Cəmiyyət (10-02-2016, 13:51)
Kollec direktorunun «borc dəftəri»
Həmzə Zayidov tələbələrdən pul almaq üçün əksər yollara baş vurub
Mediatv.az xəbər verir ki, Azərbaycanın təhsil sistemində yaşanan bibarıçılıqlar artıq əndazələrini aşaraq, daha dəhşətli vəziyyətin yaranmasına səbəb olub. JAM.AZ bildirir ki, Misir Mərdanovun təhsil naziri olduğu dönəmlərdə belə halların yaşanması bir o qədər diqqəti çəkməsi fonunda Mikayıl Cabbarovun tam tərsi olduğu aydınlaşır.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən Maliyyə İqtisad Kollecinin bir qrup tələbəsi maraqlı bir şikayətlə çıxış ediblər. Onlar bildirirlər ki, bu kollecdə mühasibat uçotu, maliyyə işi, bank işi, vergi və vergitutma, sığorta, Statistika, Gömrük işi ixtisasları üzrə 1500 tələbə təhsil alır. Onların 1000 nəfəri əyani, 500 nəfəri isə qiyabi şöbədə təhsil alırlar.
JAM.AZ-a daxil olan məlumatlarda vurğulanır ki, Maliyyə İqtisad Kollecində hazırda 130 müəllim çalışır. «Kollecin şöbə müdiri Mehriban Məmmədova rəhbərliyin təlimatlarına istinad edərək, hazırlıq səviyyəsindən asılı olmayaraq bütün tələbələrdən hər imtahana görə 50 manat pul tələb edir».
Qeyd edək ki, kollecin dirktoru Həmzə Ziyadov təhsil ocağında bazar açmaqla yanaşı, həm də qəribə vasitələrdən yararlanıb. Məsələn, Ziyadov tələbələri qış imtahan sessiyasında yetərli qədər incidib. «Son imtahanlar zamanı hər bir tələbədən 400 manat pul alınıb. 8 imtahan verən tələbələr hər bir imtahana görə 50 manat ödəyiblər və bu ödəniş məcburi xarakter dayşıyıb. İmtahan pulunu əvvəlcədən verməyən tələbələrə isə kollec direktorunun müavini Fəxrəddin Həsənov bildirib ki, əvvəlcədən ödəniş etməyən tələbələrin imtahanlardan hətta kafi qiymət almaları belə imkansızdır və bu barədə direktor Həmzə Ziyadovun birbaşa tapşırığı var».
Həmçinin məlumatlarda bildirilir ki, kollecdə yığılan pullar şöbə müdirləri tərəfindən toplanaraq Fəxrəddin Həsənova təslim edilir. «Yalnız bundan sonra cəmlənən məbləğ artıq direktora çatdırılır».
JAM.AZ-a daxil olan məlumatda o da qeyd edilir ki, şöbə müdiri Mehriban Məmmədovanın bəzi imkansız tələbələrə qarşı “ürəyiyananlıq” nümayiş etdirib. «Belə ki, həmin məlumata görə şöbə müdiri tələbələr üçün “borc dəftəri” tərtib edib. İmtahan pulunu əvvəlcədən verə bilməyən tələbələrin adları həmin dəftərə yazılır və hər bir adın qarşısına müddət qoyulur. Tələbələrə isə bildirilir ki, pulu qeyd olunan müddətdə çatdırmayanlar kollecdən qovulacaqlar».
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.