Cəmiyyət (10-06-2016, 10:13)
“Azərinşaatservis”in rəhbərliyi dələduzluq edir?
İcarədarlardan Zakir Qaralova ilginc müraciət
Mediatv.az xəbər verir ki, Bakı şəhəri, X.Q.Mustafayev küç. ev 232. ünvanında yaşayan Məmmədova Aybəniz Qərib qızı və Göygöl rayonu Çaykənd kənd sakini Əsgərov Kamal Əhmədoğlu “Təzadlar”a göndərdikləri şikayət məktubunda Baş prokuror Zakir Qaralova müraciət edərək kömək istəyirlər. Şikayətdə deyilir: “Hörmətli cənab Baş Prokuror!
Bildiririk ki, biz, icarəçilər, Bakı şəhəri, X.Q.Mustafayev küç. ev 232. ünvanında yaşayan Məmmədova Aybəniz Qərib qızı və Göygöl rayonu Çaykənd kənd sakini Əsgərov Kamal Əhmədoğlu, “Təzadlar” qəzeti vasitəsi ilə müraciət edərək bildiririk ki, fiziki şəxs kimi “icarəyə verən” adlanan “Azərinşaatservis” MMC-nin “icarəçi” adlanan icraçı direktoru Orhan Baydarla 15.02.2011-ci il tarixli, 08-AIS-068 və 01 aprel 2011-ci il tarixli 08-AIS-287 nomrəli, daşınmaz əmlakın icarəsi barədə aylıq ödənişlərin 940 manat və 1174 manat olmaqla müqavilə bağlamışıq. Doğrudur, əvvələr “icarəçi” tərəfindən ödənişlər “Parabank ASC” Yasamal filialı üzrə hesablara normal ödənilsə də, 22 iyul 2015-dən sona bu ödəmələr dayanmış, lakin rəhbərlik qalıq pulun ödənilməsinə söz vermişdir. Təəssüf ki, MMC rəhbərliyi 18 min 200 AZN qalıq pulun ödənilməsini qeyri-müəyyən səbəblərdən ödəməkdən imtina edir. Məsələ ilə bağlı “Azəryolservis”in ictimai əlaqələr üzrə əməkdaşı Anar Nəcəfli ilə əlaqə saxlanılmış və o təsdiq etmişdir ki, idarəmiz “Azərinşaatservis” MMC-yə müqavilə üzrə gördüyü bütün işlərə görə hesablarına tam olaraq vəsaitlər ödənilmişdir. Bəs o zaman nədən fiziki şəxslərlə bağlanmış müqavilədə göstərilən öhdəliklər “Azərinşaatservis” MMC tərəfindən həyata keçmir?
Qeyd edək ki, məsələ MMC-nin Saleh müəllimdən əvvəlki rəhbər olmuş Bülənt Karaninin dövrünə təsadüf edir, bütün bunlara baxmayaraq qanunvericiliyin tələbinə görə biz vətəndaşların borcları (18 min 200 AZN) ödənilməlidir. Çünki “Xaçmaz layihəsi”nə görə görülən işlər üzrə “Azəryolservis” “Azərinşaatservis” MMC-yə bütün pulları ödəmişdir. Və sadəcə olaraq hazırda “Azərinşaat” MMC-də qeyd edilən borcun ödənilməsi rəhbərlik tərəfindən mənimsənildiyinə görə bizə verilmir. Və hətta səbəbi də izah edilmir. Bu dələduzluqdur.
Sizdən xahiş edirik ki, qısa müddət ərzində müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün dələduzluq edən “Azərinşaatservis” MMC rəhbərliyi barədə qanunauyğun tədbirlər görəsiniz.
