Sosial / Slayd (30-07-2015, 20:01)
Hərbi əlil, laçınlı köçkün Səlim Müslümovdan kömək istəyir - "...mənə kömək edəcəyinizə inanıram"
Laçın rayonundan məcburi köçkün, hazırda Ağcəbədi rayon Taxta körpü qəsəbəsində müvəqqəti məskunlaşan hərbi əlil, ehtiyatda olan kiçik çavuş Eyvazov Elğün Bayram oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cənab Səlim Müslümova müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Hörmətli Səlim müəllim! Məlumat üçün Sizə bildirim ki, mən 04.07.2013-cü ildən 01.01.2015-ci il tarixədək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olmuşam. Tərxis olunduqdan sonra Milli Onkologiya Mərkəzində cərrahiyyə olunmuşam və sonradan Mərkəzi Hərbi Kliniki Hospitala göndərildim, müayinələr bitdikdən sonra Hərbi Həkim Komissiyasının qərarı ilə “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR” səbəb əlaqəsi ilə mənə Respublika TSEK-i tərəfindən 3-cü qrup hərbi əlillik təyin olunub, lakin bu düzgün təyin edilməyib, mənə bu xəstəliyimlə əlaqədar 1-ci və ya 2-ci qrup hərbi əlilik təyin olunmalı idi. Cənab Sədr! Sizdən xahiş edirəm ki, Respublika TSEK-na göstəriş verəsiniz ki, mənim hərbi əlillik qrupum düzgün müəyyən edilsin. Yuxarıda qeyd ediklərimi tam şəkildə nəzərə alıb mənə kömək edəcəyinizə inanıram”.