Cəmiyyət / Slayd (12-03-2016, 15:15)
ELMAN RÜSTƏMOVUN İŞİNƏ ALİ MƏHKƏMƏDƏ BAXILACAQ – Avstriya prokurorluğundan xəbər var
Avstriyada Azərbaycan manatının çapı ilə bağlı korrupsiya qalmaqalı yenidən gündəmə gəlib.
Mediatv.az xəbər verir ki, söhbət manatın çapının məhz Avstriya şirkətinə həvalə olunması üçün Azərbaycan Mərkəzi Bankının rəhbər şəxslərilə korrupsiya razılaşmasına dair cinayət işindən gedir.
Avstriya Mərkəzi Bankının sədr müavini, 64 yaşlı Volfanq Duçazek, bankın pul əskinaslarının çapına məsul törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da daxil olmaqla, ümumilikdə 9 nəfərin ittiham olunduğu iş üzrə Vyana məhkəməsi bir müddət əvvəl qərar versə də, nəticə prokurorluğu qane etməyib. Prokurorluq bu cinayət işinin ölkənin Ali Məhkəməsində araşdırılmasını istəyir. Ona görə də bu instansiyaya müraciət edib.
Bu barədə Avstriyanın “Der Standart” qəzeti məlumat yayıb.
Cinayət işinin materiallarına əsasən, “OeBS” şirkəti əskinasların çapı ilə bağlı Azərbaycan və Suriya ilə müqavilə bağlayarkən bu ölkələrin Mərkəzi banklarının rəhbərlərilə korrupsiya razılaşmasına gediblər. Razılaşmaya əsasən, pul çapı üçün müqavilədə göstərilən məbləğin bir hissəsi sonradan həmin şəxslərin özlərinə qaytarılıb.
İş materiallarında göstərilib ki, 2005-2011-ci illərdə Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14 faizi, Azərbaycana isə 20 faizi qaytarılıb.
Bağlanmış müqavilələrdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov və onun müavini Abdulla Məlikaslanovun imzaları olduğu bildirilir.
Qeyd edək ki, bu cinayət işinə Vyanada birinci instansiya məhkəməsində baxılarkən təqsirləndirilən avstriyalılar Azərbaycan tərəfdən bu cinayətin iştirakçılarının adını məhkəmədə çəkməkdən qorxduqlarını bildirmişdilər.
Məhkəmədəki ifadələrdən o da məlum olmuşdu ki, müqavilədəki vəsaitin bir hissəsi offşor hesablara köçürülməklə, qalanı da nəğd şəkildə kisələrə doldurulub Bakıya yola salınmaqla qaytarılıb.(azadlıq.info)