Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-05-2016, 20:14)
Bakıda qəbristanlıq biznesi: “Kasıbın ölməyə də yeri yoxdur” - FOTOLAR

Bakıda qəbristanlıq biznesi: “Kasıbın ölməyə də yeri yoxdur” -

 

Son zamanlar Bakı sakinlərinin ən böyük problemlərindən biri də rəhmətə gedən yaxınını dəfn etmək üçün qəbiristanlıqlarda məzar yerinin tapılmamasıdır.
Mediatv.az xəbər verir ki, vətəndaş ölmüş şəxsin cənazəsi ilə birgə bir –bir qəbiristanlıqları dolaşmalıdır ki, haradasa boş yer tapsın. Söhbət yerin olmamasından getmir. 
Təbii ki, bütün qəbiristanlıqlarda ən azı bir nəfər üçün qəbir yeri var. Lakin həmin əraziyə nəzarət edən şəxslər onu daha imkanlı ölü yiyəsinə satmaq istəyir ki, problem də bundan yaranır. Qəbiristanlığa nəzarət edən şəxslər ilk növbədə qəbir yeri olmadığını deyirlər. Üstüörtülü şəkildə onun istədiyi məbləği verməyə razı olduğunu bildirdikdə isə, elə “məzənnə” deyir ki, mat qalırsan. Bir sözlə, Bakıda qəbiristanlıqlarda belə varlı ilə kasıb arasında bax bu cür fərq qoyulur. 
Qəbiristanlıqlarda varlı-kasıb ayrı-seçkiliyi 
Qanunla qəbir yerlərinin pulla satılması qadağan olunsa da, bəzi işbazlar qəbiristanlıq biznesi ilə məşğuldurlar. Bu sahədə olan qanunda olan  boşluq da onlara münbit şərait yaradır. 
Bir neçə gün vətəndaşların birindən gələn şikayət üzrə mövzunun izinə düşdük. Belə ki. Suraxanı rayonu, Kərəm İsmayılov küçəsində rəhmətə gedən şəxsi yaxınları elə yaxınlıqdakı Bakıxanov (Ərəblinka) qəbristanlığında dəfn etmək istəyiblər. Mərhumun ailəsi qəbiristanlığın müdiri ilə görüşüb və dəfn üçün yer istəyib. O isə məzarlığın bağlı olduğunu, artıq burada yer qalmadığını bildirib və mərhumun yaxınlarını “Dədə Qorqud” qəbiristanlığına yönəldib. Bir sözlə ölü yiyəsi çarəsiz qaldığından “Dədə Qorqud”  məzarlığına gedib. Orada da eyni hadisə ilə qarşılaşıb. Birinci qəbiristanlıqda ondan 3 min manat, ikincidə isə 500 manat tələb ediblər. 
Şikayətçinin iddiasına görə, qəbiristanlıqda yerlər baha olduğu üçün yalnız imkanlı şəxslərə satılır, kasıba isə yer olmadığı deyilir. Mərhumla bakı qəbiristanlıqlarını gəzməkdən bezən vətəndaşlar isə məcbur qalıb tələb olunan məbləği ödəyirlər. 
Qanunda isə dəfn üçün heç bir dövlət rüsumu yoxdur. Qəbir yerləri üçün yalnız cüzi ödəniş (qazma işləri üçün) alına bilər. Bu məbləğ isə 80-100 manatdan artıq ola bilməz.  
Bakıda son mənzil də bahalaşıb...
Musavat.com-un müxbiri də Bakıda bir neçə qəbiristanlıqda müşahidə apararaq oxşar vəziyyətin şahidi olub. 
Qəbiristanlıqların bir şəxs tərəfindən zəbt olunmasını, məzar yerlərinin alver obyekti aparılmasını, bir sözlə ölkədə ölməyin insana necə baha başa gəldiyini öyrənmək üçün bir günlük də olsa yas tutduq və qəbir yeri axtaran ölü sahibi kimi bir neçə  məzarlığa  baş çəkdik. 
Öncə Suraxanı qəsəbəsində yerləşən, “Ərəblinka” adlanan məzarlıqda müşahidə apardıq.  Məzarlıqda addım atmağa belə yer yoxdur. Hər yerdə hasarlanmış dəbdəbəli qəbirlərə rast gəlinir. Məzarlıq dəlalları qəbristanlıqda yer olmadığından Əmircan gölünün ətrafını qurudub ərazini genişləndirirlər ki, həmin yerləri də sata bilsinlər. Elə qəbirlər var ki, gölün bir addımlığında tikilib. Bu məzar yerini satan şəxslər yaxşı bələddirlər ki, bir gün qəbir suyun içində qalacaq.  Diqqət çəkən məqamlardan biri də odur ki, onlarla hasara alınmış məzar yerləri boşdur. Bəzi hasarların içində isə cəmi bir məzar var. Fürsət tapıb, ətrafda məzar ziyarətinə gələn şəxslərlə də həmsöhbət olduq. Onların dediyinə görə, boş qalan məzar yerləri bir şəxsə aiddir. Adam 10, ya da 15 nəfərlik qəbir yeri götürüb. Gələcəkdə öz əzizlərini bir yerdə dəfn etmək üçün kiçik məzarlıq düzəldib. 
