Cəmiyyət (31-03-2016, 11:30)
Əmlak Komitəsi əhaliyə hüquqi məsləhət xidməti yaradıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanda mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunması və qeydiyyat xidmətlərinin daha səmərəli göstərilməsi məqsədilə əhaliyə geniş hüquqi məsləhət xidmətlərinin göstərilməsinə start verib.
Mediatv.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq ölkə vətəndaşları, o cümlədən də mülkiyyət sahibləri daşınmaz əmlakla bağlı hər hansı əməliyyat aparmadan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli ofislərində təmənnasız olaraq göstərilən hüquqi yardımlardan faydalana bilərlər. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirməkdir.
Bu xidmət vətəndaşların əmlakını qeydiyyata aldırması, əmlakın alqı-satqısı, mənzillər, fərdi evlər, həyətyanı, pay və digər torpaq sahələrinə çıxarış və digər arayışların alınması qaydaları barədə hüquqi biliklərin artırılmasını təmin edir. Sözügedən xidmət çərçivəsində istənilən şəxs komitənin ərazi qeydiyyat idarələrinə müraciət edir, burada öz əmlakı, onunla aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və sair xidmətlərlə bağlı suallarını bildirir. Komitənin hüquqşünasları və qeydiyyat ekspertləri bütün bu sualları cavablandırır, məsələnin həlli istiqamətində müvafiq məsləhətlərini verirlər və zəruri hüquqi yardımı göstərirlər. Eyni zamanda hüquqşünaslar müraciət edən şəxsə tələb olunan sənədlərin siyahısını izah etməklə yanaşı, həm də həmin sənədlərin hansı qurumlar tərəfindən verilməsi, əldə edilməsinin qanunla müəyyən edilmiş qaydaları barədə də məsləhətlər verirlər.
"Bununla belə, xidmət mülkiyyət hüquqlarının qorunması ilə bağlı vətəndaşların qarşılaşdığı digər çətinliklərin də aradan qalxmasına zəmin yaradacaq. Bu yenilik əmlak qanunvericiliyi ilə bağlı ictimai maariflənmənin genişlənməsinə səbəb olmaqla yanaşı, əmlakın qeydiyyatını da sürətləndirəcək. Bundan başqa, mülkiyyət mənafelərinin qorunmasında ictimai məmnunluğun artmasına, daşınmaz əmlak bazarında aktivliyə səbəb olacaq", - deyə Komitədən bildirilib.