Cəmiyyət (26-08-2016, 11:32)
Afət Telmanqızıdan çağırış: “ANS-çiləri, mindən çox əməkdaşı ANS-siz, sözsüz qoymayın”
Tanınmış telejurnalist, ANS-in əsas simalarından olan Afət Telmanqızı özünün “Facebook” səhifəsində adıçəkilən telekanalla bağlı yazdığı statusunu paylaşıb.
Mediatv.az-ın məlumatına görə, A. Telmanqızı qeyd edib ki, ANS və ANS-çilər hər zaman Azərbaycan dövlətçiliyinə xidmət ediblər.
“Mən Afət Telmanqızı! Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr və magistr pilləsini bitirmişəm. Hələ tələbəlik illərindən müxtəlif mətbu orqanlarda çalışmışam. 20 ildir ki, yazılarımla, reportajlarımla dövlətçiliyə, vətənimizə xidmət etmişəm. Uzun illər parlament müxbiri kimi çalışmışam. Dünyanın 10 ölkəsində Xocalı faciəsi. Qarabağ həqiqətlərinə dair keçirilən aksiyalarda iştirak edib canlı bağlantılar qurmuşam. 1 ay ABŞ-da CNN telekanalında və digər telekanallarda kurs keçmişəm.
Hər zaman da dövlətimə, xalqıma xeyir verəcək, ona ləkə gətirtməyəcək işlər görmüşəm. Baş redaktor kimi çalışdığım vaxtlarda da dövlətçılıyımızə xidmət mənim və ANS-in siyasi kursu olub. Hər zaman dövlətimizin yanında olmuşuq. İndi bir ricam var. Xahiş edirəm dövlətçiliyimiz üçün bütün varlığı ilə canı, lazım gələndə qanı ilə savaşan ANS-çiləri, 1000-dən çox əməkdaşı ANS-siz, sözsüz qoymayın! Biz hər zaman dövlətçiliyimizə xidmət etdik bundan sonra da belə olacaq”-deyə, A. Telmanqızı daha sonra yazıb.
