Cəmiyyət / Slayd (19-12-2016, 10:32)
Yeni həbs dalğası gözlənilir:“Bank işi” adlanacaq
Müttəhimlər kürsüsündə manatı “öldürənlər” olacaq
Mediatv.az xəbər verir ki, Xeberinfo.com-un redaksiyasına ölkə ictimaiyyatının marağına səbəb ola biləcək məlumat daxil olub. Məlumata görə yaxın günlərdə yeni həbs dalğasının startı veriləcək. Bu dəfə isə müttəhimlər kürsüsündə manatı “öldürənlər”in olacağı gözlənilir.
Bu istiqamətdə xeberinfo.com-u ölkənin bank sektorundakı mənbə məlumatlandırıb. Son illər manatın məlum dəyərsizləşməsi, qiymətlərdəki yüksəlişlər və bu səbəblərdən də müşahidə olunan ajiotaj yeni həbs dalğasını stimullaşdıran amillərdir. Artıq yuxarı dairələrdə yekun qərarın qəbul olunmaq üzrə olduğu bildirilir. Manatın son iki ilə yaxında hansı səbəblərdən belə devalvasiyası, bu prosesdə kimlərin məsuliyyətsizliyi və hazırkı sosial-iqtisadi durum qəbul ediləcək qərarda əsas müzakirə predmetidir.
Ötən həftə millət vəkili Zahid Orucun bu mövzudakı açıqlamaları da təsadüf sayılmır. Zahid Orucun bu açıqlamaları daha çox hakim dairənin mesajı kimi qəbul olunur. Ehtimal ki, millət vəkili öz sözünü deməyib, sadəcə hansısa tapşırığı icra edib. Həm də kifayət qədər anlaşıqlı və dəqiqliklə. Müsahibədəki ittihamlar ünvanının konkretliyi və sərtliyi ilə də diqqəti çəkir:"Dövlətəmüqavimət göstərən qüvvələrin itaətsizliyi ilə üz-üzə qalmışıq", “Maliyyə sabotajı açıq-aşkar dövləti vətəndaşlarla üz-üzə qoymaq deməkdir”, “Sanki Eldar Mahmudovun nazirliyi ləğv ediləndən sonra müxtəlif qüvvələr hakimiyyəti xalqla üz-üzə qoymağa çalışırlar” və s. Göründüyü kimi cənab Orucun açıqlamaları təkcə sosial-iqtisadi durumla bağlı narahatçılığı ilə deyil, həm də siyasi çalarları ilə fərqlənir... Manatın “ölməsi” ilə cəmiyyətdə yaranmış çaşqınlığı aradan qaldırmağın zamanıdır.
Beləcə yeni həbs dalğası qaçılmazdır. Bu dalğanın isə ölkənin bank sektoru ilə bərabər Maliyyə Nazirliyini də “vuracağı” istisna deyil. Xeberinfo.com-a verilən bilgiyə görə “Bank işi” adlanacaq bu həbslərdə Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin eks sədri Elmar Məmmədov başda olmaqla, bir çox bank rəhbərləri sorğu-sual ediləcək. Nəzərə alsaq ki, Elmar Məmmədov maliyyə naziri Samir Şərifovun kadrı kimi tanınır, onda Hesablama Palatasının Maliyyə Nazirliyində hazırkı sürpriz yoxlaması da başadüşülən olar...
Məlumatda həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının proseslərə dövləti maraqlar baxımından yanaşması, bu yöndə dosye hazırlaması və hüquq-mühafizə orqanları ilə işləməsi də yer alır.
Mövzu diqqətimizdədir.