Cəmiyyət (18-01-2016, 17:10)
«Müstəntiq prokurordan xəbərsiz qərar qəbul edə bilərdimi?» - Eldar Sabiroğlu
Tanınmış YAP-çı, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun hazırki vəziyyəti barəsində danışıb. Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi olan R.Səfərov rüşvət alma ittihamı ilə bugünlərdə həbs olunub.
Mediatv.az xəbər verir ki, E.Sabiroğlu deyir ki, oğlu hal-hazırda Kürdəxanı təcridxanasındadır, vəkili onunla görüşüb, vəziyyəti normaldır, heç bir şikayəti yoxdur. “Yenə bir valideyn kimi fikrimin üzərində dayanıram. Rüfətin barəsində qaldırılmış cinayət işi qeyri-qanunidir. Təxminən iki il əvvəlki hansısa fakta istinad edilərək cinayət məsulyyətinə cəlb olunmuş Rüfət Səfərov 5-7 dəqiqəlik məhkəmə qərarı ilə həbsxanaya göndərildi. Nədənsə, il yarımdan sonra yada düşən bu məsələ oğlum Rüfətin istefasından sonra hərəkətə gətirilmişdir. Bunun özü göstərir ki, onun həbsi barədə korrupsiya ilə mübarizə baş idarəsinin seçmiş olduğu qərar hüquqi nəticə etibari ilə ədalətli deyil. Dəlil-sübut olmadan, öyrədilmiş şəxsləri üzünə durdurmaqla aparılan istintaq əməliyyatına təəccüb edirəm”.
E.Sabiroğlu deyil ki, o qədər də böyük rayon olmaya Zərdabda Rüfətin rüşvət aldığı tez bir zamanda yayılmalı idi. “Şübhəsiz ki, rayon prokuroru da bundan xəbərdar olardı. Belədə prokuror öz səlahiyyəti çərçivəsində qərarı ləğv edərək, yenidən istintaq araşdırmasına qaytarmalı idi. Göründüyü kimi, bu baş verməyib. Deməli Rüfət qərarı düzgün qəbul etdiyindən prokuror da onu təsdiq edib. Digər yandan, belə bir sual diqqəti cəlb edir: Müstəntiqlərin prokurorsuz hər hansı bir qərarı müstəqil qəbul etmək səlahiyyətləri ümumiyyətlə mümkündürmü? Çox istərdim ki, hörmətli rayon prokuroru bu suala bir aydınlıq gətirsin”.
Sabah R.Səfərovun vəkili Bəhruz Bayramov təcridxanada onunla görüşəcək. “Rüfətə səbr və dözüm arzulayıram. İnanıram ki, dövlət başçımız İlham Əliyev ailəmizə bu məsələdə öz köməkliyini əsirgəməyəcək”.