İqtisadiyyat (30-09-2016, 21:13)
Azərbaycanda məşhur bank bağlandı
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Bank Standard" kommersiya bankının lisenziyası oktyabrın 1-dən etibarən ləğv edilir.
Mediatv.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı sentyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.
Palata bu qərarını 4 iyul 2016-cı il tarixindən banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş "Azər-Türk Bank" ASC-nin və "Bank Standard"ın yeni menecmentinin müraciəti əsasında dövlət maliyyə qurumları (Maliyyə Nazirliyi və Mərkəzi Bank) ilə məsləhətləşməklə qəbul edib.
Məlumat verildiyi kimi, "Bank Standard" Kommersiya Bankının (KB) idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi son dövrlər onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olub, bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb.
Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən mayın 3-dən etibarən ona 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. Palatanın inzibatçılığı dövründə bankın aktivlərinin səfərbər olunması istiqamətində görülmüş tədbirlər və Mərkəzi Bank tərəfindən edilən likvidlik dəstəyi nəticəsində sosial xarakterli ödənişlər və 5000 manata qədər olan əmanətlərin qaytarılması təmin olunmuşdu. Bununla yanaşı, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqlarının ödənişi də fasiləsiz davam etmişdi.
Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusı çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə iyulun 4-dən onun əsas səhm paketi dövlətə məxsus "Azər-Türk Bank" ASC vasitəsilə sağlamlaşdırılması barədə qərar qəbul olunmuşdu.
Sanator bank tərəfindən "Bank Standard" KB-nin Müşahidə Şurası yenidən təşkil olunub və idarəetmə orqanları formalaşdırılıb, onlara bankın maliyyə dayanıqlılığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramının hazırlanması həvalə edilmişdi.
Ötən dövr ərzində bankın yeni menecmenti bir neçə sağlamlaşdırma ssenarisi təklif etsə də bunların heç biri bankın maliyyə dayanıqlığının bərpası üçün yetərli olmayıb. Bu dövrdə bankın üzləşdiyi kəskin likvidlik probleminin həlli məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banka əlavə likvidlik dəstəyi göstərilsə də ödəmə qabiliyyətinin tam bərpası, əlavə kapital inyeksiyası olmadan isə onun itkilərinin qarşısının alınması mümkün olmayıb.
Sanator bank müraciətində "Bank Standard"ın sağlamlaşdırılması üçün tələb olunan sərmayənin mövcud makroiqtisadi şəraitdə hökumət və ya Mərkəzi Bank tərəfindən ayrılmasının qeyri-reallığını əsas götürərək bankın sağlamlaşdırma təşəbbüsünün təxirəsalınmadan dayandırılması və onun müflis elan edilməsini xahiş edib.
Müraciəti nəzərə alaraq və əlavə itkilərin qarşısının alınması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Bank Standard" kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir.
"Bank Standard" KB Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Bu məqsədlə zəruri olan vəsaitlərin hökumət zəmanəti ilə Mərkəzi Bank tərəfindən Fonda ödənilməsi müvafiq orqanlarla razılaşdırılıb.
Artıq bu gündən Palata tərəfindən banka müvəqqəti inzibatçı təyin edilib. Palata "Bank Standard"ın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət ediləcək. Bankın öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək.