Cəmiyyət / Slayd (15-01-2016, 13:15)
Saatlıda qarət: Maliyyə İdarəsi rəisinin müdhiş talançılığı
Saatlıda Maliyyə İdarəsinin rəisi Namiq Bağırov haqda şikayətlər var.
Mediatv.az xəbər verir ki, TİA.AZ-a daxil olan məlumata görə, idarə rəisi tenderlərdə özünə yaxın şirkəti qalib elan edərək büdcə pullarını çırpışdırır.
N.Bağırovun Saatlıda abadlıq işləri üçün ayrılan vəsaitlərin xərclənməsində yol verdiyi maxinasiyalar Maliyyə Nazirliyinə məruzə olunub.
Nazir Samir Şərifova ünvanlanan müraciətlərdə Saatlıdakı idarədə yoxlamalar aparılması və Hesablama Palatasının qurumun fəaliyyətini yoxlaması istənilir.
N.Bağırovun tenderdə qalib gələn MMC-lər hesabına varlanması, Bakıda malikanələrə sahiblənməsi, biznes əlaqələrini genişləndirərək marketlər açması xüsusi qeyd olunub. Hətta maliyyə idarəsinin rəisi gözəllik salonlarını da istifadəyə verib. Saatlıda isə ferması fəaliyyətdədir. Fermada 200 baş iribuynuzlu heyvan, 200 ədəd isə qoyun saxlanır.
Məlumatda bildirilir ki, idarə rəisi uşaq baxçalarının ərzaq pullarını mənimsəyib. O, saxta invertar və yumşaq material qaimələri hesabına körpələrin ərzağını talan edib. Beləliklə, dövlət pulları sayəsində tezliklə biznes imkanlarını artıran N.Bağırov dünənə kimi öz himayəçisinə arxalanıb. Məktub göndərən müəllif qeyd edib ki, idarə rəisi MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yaxın kadr olub. MTN şefinin vəzifədə olduğu dövrdə onun “qılıncının dalı və qabağı”na çıxan olmayıb.
Mahmudova güvənən Bağırov indi himayədarını itirib. Onunla bağlı nazirliyə ünvanlanan müraciətlərin araşdırılacağı gözlənilir. TİA.AZ olaraq qarşı tərəfin mövqeyini çap etməyə hazırıq.