“253 milyon manatdan 82 milyon 833 min 345 manat niyə ”Azərinşaatservis” MMC-nin hesabına daxil olmayıb”
Xatırlatmaq yerinə düşər ki, “Azərinşaatservis” MMC-nin Azərbaycanda sifarişlər əsasında gördüyü işlərlə bağlı geniş korrupsiya əməllərinə yol verilmişdir. Məsələn, 25 dekabr 2015-ci ildə ölkə KIV-nə daxil olan məlumatda deyilir ki, Gəndob-Xaçmaz-Yalama-Rusiya avtomobil yolunun sement-beton örtüklə layihələndirilməsi və paralel olaraq tikintisi üzrə işlərin görülməsi məqsədi ilə Maliyyə Nazirliyindən “Azərinşaatservis” MMC-yə verilməsi üçün “Azəryolservis” ASC-yə 253 milyon manat köçürülüb. Lakin həmin məbləğdən bu günə qədər “Azərinşaatservis” MMC-nin hesabına yalnız 170 milyon 166 min 655 manat (ƏDV ilə birgə) köçürülüb. Qalan 82 milyon 833 min 345 manat isə “Azərinşaatservis” MMC-nin hesabına daxil olmayıb. “Azərinşaatservis” MMC-nin rəhbəri Bülənt Karani “Azəryolservis” ASC-nin zəmanət məktubu ilə həmin ərəfədə, yəni 2010-cu il sentybarın 9-da 10 milyon manat, noyabrın 11-də 9,5 milyon manat, noyabrın 19-da isə 15 milyon manat kredit alıb. Həmin məbləğləri dərhal Kapital Bankın “Rabitə” filialında nəğdləşdirib. Kreditlər alındıqdan bir neçə gün sonra “Azəryolservis” ASC həmin məbləği banka geri ödəyib. “Azəryolservis” ASC-nin keçmiş rəhbərliyi kredit üçün ödənilmiş ümumilikdə 34,5 milyon manatın Xaçmaz layihəsinə aid olduğunu və qeyd olunan 253 milyon manatdan ödənildiyini iddia edir. Lakin “Azəryolservis” ASC zamin kimi çıxış etsə belə kredit borcu “Azərinşaatservis” MMC-nin hesabına köçürülməli və oradan ödənilməli idi. Məlumata görə, kredit yolu ilə vəsaitin nəğdləşdirilməsinin əsas səbəbi 5 mln. ƏDV-dən yayınmaq olub. Həmin vəsait layihə üzrə “Azərinşaatservis” MMC-yə köçürülərək nəğdləşdirilərdisə, dövlətə 5 milyon manat ƏDV ödənilməli idi.
“48 milyon manat vəsaitin mənimsənildiyi məlum olub”
“Azəryolservis” ASC-nin keçmiş rəhbərliyi 253 milyon manatdan qalan 48,3 mln. vəsaitin Xaçmaz layihəsi üçün “Azəryolservis” ASC-nin 1 saylı Idarəsinə köçürüldüyünü bildirir. Həmin dövrdə 1 saylı Idarənin rəisi olmuş hazırda “Azəryolservis” ASC-nin sədri vəzifəsini icra edən Saleh Məmmədov isə bildirib ki, bu miqdarda vəsaitin idarəyə köçürülüb, lakin həmin vəsaitin təyinatı ölkə daxili yolların saxlanılması və təmirindən ibarətdir. Onun sözlərinə görə, bu vəsaitin Xaçmaz layihəsinə yönəldilməsi mümkünsüzdür. Eyni zamanda məlum olub ki, Bülənt Karani şirkətə rəhbərlik etdiyi dövrdə Xaçmaz layihəsi üzrə 122 milyon manat vəsait daxil olub. Bülənt Karani şirkəti təhvil verərkən görülmüş işlər 93 milyon manat miqdarında göstərilib. Lakin aparılmış audit yoxlaması nəticəsində ümumilikdə 74 milyon manat miqdarında işin görüldüyü və nəticədə 48 milyon manat vəsaitin mənimsənildiyi məlum olub. Ümumilikdə 253 milyon manat vəsaitdən 130 milyon AZN-dən artıq vəsait mənimsənilib.
Bununla yanaşı, məlum olub ki, Xaçmaz layihəsinin başlanılması üçün “Azərinşaatservis” MMC-yə 118 milyon 801 min 678 manat avans ödənilməli idi. Maliyyə Nazirliyi həmin avansının ödənilmədiyini bildirsə də, şirkətdən 22 milyon 852 min 983 manat avansdan geritutulma olub. Avans barədə Maliyyə Nazirliyi rəsmi məlumat verməməklə ödənilən vəsaitin mənimsənildiyini gizlətməyə çalışır.
Məlumatların təhlili göstərir ki, Maliyyə Nazirliyinin dəstəyi olmadan qeyd olunan maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkün deyil. Belə ki, dövlət büdcəsindən ayrılmış bütün xərclər və ödəmələr Maliyyə Nazirliyinin birbaşa nəzarəti altında həyata keçirilir və vaxtaşırı yoxlamalar aparılır, rüblük və illik hesabatlar tərtib olunur. Qanunsuz olaraq xərclərin təyinatının dəyişdirilməsi və bir ay müddətində lüzumsuz olaraq 34,5 milyon manat kreditin alınması, nəğdləşdirilməsi və qaytarılması, ayrılmış məqsədli vəsaitin kredit borclarının ödənilməsinə yönəldilməsi Maliyyə Nazirliyinin razılığı olmadan qeyri-mümkündür. Hazırda DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində aparılan araşdırma prosesinə maliyyə məsələlərinin yoxlanılması üçün Maliyyə Nazirliyinin ekspertləri cəlb olunub. Qeyd olunan qurum məsələdə maraqlı tərəf olduğundan cəlb olunmuş mütəxəssislər vəsaitlərin mənimsənilməsi məsələsini araşdırmır və cinayət əməllərini gizlədirlər.
Qeyd olunan külli miqdarda mənimsəmə faktları yalnız Xaçmaz layihəsinə aiddir.
Hörmətli Baş Prokuror!
Xahiş edirik, bunların qarşısını alasınız və aidiyyəti qurumlara tapşırıqlar verəsiniz”.