Cəmiyyət (27-04-2016, 17:31)
Təmraz Tağıyevin sədr seçilməsi Nərimanov rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır
Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə təyin olunmuşdur.
Mediatv.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən partiyanın sıralarında öz aktivliyi ilə seçilən YAP Siyasi Şurasının üzvü Təmraz Tağıyev uzun illərdir ki, partiyanın respublikada ilk özək təşkilatı olan Nərimanov rayon təşkilatına rəhbərlik edir. Ümummillli liderimiz Heydər Əliyev ideyalarına sədaqəti, ölkə Prezidenti cənab İlham Əliyevə, dövlətçiliyimizə bağlılığı, gənclər arasında böyük nüfuzu və onlara dəstəyi onun fəaliyyətinin əsasını təşkil edir.
Təmraz Tağıyevin keçdiyi keşməkeşli həyat yolu onu daha da mübariz etmiş, müxalif partiyalarla çəkişmələrdə göstərdiyi prinsipial mövqeyi, haqlı və səmimi çıxışları ictimaiyyət tərəfindən həmişə böyük hörmət və ehtiramla qarşılanmışdır.
Təmraz Tağıyev YAP-dakı fəaliyyəti ilə yanaşı, çiyinlərində həm də Nərimanov Bələdiyyəsinin sədri kimi məsuliyyətli və çətin vəzifənin ağırlığını daşıyır. 2010-cu ildə Nərimanov bələdiyyəsinin sədri seçilmiş YAP Nərimanov Rayon təşkilatının sədri Təmraz Tağıyevin bu quruma rəhbərlik etdiyi ilk gündən Bələdiyyənin fəaliyyəti dirçəlmiş və əldə edilən uğurlar ilbəil yüksəlmişdir.
Yüksək siyasi əqidəsi, təşkilatçılığı və işgüzarlığı ilə həmişə fərqlənən Təmraz Tağıyev harada işləməyindən asılı olmayaraq həm özünə, həm də rəhbərlik etdiyi işçilərə, eləcə də kollektivlərə qarşı tələbkar olmuş, tapşırılmış vəzifələrin həyata keçirilməsinə böyük məsuliyyətlə yanaşmışdır.
Məhz bunların nəticəsində YAP Nərimanov rayon təşkilatının və Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev daha bir etimada layiq görülərək, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 26 aprel 2016-cı il tarixdə keçirilən ümumi yığıncağında yekdil səsvermə ilə Assosiasiyanın sədri vəzifəsinə təyin olunmuşdur. Ona göstərilən bu etimad hamı tərəfindən, xüsusilə də Nərimanov rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış, ürəyincə olmuşdur.
Təmraz müəllimi bu münasibətlə ürəkdən təbrik edir, çətin və məsul vəzifəsində uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, yüksək siyasi biliyə və zəngin təcrübəyə malik olan Təmraz müəllim, digər vəzifələrdə olduğu kimi, bu vəzifənin də öhdəsindən layiqincə gələcək,dövlətimizin tərəqqisi və xalqımızın firavan gələcəyi naminə yeni-yeni nailiyyətlərə imza atacaqdır.