin nəzərdə tutulduğunu da qeyd edib.
Sonda əməkdaşlıq memorandumunu fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və Samir Abbasov imzalayıblar.
Sənəddə humanitar sahədə elmi layihələrə dəstək, müştərək konfrans, seminar və simpoziumların təşkili, yeni nəşrlərlə bağlı təqdimatların keçirilməsi, həmçinin əlyazma sənədlərin mübadiləsi nəzərdə tutulur. Memorandumun əsas hədəflərindən biri əlyazmaların tədqiqi sahəsində uzunmüddətli və konstruktiv əməkdaşlığa nail olmaqdır.
