Cəmiyyət / Slayd (6-09-2016, 16:42)
Azərbaycanda daha bir nurçu ocağı... - İTTİHAM VAR
Son vaxtlar Azərbaycanın təhsil sisteminin “Nurçular” dini təriqətinin mənsublarından təmizlənməsinə yönəldilmiş tədbirlər ictimaiyyət tərəfindən birmənalı olaraq böyük rəğbətlə qarşılanır.
Mediatv.az: Eyni zamanda da, bu prosesin hələ də gözlənilən miqyasda aparılmaması bəiz təəssüf doğuran məqamların, anlaşılmazlıqların yaşanmasına yol açır. Fikrimizi daha aydın izah etmək üçün deyə bilərik ki, bəzi orta təhsil müəssisələrinə hələ də nurçuların rəhbərlik etməsi, həmin məktəb və liseylərin istər kollektivinin, istərsə də burada təhsil alan şagirdlərin valideynlərinin ciddi narazılıqlarına səbəb olur. Hal-hazırda eyni proseslər Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə də müşahidə olunmaqdadır.
Məlum olduğu kimi, artıq bir neçə müddətdir ki, bu təhsil müəssisəsinin direktor vəzifəsini müvəqqəti olaraq Umud Babaşov icra edir. Həmçinin bu da məlumdur ki, Umud Babaşov bu səlahiyyətlərə sahibləndiyi ilk gündən liseydə “nurçuluq” ideyalarının güclü təbliği ilə məşğuldur. Əgər indiyədək bu barədə liseydən aldığımız və ictimaiyyətə təqdim etdiyimiz faktlar, aşkar dəlillər yuxarı instansiyaların diqqətindən yayınıbsa, o zaman biz həmin açıqlamaları bir daha xatırlada bilərik.
Beləliklə, Umud Babaşov əvvəllər Mingəçevirdə fəaliyyət göstərən “Çağ öyrətim” liseyində çalışıb. Nurçuluq təriqətilə sıx bağlılığı olan bu liseylər şəbəkəsi bağlandıqdan sonra isə, Umud Babaşov da Bakıya gəlib. Bir müddət sonra Heydər Əliyev adına liseydə işə başlayan Umud Babaşov indinin özündə də bu təriqətin banisi olan Fətullah Gülənin ideyalarına sadiqliyini saxlamaqdadır. Təbii ki, belə bir mənəviyyat sahibinin övladlarımızın təlim-tərbiyyəsi həvalə olunmuş bir müəssisəyə rəhbərlik etməsi qətiyyən məqbul sayıla bilməz. Elə bir müddət əvvəl Heydər Əliyev adına liseyin 21 nəfər müəllimi tərəfindən imzalanmış ərizədə bu fikir bir daha öz təsdiqini tapmışdı. Ölkə rəhbərliyinə ünvanlanmış və surəti redaksiyamıza təqdim olunmuş həmin ərizədə deyilirdi: “Möhtərəm cənab Prezident! Yazaraq bildirmək istəyirik ki, Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan liseyimiz 12 ildir ki, fəaliyyət göstərir. Liseyimizin açılışında Sizin şəxsən iştirak etməyiniz müəllim əməyinə, zəhmətinə hər zaman göstərdiyiniz diqqət və qayğının daha bir bariz nümunəsidir. Liseyimizdə təhsil alan şagirdlərimizin göstəriciləri daim uğurlu olmuşdur. Lakin, son iki ayda liseydə baş verən dəyişikliklər müəllim kollektivində və şagirdlər arasınada heç də xoş olmayan ciddi narazıqlıqlar yaradaraq, psixoloji mühitin gərginləşməsinə səbəb olmuşdur. Bu gərginliyə əsas verən amil isə, “Çağ Öyrətim” liseyinin məzunu olmuş və bir müddət həmin müəssisədə riyaziyyat müəllimi işləmiş Umud Əliş oğlu Babaşovun bizim liseyə müvəqqəti direktor təyin edilməsi və onun yaranmış vəziyyətdən sui-istifadə edərək, burada yol verdiyi çeşidli özbaşınalıqlar və qanun pozuntuları ilə bağlıdır. Nurçuluğu təbliğ edən bu insan öz mənafeyini güdərək, Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan təhsil ocağımızı şəxsi obyektinə çevirməyə cəhd edir. Pedaqoji kollektiv bu hərəkətlərə öz narazıqlıqlarını bildirdikdə isə, onları Təhsil Nazirliyində çalışan Emin Əmrullayev və Fuad Qarayevlə hədələyir...”
Daha sonra aldığımız açıqlamada isə, artıq Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya, Prezidentin Administrasiyasına, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova və digər instansiyalara ünvanlanan şikayət ərizələrinin 138 nəfər valideyn və müəllim tərəfindən imzalandığı bildirilirdi. Bütün bu şikayətlərin əsasında isə, eyni ittihamlar durur – Umud Babaşov tərəfindən şagirdlərə və pedaqoji heyətə qarşı sərgilənən kobudluq, özbaşınalıqlar və ən əsası da liseydə nurçuluğun təbliği. Bu xüsusda aldığımız məlumatlardan birində deyilirdi: “Yol verdiyi digər özbaşınalıqlar azmış kimi, Umud Babaşov indi də XI siniflərin birləşməsi maxinasiyalarına əl atıb. Belə ki, bir neçə boş sinif otağı əldə etmək üçün, direktor XI siniflərin birləşdirilməsinə dair qeyri-qanuni qərar verib. Nəticədə siniflərdə yüksək sıxlıq yaranır, bəzi şagirdlər vəziyyətdən narahatlıq keçirib, dərslərə belə gəlmirlər, davamiyyət aşağı düşür. Əvəzində isə, Umud Babaşov boşaltdığı
sinif otaqlarını hazırlıq məşğələləri keçən müəllimlərə “icarəyə” verir. Bu səbəbdən məktəbimizə kənar şagirlərin axını formalaşır. Bu gənclər isə, liseyin daxili qaydalarına qətiyyən tabe olmurlar. Məktəbin dəhlizlərində siqaret çəkilir, qeyri-etik davranışlara yol verilir. Xüsusilə tez-tez gəlmə şagirdlərlə bizim şagirdlər arasında dini mövzuda mübahisələr yaranır. Belə ki, geyim tərzləri, görkəm və danışıqları gəlmə şagirlərin əksəriyyətinin nurçuluq təriqətinə cəlb olunduqlarını deməyə əsas verir. Öz növbəsində onlar da bu təriqəti bizim şagirdlər arasında yaymağa çalışır, bəzən isə bunu hətta zor tətbiq etməklə həyata keçirməyə də cəhd göstərirlər. Umud Babaşov isə, qəribə də səslənsə, yaranan hər belə vəziyyətdə mütləq gəlmə şagirdlərin mövqeylərini dəstəkləyir. İndi məktəbin 110 nəfərlik pedaqoji və 14 nəfərlik texniki heyətdən ibarət kollektivini ən çox narahat edən sual budur ki, əgər Umud Babaşov hər halda liseyin direktoru vəzifəsində təsdiq olunarsa, bu zaman bizi qarşıda daha hansı fəlakətlər gözləyə bilər?”
Lakin bütün bu baş verənlər də, Umud Babaşovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı keçirilən dövlət tədbirində yol verdiyi böyük sayğısızlığın qarşısında az əhəmiyyətli hal kimi görünə bilər. Məsələ bundadır ki, may ayının 10-da Xətai rayonunda keçirilən bu tədbirdə bir neçə digər iştirakçılarla bərabər, öz fikirləri ilə bölüşmək üçün Umud Babaşova da söz verilmişdi. Lakin Umud Babaşov, artıq məndən öncə çıxış edənlər hər şeyi dedilər və mən buna heç nə əlavə edə bilmərəm – deyərək, öz çıxışından imtina etmişdir. Təsəvvür edin, Heydər Əliyevin adını daşıyan bir təhsil müəssisəsinə rəhbərlik etmək iddiasında olan bu “pedaqoq”, həmin məktəbdə Fətullah Gülən barədə saatlarla danışmaqdan usanmadığı (və utanmadığı) halda, Ulu Öndərimizin kitablara sığmayan həyat və fəaliyyətindən bəhs etməyə söz tapmır. Hətta bəhanəsi də bu olur ki, ondan əvvəl çıxış etmiş bir neçə natiq öz çıxışlarında artıq bütün mövcud məlumatları tam əhatə etmişlər. Əlbəttə ki, belə əhval-ruhiyə, belə düşüncə tərzi ilə Umud Babaşovun uşaqlarımıza hansı ideya və dünya görüşünü təlqin etmək niyyətində olmasına dair heç bir şübhə yeri qalmır.
Dünən əldə etdiyimiz daha bir dəqiq məlumatda isə, Umud Babaşovun diqqətləri özündən yayındırmaq məqsədilə bəzi tədbirlərə əl atdığı bildirilir. Belə ki, direktor əvəzi bu məqsədlə, Heydər Əliyev adına liseyin qurucularından biri, məktəbin keçmiş direktoru Fikrət Xəlilova qarşı bəzi mətbu orqanlarının səhifələrində “qara piar” kampaniyası başlatmaq qərarına gəlib. Açıqlamaya görə, kampaniya çərçivəsində ilk “donosları” Umud Babaşov həmin mətbu orqanına artıq dünən təqdim edib. Odur ki, böyük ehtimalla elə bu gün bəzi internet səhifələrində Fikrət Xəlilov barədə böhtan xarakterli yazılar oxumaq olacaq...
Ümid edirik ki, Təhsil Nazirliyi bütün bu təqdim olunan faktlarla bağlı müvafiq araşdırma aparacaq və Umud Babaşovun nəinki təhsil müəssisəsinə rəhbərlik etməsinin, hətta onun ümumiyyətlə pedaqoji fəaliyyətinin məqsədəuyğunluğu barədə düzgün qərar qəbul edəcəkdir.
Nurçuların mövqeyi bizi qətiyyən maraqlandırmır.