Cəmiyyət (11-03-2016, 23:17)
GENERALIN EVİNDƏN NƏ QƏDƏR PUL APARILIB? – Yeni məlumatlar
Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin mənzilindən (İzzət Həmidov küçəsi ev 7, mənzil 8) 50 min manat və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb
Mediatv.az xəbər verir ki, bu məsələdə generalın evində qulluqçu işləyən Sədaqət Məmmədova ittiham olunur. Məsələ ilə bağlı istintaqa cəlb olunan S.Məmmədova guya mənzildən oğurlanan pulu və zinət əşyalarını götürdüyünü etiraf edib.
Qambay Əliyev anası Böyükxanım Əkbərova ilə bir evdə yaşayır. Məhz bu üzdən də cinayət işində generalın deyil, anasının adı keçir.
Məsələ ilə bağlı Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsi, ev 20-də yaşayan Sədaqət Məmmədova “aznews.az”-a açıqlamasında həmin mənzildə qulluqçu işlədiyini təsdiqləyib:“Ev çox gəlişli-gedişlidir. Sentyabrın 13-də dedilər ki, mənzildən oğurluq olub, 50 min pul və 100 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Ev sahibi Böyükxanın Əkbərova məndən şikayət etməyib, sadəcə evindən oğurluq edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Amma polislər şübhəli şəxs kimi məni aparıb 5 ay içəridə saxladılar. Mən neynəmişəm ki?Məhkəmə oldu, heç nəyi sübut edə bilmədilər. Odur ki, məni ev dustaqlığına buraxdılar. Hazırda ev dustağıyam”.
S.Məmmədova qeyd edib ki, Q.Əliyev həmin mənzildə anası ilə birgə yaşayır: “Amma onlar bu işdə Qumbay müəllimi həmin evdə yaşamayan şəxs kimi qələmə verdilər, özləri gizlətdilər. Halbuki onun anası ilə yaşadığını bütün qonşular təsdiq edir. Mən bu işlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdim. Hələ ki, baxan yoxdur”.
S.Məmmədova vurğulayıb ki, o, əvvəllər Q.Əliyevin idarəsində işləyib: “Təmiz adam kimi məni seçdilər, dedilər anasına mən baxım. Evində kamera vardı. Amma oğurluq zamanı məlum oldu ki, kameralar işləmir. Əvvəl dedilər evdən 300 minlik qızıl-zinət əşyaları oğurlanıb. Sonra isə bilmirəm adlarından qorxdular, ya necə dedilər ki, 50 min pul, 100 min isə qızıl-zinət əşyası oğurlanıb”.
Məsələ ilə bağlı “aznews.az”-ın əməkdaşı generalın özüylə əlaqə saxlayıb. O, suala cavab verməyib.