Cəmiyyət (26-09-2017, 23:58)
Əlyazmalar İnstitutu Misir Mərkəzi Kitabxanası ilə əməkdaşlıq barədə müqavilə imzalanıb.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın bir çox ölkələrinin aparıcı elmi-tədqiqat müəssisələri ilə yaxından əlaqə saxlayır. Belə ölkələrdən biri də tarixən Şərqdə elm və mədəniyyət mərkəzi sayılan Misir Ərəb Respublikasıdır. Bu ölkədə fəaliyyət göstərən “Dərül-kutub vəl-vasiq əl-qaumiyyə” adlanan Misir Mərkəzi Kitabxanası ilə Əlyazmalar İnstiututu uzun müddətdir ki, elmi sahədə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə 26 sentyabr 2017-ci il tarixdə Bakı şəhərində Əlyazmalar İnstitutunun binasında ikitərəfli əməkdaşlıq barədə müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə tərəflərin kadr mübadiləsi aparmaları, birgə elmi məcmulər nəşr etmələri, əməkdaşların qarışılıqlı şəkildə ezamiyyələri, hər iki ölkədə əlyazma və nadir kitablardan istifadə hüququ və s. daxiıdir.
Məlum olduğu kimi, tarixin bütün mərhələrində Azərbaycanla Misir arasında sıx ictimai-siyasi, dini, elmi-mədəni əlaqələr olub. Bu da ərəb alim və mütəfəkkirlərinin öz əsərlərində Azərbaycan haqqında ətraflı söhbət açmalarına, eyni zamanda azərbaycanlı müəlliflərin əsərlərinin dünyanın bu qədim mədəni mərkəzinə gedib çıxmasına səbəb olmuşdur.
Məlumdur ki, sovet dönəmində Azərbaycan alimlərinin Misirin elmi-mədəni mərkəzləri ilə birbaşa əlaqə saxlamaları, həmin mənbələrdən istifadə etmələri çətin olub. Yalnız müstəqillik dönəmində Azərbaycan alimləri belə imkan əldə etmişlər.
Müqavilədə əsas şərtlərdən biri məhz Misir Mərkəzi Kitabxanasında ölkəmiz haqqında olan mənbələri aşkarlamaq, onların surətini əldə etmək və onları geniş oxucu auditoriyasına təqdim etməkdir.
Müqaviləni Misir Mərkəzi Kitabxanasının direktoru, doktor Əhməd Şövqi və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli imzalayıblar. Mərasimdə Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbərl doktor Əhməd Sami Elaydi və digər rəsmi şəxslər də iştirak ediblər.