Ancaq bildirdilər ki, bu çox baha başa gəlir. Bir qəbir yeri təxminən, 2-3 min manatdır. Həmsöhbətlərimin fikrincə bu qəbiristanlığa adətən imkanlı şəxslər gətirilir. 
Gölün kənarı 1000 manat...
Məzar yeri almaq üçün elə qəbristanlığa nəzarət edən şəxslə görüşdük. O, bildirdi ki, hazırda boş yer yoxdur. Bizi Dədə Qorqud qəsəbəsindəki qəbiristanlığa yönəltməyə çalışdı. Bir qədər də israr etdikdən sonra,  məzarlığa nəzarət edən Ağalar adlı şəxs gəldi. O da öz növbəsində qəbiristanlığın bağlı olduğunu, lakin bizə gölün kənarında yer verə biləcəyini dedi. Qeyd etdi ki, gölün kənarı olduğu üçün oranın qiyməti torpaq  yeri və mərmərlə birlikdə təqribən 1000 manata başa gələcək. 
Növbəti ünvanımız Qaraçuxur qəbiristanlığıdır. . Bu qəbiristanlıqda bir nəfərlik qəbir yerinin minimum qiyməti 500 manatdır. Qəbristanlığa nəzarət edən şəxs bildirdi ki, bundan əlavə baş daşı və yerə mərmər döşəmək üçün də 500 manat xərcimiz çıxacaq”.
Ən ucuz kasıb qəbiristanlığı
Nəhayət sonda ən ucuz qəbristanlığa “Dədə Qorqud” məzarlığına getdik. Səhranın düzündə, hasarsız və nəzarətsiz məzarlıq...
Böyük bir ərazini əhatə edən qəbiristanlıqda qəbir yerləri qazılır, hörgü işləri aparılırdı. Qəbiristanlığın müdirinə yaxınlaşıb qəbir yeri üçün qiymət öyrənirik. Burada  vəziyyət digərlərindən fərqlidir. El arasında “kasıbların məzarlığı” adlanan qəbiristanlıq nisbətən ucuzdur. Bunu müdir də etiraf etdi. Bir nəfərlik qəbir yeri 400 manatdır. Qazılması, içinin hörülməsi xidmətləri də bu hesaba daxildir. Onunda dediyinə görə, bütün qəbiristanlıqlardan camaatı buraya yönəldirlər. 
Birdən çox  qəbir alana endirim...
Söhbət zamanı bu ərazidən bir neçə qəbir yeri almaq istədiyimizi dedim. Məsul şəxs iki nəfərlik məzarlıq üçün mənə endirim edib 700 manata verəcəyini bildirir. Qəbiristanlıqda fəhlə işləyən şəxs isə bizə satılacaq torpağı göstərdi. Bir neçə yüz metr irəlilədikdən sonra “ayaqaltı” bir yeri göstərib,  kvadratmetrini işarələdi: “Bura sizin yerinizdir. Ölünün kağızını gətirəndən sonra qazmağa başlayacağıq”.
Fəhlə deyir ki, biz şükürlüyük , adam var ki, bütün nəsil üçün 3 sot qəbir yeri alıb.  Pulun varsa indidən nəvələrinə də qəbir yeri ala bilərsən. 
Məzar yerini satmaq doğrudurmu? 
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu müsəlman adət ənənələrinə görə qəbir yerlərinin satılmasının doğru olmadığını bildirdi: “ Qəbiristanlıqlar adətən vəqf yerləri olur. Bu səbəbdən də bir qayda olaraq qəbir yerləri satılmır. Təbii ki, orda xidmət və cüzi işlərə görə pul toplanması istisnadır. Amma ümumilikdə qəbir yerlərinə görə pul alınması müsəlman ənənələrində olmayıb. Bu, yalnız son yüz ildə daha çox böyük şəhərlərlə ortaya çıxmış məsələdir.
Mərkəzdə, daha əlçatan yerlərdə olan qəbiristanlıqlarda yerlər az olur və bu səbəbdən də işbazlar bu qəbiristanlarda yerləri satırlar.
Gündəlik həyatda geniş yayılmış dəbdəbə, başqalarından seçilmək xəstəliyi indi artıq ölü və dəfn işlərinə də təsir edib. Daha dəbdəbəli ehsan vermək, daha bahalı başdaşı qoymaq və təbii ki, daha "yaxşı" yerdə dəfn etmək üçün adamlar pul xərcləməyə hazırdılar. Nəticədə vəziyyət belə olur”.
Mətbuata açıqlamasında Dini Qurumla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da qəbir yerlərinin pulla satılmadığını bildirib:  “Qəbir yerlərinin pulla verilməsi məsələsi yoxdur və olmayacaq da. İndi qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu cüzidir. Bəzi adamlar deyir ki, qəbir yerləri satılır, bu düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Kifayət qədər yüksək rəqəmlərlə rastlaşan insanlar müvafiq qurumlara və dini komitəyə müraciət edə bilərlər”.
 
 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024