Cəmiyyət (13-04-2016, 14:06)
AQRAR UNİVERSİTETİNDƏ YENİ KİTAB TƏQDİMATI KEÇİRİLİB - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetində ekoloq-jurnalist Bəxtiyar Hüseyinovun yeni çapdan çıxan “Azərbaycan təbiəti; dünən, bu gün, sabah” adlı kitabının təqdimatı keçirilib.
Mediatv.az xəbər verir ki, AMEA-nın müxbir üzvü, ADAU-nun rektoru, professor İbrahim Cəfərovun və BDU-nun kafedra müdiri, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qara Mustafayevin elmi redaktoru olduğu kitab dərs vəsaiti kimi qiymətli bir mənbəə olmaqla ulu öndər Heydər Əliyevə və onun həyatı qədər sevdiyi Azərbaycan təbiətinə həsr edilib.
ADAU-nun mətbuat xidmətindən bildirilir ki, Aqranomluq fakültəsində keçirilən təqdimat mərasimində kitabın əhəmiyyətindən danışılıb, gənc ekoloqlar üçün dəyərli bir elmi əsər olduğu vurğulanıb.
Təqdimat mərasimində universitetin rektoru İbrahim Cəfərov deyib ki, 8 fəsildən ibarət olan kitabın hər fəslində təbiətin bir parçası canlandırılıb, bu istiqamətdə görülən işlər, həyata keçirilən strategiyalar araşdırılıb. Ulu öndər Heydər Əliyevin ölkənin təməl planlarını qurarkən ekologiyanı və təbiəti xüsusi olaraq diqqətdə saxlaması, Azərbaycan təbiətinə ciddi önəm verməsi, qəbul edilən ekoloji qanunlar, sərəncam və qərarlar kitabın əsas xəttini təşkil edib.
Ekologiya mühəndisliyi və meşəçilik kafedrasının müdiri Musa Bayramov “Azərbaycan təbiəti; dünən, bu gün, sabah” kitabında dövlətin bu sahədə gördüyü işlərin tədqiq edilməsini, təbiət və ekologiya sahəsində yorulmaz fəaliyyət göstərən və onu həyatının ayrılmaz hissəsi hesab edən alimlərin yaradıcılığına diqqət yetirilməsini vurğulayıb və tələbələr tərəfindən yüksək qiymətləndiriləcəyinə əminliyini ifadə edib.
Təqdimat mərasimində çıxış edən digər müəllim və tələbələr isə bildirib ki, həyat, sağlamlıq mənbəyi hesab edilən təbiətin elmi mənzərəsi bu kitabda çox gözəl verilib. Bu kitab təbiətin əsl loğman olduğunu tam mənası ilə açıb. Hiss edilir ki, müəllif təbii-elmi nəticələri mükəmməl bilir və bundan lazımi qədər bəhrələnə bilib. Eyni zamanda kitabda elmi əsasları olan sağlam tənqidə də geniş yer verilib.
“Azərbaycan təbiəti; dünən, bu gün, sabah” kitabından fəal tələbələrə həddiyyə verilib, 50 ədəd isə dərs vəsaiti kimi universitetin kitabxanasına təqdim edilib