Cəmiyyət (29-04-2016, 22:12)
Əflatun Amaşov: ''Jurnalistika fakültələrinə qəbulda qabiliyyət testi prinsipial əhəmiyyət daşıyır''
Jurnalistika ixtisası üzrə magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən 25 bakalavrdan 21-i qabiliyyət imtahanının ilk mərhələsini keçməyə müvəffəq olub.
Mediatv.az-ın AzerTac-a istinadən məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Mətbuat Şurasının sədri artıq üçüncü ildir ki, ali məktəblərin jurnalistika fakültələrinə qəbulda qabiliyyət imtahanı mexanizminin tətbiq edildiyini bildirib. O deyib ki, prosesdə Mətbuat Şurası yaxından iştirak edir. Qabiliyyət imtahanı komissiyasının tərkibi Şuranın müvafiq dövlət qurumuna tövsiyə etdiyi mütəxəssislərdən formalaşır. Doğrudur, magistr qəbulunda qabiliyyət imtahanı daha öncədən də tətbiq edilirdi. Burada yenilik ondan ibarətdir ki, əgər əvvəllər humanitar sahəni bitirən bakalavrlar sənəd verə bilirdilərsə, artıq digər sahələri bitirənlər də jurnalistika fakültələrinin magistr pilləsində təhsillərini davam etdirmək imkanındadırlar. Belə bir prosedur jurnalistikanın ixtisaslaşmasına dəstək məqsədi daşıyır.
Bildirilib ki, bu dəfə 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəmiş, aprelin 11-dən 20-dək TQDK-nın internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş 25 bakalavr var idi. Onlardan 22-si qabiliyyət imtahanında iştirak edib. İkinci mərhələyə keçənlərdən 18-i Azərbaycan, 3-ü rus bölməsindəndir: ümumilikdə 21 nəfər. Bu mərhələdə onların jurnalistikaya marağı, ümumi hazırlıqları nəzərdən keçirilib. Hər biri müəyyənləşdirilmiş konkret məqalə ətrafında təhlil aparıb. Mayın 3-dən 10-dək isə bakalavrlar proqram seçimi edəcəklər. İyunun 5-də 44 saylı proqrama əsasən qabiliyyət imtahanının ikinci mərhələsi keçiriləcək. Həmin mərhələdə bakalavrların inşa (esse) yazmaq bacarığı yoxlanılacaq və buna uyğun olaraq yekun qiymətləndirilmə aparılacaq. İnşaya qoyulan tələblər və qiymətləndirilmə meyarları “Magistr” jurnalının 3-cü sayında dərc edilib.
Jurnalistika fakültələrinə istər bakalavr, istərsə də magistr pilləsinə qəbulda qabiliyyət imtahanının tətbiqinin prinsipial əhəmiyyətindən söz açan Ə.Amaşov qeyd edib ki, ümumi biliklərlə yanaşı, jurnalistikada maraq məsələsi önəmlidir. Əvvəllər jurnalistikaya qəbul vahid test sınağı ilə həyata keçirilirdi. Bu zaman sahəyə marağı olmayanlar da topladıqları bal uyğunluğu səbəbindən jurnalistika fakültələrinə düşürdülər. Təcrübə göstərir ki, onların çox az qismi sonradan mediada çalışır. Jurnalistika isə kifayət qədər həssas sahədir. 2013-cü il noyabrın 25-də Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşündə də bu məqam vurğulandı. Dövlətimizin başçısı məsələyə müsbət rəyini açıqladı, qabiliyyət imtahanının tətbiqi ilə bağlı konkret tapşırıqlarını verdi. Bu dəyişiklik sayəsində jurnalistikanı sevən gənclərimizi bu sahəyə cəlb etməyi düşünürük. “Şərt o deyil ki, sayları çox olsun, əsas keyfiyyətdir. Buna görə də qabiliyyət testinin tətbiqi prinsipialdır”, - deyən deputat onu da bildirib ki, may ayında Mətbuat Şurası Dövlət İmtahan Mərkəzinin mütəxəssislərinin iştirakı ilə toplantı keçirməyi nəzərdə tutur. Həmin tədbirdə jurnalistikaya hazırkı prinsipial xətlə qəbul prosesində effektivliyi artırmaq məsələləri müzakirə ediləcək, mövcud istiqamətdə media ictimaiyyətinin və ekspertlərin təklifləri qruplaşdırılacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024