Cəmiyyət (5-06-2016, 21:49)
“Səlim Müslümovun işçisi çörəyimi kəsdi” - Müharibə əlili üsyan edir
Ağdam rayon köçkünü, hazırda İmişli şəhəri Əli Məmmədov Küçəsi 31 saylı evdə yaşayan, Qarabağ Müharibə iştirakçısı və II qurup əlil Əliyev Yusif Əvəz oğlu Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova, Müdafiə naziri Zakir Həsənova müraciət edib.
Arqument.Az-a daxil olan müraciətdə deyilir:
"Hörmətli və möhtərəm Mehriban xanım, cənab nazirlər!
Sizə müraciət etməyimin səbəbi, İmişli ƏƏSMN-rəisi Nofəl Atakişiyevin məmur özbaşınalığı, məni və ailəmi süründürməçiliyə salması, rəis təyin olunandan sonra ailəmin sosial ünvanlı yardımını dayandırmasıdır.
İmişli rayon prokuroru Pənah müəllimə şifahi şikayət etdim, bir dövlət rəsmisi və insan kimi Nofəl Atakişiyevə zəng etdi: Əliyev Yusifə yardım düşürmü? Prokurora cavab verdi ki, bəli düşür.
Prokuror N.Atakişiyevə dedi ki, Əliyev Yusif əlil adamdır, qəlpəsini ayağından təzə çıxarıblar, bizim borcumuzdur ki, həm qaçqınlığına, həm əlilliyinə, təmənnasız olaraq millət, xalq, torpağ uğrunda vuruşduğuna görə ona köməklik edək.
Mən prokurorluğdan çıxıb N.Atakişiyevin qəbuluna getdim. Mənə dedi ki, prokurorun yanına niyə getmisən, prokuror mənə nə qayıracaq?
Dedim ki, Mehriban xanıma və nazirlərimizə müraciət edəcəyəm. Hədə ilə bildirdi ki, nazirlərə demirsən, get kimə istəyirsən şikayət et, nazirlik mənə hər ay 10 nəfərə ailəyə sosial yardım verir, sənə verə bilmərəm.
Yenidən prokurorun qəbuluna getdim. Prokuror telefonda ona əsəbiləşdi: "On nəfərə verirlərsə, birinci bu ailəyə ver, prokurorluğun qarşısındadır, gəlin aparın kömək edin”.
Nofəl Atakişiyev bu dəfə məni hədələdi: "Yuxarılara məlumat verəcəyəm ki, prokuror mənə təzyiq göstərir” – dedi.
Sonralar elekton sistem ortaya çıxdı. Əllərinə bəhanə düşdü ki, torpağınız var, gedin, əkin becərin. Elektron sistemi elə həmin an mənə imtina verdi. Öyrəndim ki, N.Atakişiyev və müfəttişləri elektron sistemi də özləri idarə edirlər.
Bu dəfə isə İmişlidə yerləşən qaçqınkom Aslan müəllim özü gedib, N.Atakişiyevdən xahiş etdi: " Kasıb imkansız adamdır, Yusifə kömək elə”.
Öyrəndim ki, N.Atakişiyevin əmisi Məmi Atakişiyev 70 yaşlı qoca İmişli RİH-nin şəhər meridir, əmisi, oğlu Kamil Atakişiyev isə prezidentin mühafizə xidmətindədir, ona görə də, ağsaqqal, qadın bilmir, hamıya hədə gəlir.
Hörmətli Mehriban xanım və nazirlər!
Müharibədə sağlamlığımı itirmişəm, 2 məktəbli övlad atasıyam, mənə bu arxalı məmurun həqarəti, aşağı təbəqəyə həqarəti deyilmi? Müharibə iştirakçısı kimi and içirəm ki, bir nəfər də olsun imkansız ailə, onun və müfəttişlərinin şərtlərini yerinə yetirməyən ailə sosial yardım almayıb, Mən və ailəm əvvəlki rəislərin vaxtında yardım ala bildim. Amma Səlim Müslümovun arxalı rəisi, mənim çörəyimi dolanışığımı, havamı kəsdi. Odur ki, sizdən xahiş edirəm mənim və ailəmin vəziyyətini nəzərə alıb, əvvəlki rəis Könül Cavadovanın təyin etdiyi yardımın bərpa olunmasına göstəriş verəsiniz.
Həyat yoldaşım, İmişli qızıdır, Nurlu kəndindəndir pay torpağı isə aralıda olduğu üçün istifadə edə bilmirik. Qız vaxtı ailələrinə düşən pay torpağıdır ki, biz qətiyyən istifadə eyməyə imkansızıq. Axı əlil adam kimi pay torpağında nə qazana bilərəm. Acizanə surətdə kömək etməyinizə inanıram!”