Cəmiyyət (20-04-2016, 10:18)
AQRAR UNİVERSİTETİNDƏ DƏRSLƏR TƏCRÜBƏ SAHƏLƏRİNDƏ KEÇİLİR - FOTOLAR
Artıq Azərbaycan Dövlət Aqrar Universitetində dərslərin təcrübə sahələrində, tarla şəraitində keçirilməsi bir ənənə halını alıb.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən bildirilir ki, tələbələr bu dəfə universitetin təcrübə sahəsində pambıq səpini aparıb. Ağ qızılın öz əvvəlki nüfuzunu yenidən qaytarmaq üçün ölkə başçısı İlham Əliyevin tapşırıqları, pambıqçılıqla məşğul olan fermerlərin həvəsləndirilməsi və pambıq istehsalının stimullaşdırılması məqsədilə atılan addımlar ADAU-nun tələbə-müəllim kollektivini də hərəkətə gətirib. Dövlət Aqrar Universiteti aqranomluq fakültəsinin tələbə və müəllimləri də həmin təşəbbüsə qaşulub, təcrübə sahəsində pambıq səpini həyata keçirib. Burada universitetin alimləri tərəfindən məhsuldar pambıq sortlarının müqayisəli öyrənilməsi və onların mütərəqqi becərilmə texnologiyasının tədqiqi həyata keçirilir. Elmi tədqiqat işinin aparılmasında məqsəd pambığın məhsuldarlığının yüksəldilməsi, əldə olunan uğurlu nəticələrin fermer təsərrüfatları arasında yayılması və ölkədə pambıqçılığın inkişaf etdirilməsidir.
Universitetin aqronomluq fakültəsinin tələbələri tarla-təcrübə işlərində torpağın hazırlanmasından məhsul yığımına qədər olan bütün aqrotexnoloji əməliyyatlarda yaxından iştirak edir və bu da tələbələrin praktik vərdişlərinin artmasına təsir göstərir. Onlar mühazirə və laboratoriya dərslərində əldə etdikləri nəzəri bilikləri bu gün asanlıqla təcrübəyə çevirə bilirlər.
Azərbaycan Dövlət Aqrar Universitetində təcrübə vərdişləri əsasında aparılan tədris metodu, gələcəkdə ölkəmiz üçün peşəkar kadların hazırlanmasına bir stimul verəcək. Artıq universitetdə əksər praktik dərslər bir başa tarlada keçirilir.